Şuşanın ən gözəl qızından sınıq-salxaq xatirələr
Bizi izləyin

Qırmızı.az

Şuşanın ən gözəl qızından sınıq-salxaq xatirələr

Şuşanın ən gözəl qızından sınıq-salxaq xatirələr

Doğma yurd xatirələrdə bəzən bir küçədən, bir həyətdən, hətta bir insandan da ibarət olur. Bu, bizim o yerlərdə nə qədər qalmağımıza və oraları hansı yaşda tərk etməyimizə bağlıdır. Şuşaya sonuncu səfərimizdə özümü çətinliklə xatırlaya biləcək yaşdaydım. O şəhər yaddaşımda öz taleyi kimi dumanlı qalmaqdadır. Şuşa sanki bir gecəlik yuxuydu...

Bir gecəyə cəmləşən, amma bir kitablıq yuxu...

Bir küçə

Uşaqların boyu balaca olduğundan yerlə daha çox maraqlanırlar. Quma-torpağa, böcəklərə daha yaxın olurlar. Oynamağa dost tapmayanda uçan yay böcəyinin ayağına sap bağlayıb onu təyyarə kimi uçurduğum da olub. Ümumiyyətlə, uşaqlar böyüklərə gərəksiz görünən ən xırda nüanslara da fikir verirlər. Qəribədir ki, bu detallar yaddaşlarda ömrün sonunadək qalır. Şuşada yumru daşlardan salınan enişli-yoxuşlu küçəni indi çox aydın xatırlayıram və dəqiq yadımdadır ki, onda yay fəsliydi. Hardasa yuxarı başdan tökülən suyun küçə boyu qabarıq daşların dairəsini bir-bir qucaqlaya-qucaqlaya üzüaşağı axması diqqətimi çəkmişdi. O suyun sürətiylə addımlamaq istəyirdim ki, anam qolumu dartıb çəmkirdi: “Dayan, əlimi hara buraxırsan?! Burda qonağıq, başa düşürsən? İtsən, səni hardan axtarıb tapacağam? Qorxmursan?!”...

O cümlələr məni o vaxt belə ağrıtmamışdı. Nə deyim... Qorxuram, ana, çox qorxuram... Əlim yana-yana yazıram: haqlıymışsan, biz orda doğrudan da qonaq imişik. İndi orda olsaydıq... o əziz məmləkətdə gerçəkdən qonaq olardıq... Bu yaşımda da qorxu içində hər iki əlimlə yapışardım qolundan...

Bir həyət

Evimiz Ağadədəli məhəlləsində yerləşirdi. Pəncərələrimiz Cıdır düzünə baxırdı. Orda yaşamırdıq deyə, evimizi başqa ailələrə vermişdik ki, yığışıb rahat yaşasınlar. Üç mərtəbəli, göy rəngdə bir ev idi. Həyətində böyük tut ağacı vardı. Xeyli atlarımız vardı.

Anam deyir ki, bir dəfə atam Şuşuya gedəndə evimizə baş çəkmək istəməyib, eləcə yüksəklidən düz həyətimizə baxıb saatlarla ağlayıbmış. Atamın bütün uşaqlığı o evdə naz-nemət içində keçib. Evdə təşkil etdikləri qonaqlıqlarda “Xan əmi” deyə çağırdıqları Xan Şuşinski oxuyub. Şuşa bəylərinin arasında böyüyən atam sonradan bir dəfə də olsun yanımızda bəxtindən gileylənməzdi. O, mənim həyatda tanıdığım ən güclü, ən gözü tox insan olub. Heç vaxt uşaqlığı haqda kimsəyə danışmazdı. Həmişə başqalarından eşidərdik, başqaları açardı söhbəti. Başqaları təsvir edərdi onun keçmişini. Anamdan daha çox onlardan duyurduq atamın Şuşadakı həyatını. Anama da bu barədə az danışardı...

O göy evin də öz tarixçəsi olub. Gözəl, təsirli bir tarixçə. Oturub yazsam, bu, əsl sevgi hekayəsidir. Bəlkə də haçansa o hadisələri olduğu kimi yazacağam. Amma haçansa...

Bir insan

Şuşada qaldığımız qohumun evində yaşca hamı məndən böyük idi. Böyüklər həyətdə oturub söhbətləşirdilər. Yadıma gəlir ki, qonşuluqdakı bir qız məni görüb həyətə girdi. Oynamağa çağırdı məni. Küçəyə çıxdım. Xeyli uşaq toplaşmışdı doqqaza. Oğlanlar “dava-dava” oynayırdılar. Elə qızlar da qarışmışdı onlara. Bir oğlanın əlində məftildən düzəldilmiş avtomat vardı. Çox xoşum gəlmişdi ondan. Oğlandan deyil, oyuncaqdan... Alıb qonşu qızla bir az oynatdım. Mən oynadığım müddətdə o, tələm-tələsik həmin oyuncaqdan bir az qıvrağını da mənim üçün düzəltdi. Bu vaxt onun özündən də xoşum gəldi... :) Düz-əməlli danışa da bilmirdik, çox balacaydıq. Eləcə “sağ ol!” deyib qaçdım həyətə. Qorxurdum ki, sonra fikrini dəyişib verdiyi oyuncağı əlimdən alar...

Son illər tez-tez onun haqqında düşünürəm. Görəsən, mənə avtomat bağışlayan o oğlan indi sağdırmı? Görəsən, o küçədə mənimlə “dava-dava” oynayan neçə dostum həyatdadır?..

Necə aciz olduğumu dərk edirəm...

Məhz bu səhnələri xatırlamağım da qəribədir. Bəlkə də elə həyatın sirləri uşaqlıqdan yaddışımızda ələnib-qalan anlarda kodlaşdırılıb...

Şuşa indi...

Məndən soruşsanız, dünyanın ən uzaq şəhəridir Şuşa. Elə bir şəhər ki, Yer kürəsini dəfələrlə fırlansam belə, ona çatmağım... Ona çatmamağımın əzabı, üzüntüsü, hüznü var içimdə. Sanki dörd okean bir-birinə qovuşub, altı materik əl-ələ verib dayanıb Şuşa ilə mənim aramda...

Məndən soruşsanız, kassada satılan ən bahalı biletdir Şuşa. Hərdən mənə elə gəlir, o bileti almağa pulum çatmır... Mən küçələrdə üstünə qəzet sərib yatan yoxsul-sərgərdan dilənçiyəm sanki... Əlimdəki, cibimdəki, evimdəki pullar da o dilənçinin üstündəki ötən ayın rəngi saralmış qəzet parçalarından başqa bir şey deyil...

Məndən soruşsanız, Şuşaya gedən yol həm də bir göz qırpımındadır. Gözlərimi yumub yenə o daş küçələrdə gəzib, tində uşaqlarla “dava-dava” oynayıram...

Mən o daş küçələrin üstündə hələ də uşağam, anasının köməyinə möhtac Könüləm...

Könül Həsənqulu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm