Elşad Abdullayev Bakıdakı məhkəməni uddu
Bizi izləyin

Qırmızı.az

Elşad Abdullayev Bakıdakı məhkəməni uddu

Bakıda Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru, hazırda Fransada yaşayan Elşad Abdullayevin mülki iddiası üzrə məhkəmə prosesləri keçirilib.

“Qafqazinfo”nun məlumatına görə, E.Abdullayev sonuncu məhkəmədə qalib gəlib.

Belə ki, sabiq rektor Sabir Cəfərov adlı şəxsə qarşı mülkiyyət hüququnun tanınması barədə iddia qaldırıb. Elşad Abdullayevi məhkəmə işlərində Bakıdakı vəkili təmsil edib. Həmin vəkil işləri sabiq ABU rektorunun Azərbaycandakı hüquqi nümayəndəsinin verdiyi etibarnamə ilə həyata keçirib.

Yasamal Rayon Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi E.Abdullayevin iddiasını təmin etməyib. Bu dəfə E.Abdullayevin vəkili Azərbaycan Ali Məhkəməsinə müraciət edib. Məhkəmə iddianı təmin edərək işi yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərib.

E.Abdullayevin mülkiyyət hüququnun tanınması iddiasını sürdüyü mənzil hazırda sabiq rektorun qohumlarındadır. Lakin E.Abdullayev mənzilin mülkiyyət hüququnun tanınmasını, sadə dildə desək, evin öz adında olmasını istəyir.

Sabiq rektor iş üzrə üçüncü tərəf qismində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsini göstərib.

Qeyd edək ki, Elşad Abdullayev 25 sentyabr 2012-ci il tarixdən etibarən Azərbaycan Respublikasının müxtəlif vəzifəli şəxslərlə görüşlərində gizli yolla çəkilmiş videoları internetdə yayımlamağa başlayıb. Həmin videoların bəziləri üzrə cinayət işləri açılıb, müxtəlif şəxslər həbs edilib və ya tutduğu vəzifədən azad edilib.

E.Abdullayevin özünə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu (cinayət etməyə cəhd) və 312.2-ci (Vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə cinayət işi açılıb. Lakin sabiq rektor Azərbaycana gəlmədiyindən onu istintaqa cəlb etmək mümkün olmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm