İnstitut direktorundan Həbib Zərbəliyevə CAVAB
Bizi izləyin

Qırmızı.az

İnstitut direktorundan Həbib Zərbəliyevə CAVAB

“İki gün bundan əvvəl şöbə müdirinin hesabatını müzakirə etdik və onun işləri bizə yarıtmaz gəldi, hazırda bütün institut bu işlə məşğuldur, 5 aydır bizi ümidli edib, nəticə də yoxdur”.

Bu sözləri Dilçilik İnstitutunun direktoru, professor Tofiq Hacıyev publika.az-a açıqlamasında bildirib.

Qeyd edək ki, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın İşçi Qrupunun sədrinin müavini, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İctimai və humanitar elmlər bölməsinin əməkdaşı, Dilçilik İnstitutunun monitorinq şöbəsinin müdiri Həbib Zərbəliyevə bu iş həvalə edilib.

Tofiq Hacıyev məhz Həbib Zərbəliyevin fəaliyyətinin yartımaz olduğunu bildirir.

Həbib Zərbəliyev isə mətbuata açıqlamasında deyib ki, bu qərar institutda yaranan açıq düşmənçilik şəraiti ilə əlaqədardır. O, bildirib ki, ona qarşı düşmənçilik mövqeyinə görə, işindən öz ərizəsi ilə gedib:

“Ərizəmi yazıb rəhbərliyə təqdim etmişəm. Düzünü demək bir çoxlarının xoşuna gəlmir və həmin adamlar həmişə sıxışdırılır. "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nı guya yerimə yetirmədiyimə görə mənə haqsız töhmət elan olunub. Halbuki bu istiqamətdə kifayət qədər çox iş görmüşəm. Mən də buna etiraz əlaməti olaraq işdən getməyi qərara almışam. Əslində, dövlət proqramının icrası ilə bağlı məndən başqa işləyən yoxdur. Onlar da gözlərini bağlayıb, görmək istəmirlər. Mən istəyirdim ki, dövlət proqramının icrasına kömək edim. Əgər bunu istəmirlərsə, onda etmərik. İşdən çıxmağımla bağlı təqdim etdiyim ərizədə Nəsimi adına Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Hacıyevin və müavini Məhəbbət Mirzəliyevanın mənə qarşı artıq düşmənçiliyə çevirdikləri qərəzli münasibətin nəticəsi kimi elan edilən xəbərdarlıq və şiddətli töhmətə etiraz olaraq, bu düşmənçiliyi daha da dərinləşdirməkdə qərarlı olduğunu nəzərə alaraq tutduğum vəzifədən azad edilməyimi xahiş etmişəm. Qarşı tərəf hazırlaşmışdı ki, işi yerimə yetirmədiyimə görə məni işdən azad etsinlər. Amma tam əksini gördülər. Mən isə buna şərait yaratmadım və öz ərizəmlə işdən getdim. Artıq mənim yerimə adam da hazırlanıb. Bundan sonrakı fəaliyyətimə gəlincə, pedaqoq kimi işimi davam etdirəcəyəm”.

Həbib Zərbəliyevin iddialarına Tofiq Hacıyev telefon vasitəsilə cavab vermək istəmədiyini bildirdi: “Buyurun, gəlin, akademiyaya”. (Tofiq Hacıyevlə müsahibəni gün ərzində təqdim edəcəyik-red.) Dövlət Proqramının bundan sonrakı icrasına gəlincə, Tofiq Hacıyev bildirdi ki, orada elə məsələlər var ki, cari ildə, elələri isə 2020-ci ilədək başa çatmalıdır:

“Odur ki, proqram bir daha diqqətlə nəzərdən keçirlib, bu işlərin ardıcıl həyata keçirilməsi üçün bundan sonra qərarlar veriləcək. Azərbaycan türkcəsi ilə bağlı elə məsələlər var ki, ömürboyu nəzarətdə olmalıdır”.

Qeyd edək ki, Dilçilik İnstitutunun keçmiş rəhbəri, professor Fəxrəddin Veysəlli sözügedən proqramın icrası üçün “Müasir Azərbaycan dilində gedən proseslər şöbəsi”ni yaradılmasını təklif etmişdi. Təklif olunan şöbənin strukturunda, Dövlət Proqramında nəzərdə tutulduğu kimi, kütləvi informasiya vasitələrində, küçə adları, afişa və reklamlarda Azərbaycan dilinin normalarının pozulması hallarını müəyyən etmək və müvafiq tədbirlər görmək məqsədilə monitorinq sektorunun yaradılması nəzərdə tutulurdu. Şöbənin ötən ilin sentyabrından fəaliyyətə başlayacağı gözləniridi. Lakin bu şöbənin fəaliyyəti barədə də mətbuata sonradan heç bir məlumat verilmədi.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm