Qırmızı.az
“Bizə saxta təbəssümlər lazım deyil” - Ramiz Mehdiyev (TAM MƏTN)
İyirmi ildən artıqdır ki, bu məsələlər, o cümlədən elə
Morninqstarın ölkəsinin təqsiri üzündən öz həllini
tapmır.
Publika.az AzərTAc-a istinadən Prezidenti Administrasiyasının
rəhbəri, akademik Ramiz Mehdiyevin ABŞ səfirini sərt ittiham edən
müsahibəsinin tam mətnini təqdim edir:
- İcazə verin, ilk növbədə, müsahibə üçün sizə təşəkkür
edək. ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Riçard
Morninqstar bu günlərdə “Azadlıq” radiosunun müxbirinə müsahibə
vermişdir. Bu müsahibə Azərbaycan cəmiyyətində anlaşılmazlıq
yaratmışdır. Politoloqlar, ekspertlər, deputatlar, sıravi
vətəndaşlar həmin müsahibəyə mənfi münasibət bildirmiş və onu
diplomat üçün rəva görülməyən tonun təzahürü kimi
qiymətləndirmişlər. Müsahibəni Prezident Administrasiyasının
nümayəndələri də şərh etmişlər. Bu barədə sizinlə daha ətraflı
söhbət etmək istərdik. Siz ABŞ səfirinin bu müsahibəsini Birləşmiş
Ştatlar ilə Azərbaycan arasında qarşılıqlı münasibətlər
kontekstində bütövlükdə necə qiymətləndirirsiniz?
- Mən, ilk növbədə, səfir Morninqstarın həmin müsahibədə ifadə
olunmuş mövqeyinə münasibət bildirməyi zəruri hesab etmiş
insanların hamısına təşəkkür etmək istərdim. Bu, bizim insanların
əsl vətəndaşlıq mövqeyidir.
Doğrudan da dünyada, o cümlədən postsovet məkanında da bir çox
cəhətdən məhz Qərbin təqsiri üzündən kəskinləşmiş geosiyasi
proseslər fonunda ABŞ səfirinin qərəzli müsahibəsi ən azı heyrət
doğurur. Hər halda onu belə bir müsahibə verməyə və diplomatik
etiket baxımından bu qədər qeyri-korrekt fikirlər söyləməyə hansı
motivlərin və səbəblərin sövq etdiyini deməyə çətinlik çəkirəm. Bu,
ölkənin daxili işlərinə açıq-aydın və kobudcasına müdaxilə
deməkdir. İstənilən halda buna haqq qazandırmaq mümkün deyil və ola
da bilməz. Bir daha vurğulamaq istəyirəm ki, səfirin söylədiyi
fikir mahiyyət etibarilə onun olduğu ölkənin daxili işlərinə açıq
və bilavasitə müdaxilədir. Bu isə Diplomatik əlaqələr haqqında
Vyana Konvensiyasına görə yolverilməzdir. Üstəlik, həmin
müsahibənin tonu öz baxışlarını müstəqil dövlətə diktə etmək və
qəbul etdirmək cəhdini xatırladır.
Səfir Morninqstar unutmamalıdır ki, Azərbaycan heç kimin
müstəmləkəsi deyil, müstəqil dövlətdir. Morninqstar ABŞ-ın səfiri
kimi çalışdığı ölkənin suverenliyinə hörmətlə yanaşmağa sadəcə
borcludur. Yeri gəlmişkən, bu sözlər bəzi Qərb ölkələrinin
səfirlərinə də birbaşa aiddir, onlar ABŞ səfirindən nümunə
götürərək onun kimi hərəkət etməyə çalışırlar. Biz Azərbaycana
hörmətsiz münasibətə dözmək niyyətində deyilik.
Azərbaycan Prezidenti cənab İlham Əliyev dəfələrlə demişdir ki, o,
istər Azərbaycana, istərsə də onun xalqına etinasız və hörmətsiz
münasibətə dözməyəcək və buna yol verməyəcəkdir. Hesab edirəm ki,
bizim amerikalı həmkarlar ölkəmizin rəhbərliyinin mövqeyini yaxşı
bilirlər. Lakin əgər ABŞ səfiri heç nəyə məhəl qoymadan
Azərbaycanın ünvanına bu cür kobud hücumlar etməyi özünə rəva
görürsə, deməli, onun statusu ilə bağlı ciddi problemləri vardır.
Təəssüf ki, səfir Morninqstarın diplomat üçün yolverilməz formada
bizə diktə etməyə, ölkəmizin daxili işlərinə qarışmağa cəhd etməsi
birinci dəfə deyildir. Bu, onun diplomat kimi peşəkarlığını çox
böyük sual altına qoyur. Səfirin Azərbaycanın qonşuları barədə
söylədiklərində daha bir mühüm fakt diqqəti cəlb edir. Bu cür
bəyanatlar sırf təhrikçilikdən başqa bir şey deyildir. Azərbaycan
üçüncü qüvvələrin arzularından asılı olmayaraq, öz qonşuları ilə
mehriban qonşuluq münasibətləri saxlayır və həmişə saxlayacaqdır.
İndiki dövrdə dünyada yaranmış vəziyyət bizim fəaliyyətimizin
düzgün və səmərəli olduğunu növbəti dəfə sübut edir.
Bu müsahibənin kontekstindən çıxış edərək deyə bilərəm ki, səfir
əndazəni aşmışdır. O, özünü Azərbaycanda qaraqışqırıq salmaqla
hökmranlıq edən bir qubernator zənn etmişdir. Səfirin özünə
güvənməsi elə özünə qarşı çevrilmişdir. Çoxsaylı görkəmli
ekspertlər, o cümlədən amerikalı ekspertlər hesab edirlər ki,
Vaşinqtonun indiki xarici siyasətində böhran elementləri göz
qabağındadır. ABŞ dövlət katibi cənab C.Kerrinin bu sahədə
konseptual dəyişikliklərin zəruri olması barədə bəyanatı da bu
fikri təsdiqləyir. Görünür, Morninqstar dünyada yeni siyasi
meyilləri sezməmişdir. Aşkardır ki, səfir Morninqstarın və onun
fəaliyyətinə bilavasitə rəhbərlik edənlərin dünyagörüşü keçmişdə
ilişib qalmışdır və müasir dövrün tələblərinə ziddir. Çoxqütblü
dünya müstəmləkəçilik təfəkküründən imtina etməyə çağırır.
- Gəlin, söhbətimizi daha konkret şəkildə davam etdirək.
Səfirin belə bir fikrindən başlayaq ki, guya Azərbaycanın
müstəqilliyinin qarantları məhz ABŞ və Avropa İttifaqıdır. Guya
əgər sabah ABŞ “qapını çırparaq” Azərbaycandan çıxıb getsə, bizim
işlərimiz pis olacaqdır. Səfir Azərbaycanın suverenliyi üçün
təhdidlər kimi qonşularımızı göstərir, Rusiyanı xüsusi vurğulamağa
çalışır. Bu fikir real vəziyyətə nə dərəcədə uyğundur?
- Heç kəs unutmamalıdır ki, Konstitusiyaya uyğun olaraq ölkəmizin
müstəqilliyinin qarantı Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevdir. Heç bir kənar qüvvə heç vaxt bizim
müstəqilliyimizin qarantı kimi çıxış etməmişdir, etmir və edə
bilməz. Qoy, Morninqstar bizim üçün heç fikir çəkməsin,
Azərbaycanın indiki inkişaf səviyyəsi, iqtisadiyyatın artımı və
dövlətçilik təsisatlarının möhkəmlənməsi bizə xalqın dəstəyinə
güvənərək ölkənin müstəqilliyini müdafiə etmək imkanı verir.
Dövlətlərin müstəqilliyinə təhdidlər həmişə dünyanı təkbaşına idarə
edənlərdən yaranmışdır. Bu gün vəziyyət başqadır.
Sizin sualınızın ikinci hissəsinə gəldikdə isə məlum həqiqəti
xatırlatmaq istəyirəm – diplomatların vəzifəsi qapıları açmaqdır,
onu arxasınca çırpmaq deyildir. Bunu hər kəs edə bilər, lakin əgər
sizə diplomat missiyası həvalə edilmişdirsə, zəhmət çəkin, bu
missiyanı məsuliyyətlə və vicdanla yerinə yetirin. Regiondan çıxıb
getmək və təhrikçi fikirlər söyləməklə Azərbaycanı şantaj etmək
lazım deyil. Şantaj, hədə-qorxu dili ilə etimad və rəğbət qazanmaq
mümkün deyil. Yaxşısı budur, münasibətlər bərabərhüquqlu əsasda
qurulsun və dövlət müstəqilliyini boğmaq siyasətinə ümid
bəslənməsin.
Morninqstarın sözlərinə görə o, Prezident İlham Əliyevlə artıq 19
ildir ki, tanışdır. Lakin görünür, bu müddətdə səfir bir həqiqəti
dərk etməmişdir ki, Azərbaycan lideri yüksək tonla danışmağı,
hədələri və şantajı qəbul etmir. Yoxsa Morninqstar Azərbaycanda
vəziyyət barədə qeyri-korrekt fikirlər söyləməyi özünə rəva
görməzdi. Biz yalnız bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan
dialoq aparmaq əzmindəyik və buna hazırıq, dövlətlərarası
münasibətlərin başqa formaları bizim üçün qəbuledilməzdir. Mən
şübhə etmirəm ki, Vaşinqtonda Azərbaycanla bağlı siyasəti sağlam
düşüncəli və təcrübəli siyasətçilər müəyyən edir. Onlar çox gözəl
başa düşürlər ki, Azərbaycandan getmək onlara hansı geosiyasi
qiymətə başa gələcəkdir. Avropa İttifaqı ölkələrində də bunu yaxşı
başa düşürlər. Beynəlxalq məsələlərin mövcud vəziyyətini nəzərə
alsaq, ABŞ səfirinin mövqeyi olduqca qeyri-ciddi səslənir. Mən
güman etmirəm ki, ABŞ özünün çoxdanışan səfirinin məsuliyyətsiz
bəyanatları ucbatından Avropanın enerji təhlükəsizliyi məsələsində
mühüm rol oynayan Azərbaycan ilə münasibətləri korlayacaqdır.
Razılaşın ki, ABŞ diplomatiyasının ənənəvi praqmatizmi buna imkan
verməz. Morninqstara gəldikdə isə, məndə belə bir fikir yaranır ki,
o, Azərbaycanda səfir kimi özünü doğrultmadı.
İndi isə ABŞ nümayəndəsinin Azərbaycanın öz qonşuları ilə
qarşılıqlı münasibətləri barədə sözlərinə diqqət yetirək. Mən
növbəti dəfə vurğulamaq istərdim ki, Azərbaycanın xarici siyasəti
onunla həmhüdud ölkələrlə mehriban qonşuluq və sülh münasibətlərinə
əsaslanır. Biz onların daxili işlərinə qarışmırıq və özümüzə
münasibətdə də bunu tələb edirik. Rusiyaya gəldikdə isə, bu ölkə
bizim ən yaxın qonşumuzdur və onunla münasibətlər Azərbaycanın
xarici siyasətində həmişə xüsusi bir vektor olmuşdur. Ölkələrimiz
arasında qarşılıqlı anlaşma vardır. Ortaya çıxan bütün məsələlər
yalnız danışıqlar və bərabərhüquqlu dialoq yolu ilə həll edilir.
Həllini gözləyən yeganə məsələ Dağlıq Qarabağ problemidir. Belə
hesab etmək qeyri-obyektiv olardı ki, indiki məqamda Rusiya ilə
Azərbaycan arasında hansısa bir gərginlik vardır. Hərçənd, istər
daxildə, istərsə də xaricdə müəyyən qüvvələr Azərbaycan ilə Rusiya
arasında münasibətləri korlamaq üçün dəfələrlə cəhd göstərmişlər.
Lakin bu iki dövlətin rəhbərlərinin müdrikliyi və qarşılıqlı
etimadı sayəsində belə təhriklər uğursuz olmuşdur.
Səfir Morninqstar hesab edir ki, Azərbaycanın cənubdan İranla və
şimaldan Rusiya ilə qonşu olması guya bizim ölkəmiz üçün
təhlükədir. Hərçənd, o, nədənsə Azərbaycanın ərazi bütövlüyünə əsas
təhlükəni unutmuşdur. Azərbaycan torpaqlarının 20 faizini işğal
etmiş Ermənistan təkcə Azərbaycanın ərazi bütövlüyü üçün başlıca
təhlükə deyil, həm də regionda barıt çəlləyidir. ABŞ-da bu barədə
narahat olmalıdırlar, nəinki bizim qonşumuzun kim olması barədə.
Erməni işğalçılar bizim torpaqları tərk edib getməyincə regionda
hərbi münaqişənin başlanması təhlükəsi qaçılmazdır.
Əgər ABŞ həqiqətən özünü müstəqilliyin qarantı hesab edir və bizim
qeydimizə qalırsa, onda nəyə görə o, “Azadlığa Dəstək Aktı”na
907-ci düzəlişi indiyə qədər ləğv etməyib? Düzdür, Vaşinqton
hazırda həmin düzəlişin qüvvəsini dayandırmışdır, lakin əgər
amerikalılar ikitərəfli münasibətlərin inkişafında, həqiqətən, bu
dərəcədə səmimi maraqlıdırlarsa, onda nə üçün həmin düzəlişi
birdəfəlik ləğv etmək istəmirlər? Yaxud, nə üçün ABŞ Ermənistana
təsir göstərmir ki, o, Azərbaycanın işğal olunmuş torpaqlarını tərk
etsin? Axı, elə hallar məlumdur ki, ABŞ-ın mənafeyi bunu tələb
edəndə dərhal praktiki fəaliyyətə başlayıb. Məsələn, Liviyada ABŞ
və NATO suveren dövlətə qarşı güc tətbiq etmək aksiyasına
başladılar, özü də BMT Təhlükəsizlik Şurasının müvafiq sənədinin
mürəkkəbi qurumamış. Bircə anda müvafiq qərar qəbul edildi və
operativ şəkildə həyata keçirildi. Yaxud, İraqı və keçmiş
Yuqoslaviyanı xatırlayaq, orada ABŞ BMT Təhlükəsizlik Şurasının
qərarlarını gözləmədən güc tətbiq etmişdir. Bəs səbəb nədir ki, ABŞ
Ermənistan tərəfdən Azərbaycana münasibətdə beynəlxalq hüququn
pozulmasına bu dərəcədə laqeyddir? Mənim fikrimcə, ABŞ səfiri ilk
növbədə, Azərbaycan ictimaiyyəti üçün məhz bu məsələləri
aydınlaşdırmalı idi, - iyirmi ildən artıqdır ki, bu məsələlər, o
cümlədən elə Morninqstarın ölkəsinin təqsiri üzündən öz həllini
tapmır.
- Qarabağ mövzusunu davam etdirək. Müsahibəsindən görünür
ki, Azərbaycanın daxili işlərinə açıq-aşkar müdaxilə edən
Morninqstar Qarabağla əlaqədar isə birbaşa cavabdan yayınır. Başa
düşürük ki, Ş.M.Taleyranın məşhur ifadəsinə görə, dil diplomata
fikirlərini gizlətmək üçün verilmişdir. Lakin nədənsə bu prinsip
Qərb, o cümlədən Amerika diplomatlarında yalnız Qarabağ
münaqişəsinə münasibətdə özünü göstərir. Nə üçün? Bundan əlavə,
səfir Ukrayna hadisələri ilə əlaqədar ABŞ-ın Cənubi Qafqazda
fəallaşmasının zəruri olduğunu qeyd edir. Bu barədə sizin fikriniz
necədir?
- Atəşkəs rejiminin 20 illiyi bu yaxınlarda tamam olmuşdur. Bu
müddətdə Azərbaycan münaqişənin sülh yolu ilə tənzimlənməsi üçün
çox səy göstərmişdir. Biz ATƏT-in Minsk qrupu ilə sıx əməkdaşlıq
edir və sülhə nail olmaq üçün bütün imkanlardan istifadə etməyə
çalışırıq. Lakin çox təəssüf ki, hələ nəticə yoxdur. Nə üçün? Cavab
sadədir. Ona görə ki, ABŞ-ın heç də sonuncu rol oynamadığı ATƏT-in
Minsk qrupu guya təcavüzkarı işğal etdiyi torpaqlardan çıxıb
getməyə məcbur edə bilmir.
Məlum olduğu kimi, Qərbin bütün siyasi strukturları Azərbaycan
torpaqlarının işğal edilməsi faktı ilə razıdırlar. Lakin onların
hamısı ABŞ-ın təsiri ilə tərəfləri bu problemi sülh yolu ilə həll
etməyə çağırırlar. Ermənistan yaxşı görür ki, ATƏT-in Minsk
qrupunun üzvləri olan ölkələr bu problemin həllində fəallıq
görüntüsü yaradır, əslində isə özlərinin fəaliyyətsizliyi ilə
təcavüzkarın bu münaqişənin həllini uzatmasına kömək edirlər.
Hətta sıravi obıvatel də şübhə etmir ki, əgər hər hansı
qonşu dövlət ATƏT-in Minsk qrupunun üzvləri olan ölkələrin
ərazisinin bir hissəsini zəbt edərsə, həmin ölkə dərhal bu işğala
cavab olaraq öz silahlı qüvvələrinin bütün gücünü tətbiq edər.
Ermənilərin təcavüzünə isə onlar nədənsə barmaqarası baxırlar.
Sizcə bu, ikili standartların aşkar təzahürü deyilmi?
Lakin fakt faktlığında qalır – amerikalılar beynəlxalq hüquq
normalarını təcavüzkara münasibətdə tətbiq etməkdə fəallıq
göstərməyi zəruri hesab etmirlər. Bunun əvəzinə onlar erməni
işğalçıların hərəkətlərini sanki təşviq edirlər.
ABŞ Konqresi Dağlıq Qarabağ separatçılarına hər il maddi yardım
göstərir. Müxtəlif məlumatlara görə 1998-ci ildən bəri bu
tanınmamış rejimə 83 milyon dollar məbləğində maddi yardım
ayrılmışdır. Faktiki yardımın həcmi isə 40 milyon dollar olmuşdur.
Bundan əlavə, 1992-ci ildən bu günə qədər ABŞ Ermənistana 2 milyard
dollardan artıq maliyyə yardımı göstərmişdir. Bu pulun hansı
hissəsinin separatçı rejimə çatması məlum deyil. Keçən il ABŞ
Konqresinin Alt komitəsi qondarma “Dağlıq Qarabağ Respublikası”na
maliyyə yardımının həcmini artıraraq 2 milyon dollardan 5 milyon
dollara çatdırmağı təklif etmişdi. Sual edilir: Nə üçün? Əgər ABŞ
həqiqətən beynəlxalq hüququn zəfər çalmasını istəyirsə, onda
separatçılara kömək etməyin və üstəlik, onları maliyyələşdirməyin
nə mənası var?
Heç kəs üçün sirr deyildir ki, ABŞ Dağlıq Qarabağ münaqişəsi həll
edilənə qədər Ermənistanla sərhədlərin açılması məqsədilə Türkiyəyə
böyük təzyiq göstərir. Amerikalılar belə səylər göstərərkən yaddan
çıxarmamalıdırlar ki, bu sərhədlər Azərbaycan ərazilərinin
Ermənistan tərəfindən işğal edilməsi ilə əlaqədar bağlanmışdır.
Türkiyə rəhbərliyi daim bəyan edir ki, işğal edilmiş rayonlar azad
olunmayınca Ankara öz qərarını dəyişməyəcəkdir. ABŞ isə məlum
olmayan səbəblərə görə belə hesab edir ki, əgər təcavüzkara
münasibətdə güzəştə gedilərsə, bu, onu kompromis cavab addımı
atmağa məcbur edər. Əlbəttə, amerikalıların məntiqi heyrət doğurur,
mən deyərdim ki, bu məsələdə, ümumiyyətlə, məntiq yoxdur. Hamıya
aydındır ki, ABŞ sərhədlərin açılmasına çalışmaqla heç də Qarabağ
münaqişəsini həll etmək məqsədi güdmür. Onun yalnız bir məqsədi
var: Ermənistanı öz təsir dairəsinə daxil etmək. Vaşinqton bu cür
dolaşıq oyunlar oynayarkən başa düşməlidir ki, bütün bunlar
kənardan kifayət qədər açıq görünür. ABŞ səfirindən soruşmaq
istərdik: onun dövləti nə vaxta qədər separatçıları təşviq edəcək
və eyni zamanda, özünü elə göstərəcək ki, guya münaqişənin həll
olunmasını ürəkdən istəyir?
ABŞ-ın bu cür hərəkətlərinin daha bir aşkar məqsədi var: Azərbaycan
ilə Türkiyə arasında münasibətləri korlamaq. Bu geosiyasi oyunları
başa düşməmək üçün nə qədər sadəlövh olmaq lazımdır!
Qərbdə, o cümlədən ABŞ-da başa düşməlidirlər ki, Ermənistan
tərəfindən işğal olunmuş ərazilər azad edilməyincə Azərbaycan başqa
dövlətin forpostu olan bu ölkə ilə, - nə qədər vədlər verilsə də, -
heç vaxt əməkdaşlıq etməyə razı olmayacaqdır.
Ukrayna hadisələri ilə əlaqədar ABŞ-ın Cənubi Qafqazda diplomatik
fəallaşması barədə səfirin sözləri təəccüb doğurmaya bilməz. O, elə
belə də deyir: Ukrayna böhranından sonra Dağlıq Qarabağ probleminin
həlli məsələsində bizim mövqeyimiz daha əhəmiyyətli olmuşdur.
Beləliklə, o etiraf edir ki, ABŞ Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin həlli üçün indiyə qədər lazımınca səy
göstərməmişdir.
Qərb birdən-birə ayılmışdır ki, Ukraynanın ərazi bütövlüyü
məsələsində beynəlxalq prinsipə riayət edilməlidir. Azərbaycana
münasibətdə bu prinsip, eləcə də “təcavüzkar” ifadəsi nədənsə bütün
beynəlxalq sazişlərdən və beynəlxalq təşkilatların sənədlərindən
pozulur.
Buna görə də amerikalı diplomatın bu fikrinin səmimi etiraf, yoxsa
heç nə ilə təsdiqlənməyən növbəti bəyanat olmasını deməyə çətinlik
çəkirəm. Əgər bu, səmimi etirafdırsa, onda çox məsələlərə yenidən
baxmaq lazım gələcək, əks halda Morninqstarın bu sözləri heç bir
öhdəlik doğurmayan növbəti bəyanatdır.
- Morninqstar qeyd edir ki, Azərbaycanda hakimiyyət monolit
deyildir, bu hakimiyyətdə Azərbaycan-Amerika münasibətlərini
korlamağa çalışan qüvvələr var, ölkənin xarici siyasət xəttinə
baxışlar müxtəlifdir. O hesab edir ki, iqtidarın bəzi nümayəndələri
qərbpərəst əhval-ruhiyyədədir və ölkənin gələcəyini Qərb ilə sıx
əlaqələrdə görür, lakin başqa qüvvələr – Qərbin əleyhinə olanlar da
vardır. Bu barədə nə deyə bilərsiniz?
- Bu, səfirin növbəti yanılmasıdır. Onun sözlərinin həqiqətlə heç
bir əlaqəsi yoxdur. Prezident İlham Əliyevin komandası kifayət
qədər monolitdir. Azərbaycanın uğurlu xarici və daxili siyasəti bu
cür iyrənc insinuasiyalara ən yaxşı cavabdır. Ölkə hökuməti
tarazlaşdırılmış xarici siyasət yürüdür və milli mənafelərin tələb
etdiyi kimi hərəkət edir.
Azərbaycanın tarazlaşdırılmış xarici siyasətini hakimiyyətdə
monolitliyin olmaması kimi qələmə vermək arzuedilənin həqiqət kimi
təqdim edilməsi cəhdidir, bəlkə də təhrikçilikdir. Hökumət xarici
siyasətini müəyyən edərkən ayrı-ayrı şəxslərin simpatiyalarını və
antipatiyalarını əsas götürmür, ölkənin həyati mənafelərini rəhbər
tutur. Bu mənafelər Azərbaycan Respublikasının Milli Təhlükəsizlik
Konsepsiyasında aydın yazılmışdır. ABŞ səfiri istəsə bu sənədlə
tanış ola bilər.
Görünür, səfir belə bir fikir söyləməklə öz ölkəsinin təcrübəsindən
çıxış edir, orada ABŞ-ın siyasi elitası arasında xarici siyasətin
bu və ya digər istiqaməti barəsində ciddi fikir ayrılıqları
mövcuddur. Əyani misal kimi bir faktı xatırlamaq olar ki, ABŞ
Prezidenti düz bir il ərzində Azərbaycanda səfir təyin edə bilmədi.
Məgər bu fakt ABŞ-ın siyasi elitasında aşkar ziddiyyətlərin
göstəricisi deyilmi? Bu fakt onu sübut edir ki, ABŞ-ın Cənubi
Qafqazda xarici siyasəti erməni lobbiçilərinin əhval-ruhiyyəsindən
nə qədər asılıdır. Zənnimcə, hər şeyi öz adı ilə adlandırmaq
lazımdır və səfir bunu başqalarından daha yaxşı bilməlidir.
- ABŞ səfirinin Ukraynada Maydan hadisələri barədə sözləri
də suallar doğurur. Cənab Morninqstarın fikrincə, bu hadisələrdən
müvafiq nəticələr çıxarmaq və ibrət dərsi almaq lazımdır. Sizin
fikrinizcə, səfir nəyə eyham vurur?
- Morninqstar haqlıdır, Ukrayna hadisələri hər bir suveren dövlət
üçün dərs olmalıdır. Bu hadisələr bizim inkişaf yolumuzun düzgün
olmasını bir daha sübut edir. Demokratiya uzun və çox mürəkkəb
prosesdir, ona can atmaq lazımdır, lakin bunu səliqə ilə etmək və
hərtərəfli ölçüb-biçmək lazımdır. Avantüra və emosional çıxışlar,
kənardan qızışdırılan qüvvələr heç vaxt ölkədə sabitliyin bərqərar
olmasına və inkişafa şərait yaratmayacaqdır. Biz uzun illər boyu bu
dərsləri öyrənirik. Maydanda baş verən faciəli proseslərdə Qərbin
fəal iştirakı göz qabağındadır. Qərb nümayəndələri pozucu qüvvələri
hüquqazidd hərəkətlərə açıq təhrik edir, Kiyevdə qanuni hakimiyyətə
qarşı etiraz aksiyalarında iştirak edir, nümayişçiləri dəstəkləyir,
Ukraynanın o vaxtkı Prezidenti Yanukoviçə qarşı sanksiyalar tətbiq
ediləcəyi barədə hədələyirdilər. Bütün bu hərəkətləri suveren
ölkənin daxili işlərinə bilavasitə və kobud müdaxilə kimi
səciyyələndirmək olar. ABŞ və Aİ gizlətmirdilər ki, onlar Prezident
Yanukoviçi devirmək və onların maraqlarına cavab verən qüvvələri
hakimiyyətə gətirmək üçün hər cür səy göstərirlər. Onlar buna
1990-cı illərin əvvəlindən hazırlaşırdılar. Təsadüfi deyildir ki,
ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi V.Nuland bəyan
etmişdir ki, ABŞ hakimiyyət orqanları 1991-ci ildən bəri Ukraynada
demokratik proseslərə 5 milyard dollar xərcləmişlər. Lakin təcrübə
göstərir ki, əksər hallarda bu pullar dağıdıcı qüvvələrin
yaradılmasına xərclənir. Ukraynada qeyri-hökumət təşkilatlarının və
millətçi qüvvələrin fəaliyyətinin Qərb tərəfindən
maliyyələşdirilməsinin hansı fəlakətə gətirib çıxarması heç kəsdə
şübhə doğurmur.
Müqayisə üçün demək istəyirəm ki, müxtəlif vaxtlarda bizə də
informasiya daxil olurdu ki, müəyyən qüvvələr ölkəmizdə də buna
oxşar ssenariləri reallaşdırmağa cəhd göstərirlər. Ekspertlərin və
analitiklərin fikrincə, 2013-cü ilin baharında “feysbuk inqilabı”
üçün 3 milyon dollardan artıq vəsait sərf edilmişdir. Özü də bu,
demokratiyanın dəstəklənməsi kimi qələmə verilir. Gərək siyasi
cəhətdən tam savadsız olasan ki, bu qondarma “inqilab” arxasında
nələr gizləndiyini başa düşməyəsən. Bütün ərəb dünyası gözümüzün
qabağındadır.
Bu və ya digər dövlətdə demokratik təsisatların təşəkkülünə kömək
etmək müsbət addımdır, lakin yalnız o zaman ki, həmin niyyətlər
vətəndaş cəmiyyətinin maraqlarına xidmət etsin, “nüfuz agentləri”
və ya “beşinci kolon” xarici dövlətlərin xüsusi xidmətləri
tərəfindən qarşıya qoyulmuş vəzifələri yerinə yetirəndə yox.
Maydan hadisələri göstərdi ki, ölkələrin daxili işlərinə müdaxilə
və onları qonşularla münaqişəyə sövq etmək sonda faciəli nəticələrə
gətirib çıxarır. İnkişafın təbii dinamikasını pozmaq və
demokratiyanı zorakı üsullarla bərqərar etmək olmaz. Başa düşmək
lazımdır ki, demokratiyanın güclə tranziti strategiyası demokratik
təsisatların inkişafına gətirib çıxara bilməz, əksinə, nəticələri
məlum olmayan yeni münaqişələr yaranmasına kömək edir. Belə təcrübə
həmişə bu təşəbbüsü irəli sürənlərin özləri üçün qanlı sonluqla
bitir. Bu gün Ukrayna öz dövlətçiliyini itirmək təhlükəsi ilə
üzləşmişdir, lakin münaqişənin tənzimlənməsi üçün Qərb tərəfdən
praktiki tədbirlər görülməsi müşahidə olunmur. Bəs, Ukraynanın
siyasi və kriminal qruplarını bu cür canfəşanlıqla demokratik
inqilaba çağıranlar və bunun üçün sanballı məbləğlər ayıranlar indi
haradadırlar?
Qərb özünün, necə deyərlər, “gözaltı etdiyi” ölkələrdə öz
agentlərinə mövcud hakimiyyətdən necə yaxa qurtarmaq, Qərbi qane
etməyən hakimiyyəti hansı üsullarla devirmək, necə inqilab etmək
barədə təlimatlar verir. Lakin “beşinci kolon” fəaliyyətə başlayan
kimi Qərb dərhal özünün bütün təbliğat arsenalını onun nəzarət
etdiyi dağıdıcı qrupların dəstəklənməsinə səfərbər edir.
Səfir Morninqstar Azərbaycan barədə heç narahat olmasın və həyəcan
keçirməsin. Biz özümüz üçün çoxdan lazımi nəticələr çıxarmışıq, özü
də bunlar heç də “ən pis” nəticələr deyil. Daha dəqiq desək, biz
həmin nəticələri hələ 2003-cü və 2005-ci illərdə çıxarmışıq. Tarix
təkrarlanır və biz həmin qanunauyğunluğu növbəti dəfə Ukrayna
nümunəsində izləyirik. Ukraynanın bugünkü qarmaqarışıqlıqdan sonra
özünə gəlməsi üçün hələ çox vaxt lazımdır.
- Səfir Morninqstar müsahibəsində korrupsiyaya qarşı
mübarizə məsələsinə də toxunur. O, iddia edir ki, bu mübarizə seçmə
xarakter daşıyır və əsasən məişət korrupsiyasına aiddir. Məsələnin
bu cür qoyuluşu həqiqəti nə dərəcədə əks etdirir?
- İcazə verin, məsələnin bu şəkildə qoyuluşu ilə razılaşmayım.
Azərbaycanda korrupsiyaya qarşı mübarizə sistemli xarakter daşıyır,
o cümlədən də səhiyyə və təhsil sahələrində. “ASAN xidmət”in
yaradılması buna sübutdur. Bu, dövlət orqanlarının fəaliyyətində
şəffaflığın təmin edilməsi və korrupsiyaya qarşı mübarizə sahəsində
son onilliyin ən əhəmiyyətli institusional islahatıdır. O, Qərbin
özü üçün də nümunə ola bilər. 2013-cü ilin yanvarında fəaliyyətə
başlayandan bəri 1 milyon 711 min nəfər “ASAN xidmət”dən istifadə
etmişdir.
Azərbaycan ABŞ Prezidenti Barak Obamanın təşəbbüsü ilə yaradılmış
Açıq Hökumət Tərəfdaşlığına qoşulmuş birinci ölkədir. İqtisadi
Əməkdaşlıq və İnkişaf Təşkilatı, “Transparency International” kimi
ixtisaslaşdırılmış beynəlxalq təşkilatların əksəriyyəti
Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyəti
yüksək qiymətləndirmişdir. “Transparency International” tərəfindən
aparılmış son tədqiqatlara görə, ölkə əhalisinin 68 faizi
korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş tədbirləri səmərəli
hesab edir. Bundan əlavə, vətəndaş cəmiyyəti təsisatlarının
korrupsiyaya qarşı mübarizəyə və maarifçiliyə cəlb edilməsi üçün
“İctimai iştirakçılıq haqqında” Qanun qəbul edilmişdir. Preventiv
tədbirlərə gəldikdə isə, təkcə 2013-cü ildə korrupsiya ilə bağlı
201 iş, 2014-cü ilin ilk beş ayı ərzində isə 66 iş məhkəməyə
verilmişdir. Gördüyümüz kimi, bu məsələdə də səfirin rəyi
qərəzlidir. Mənim fikrimcə, göstərilən rəqəmlər sizin suala ən
yaxşı cavabdır.
- Səfir Morninqstar hesab edir ki, Azərbaycanda hakimiyyət
orqanları demək olar ki, bütün istiqamətlərdə QHT-lərin
fəaliyyətinə ciddi əngəllər törədir, Vergilər və Ədliyyə
nazirlikləri isə daim onları yoxlayırlar. Bu ittihamlar nə dərəcədə
əsaslıdır?
- Mən hələ keçən il bir müsahibəmdə qeyd etmişdim ki, qeydiyyatdan
keçmiş beynəlxalq təşkilatlarla yanaşı, qeydiyyatdan keçməmiş
təşkilatlar da fəaliyyət göstərir. Təbii ki, onların fəaliyyəti
şübhə doğurur. Eyni zamanda, qeydiyyatdan keçmiş beynəlxalq
QHT-lərin maliyyə hesabatı praktiki olaraq yoxdur. Xarici
donorlardan alınan qrantların və ianələrin çox hissəsinin nəyə
xərclənməsi əslində məlum deyildir. Bu məsələdə şəffaflıq yoxdur.
Qüvvədə olan qanunvericiliyə görə, yerli və xarici QHT-lərin
gəlirləri və xərcləri barədə informasiya dövlət sirri və ya
kommersiya sirri ola bilməz. Onlar hər il Maliyyə Nazirliyinə
müvafiq hesabat təqdim etməli, nazirlik isə qanunun tələblərinin
yerinə yetirilməsinə ciddi nəzarət etməlidir. Bütün sivil ölkələrdə
bu cür qayda vardır. Bəzi hallarda belə təşkilatların həqiqi
məqsədləri gizli qalır. Hökumət milli mənafelərin müdafiə edilməsi
məqsədilə bu işdə qayda yaratmağa, müəyyən addımlar atmağa
çalışanda yerli QHT-lər və onların beynəlxalq himayədarları dərhal
hay-küy qaldırır, söz və toplaşmaq azadlığının pozulmasından dəm
vurmağa başlayırlar.
Aparılmış araşdırmalar göstərir ki, hətta qrantlar qeydiyyata
alınandan sonra da iri maliyyə vəsaitləri ayrılması davam edir, bu
vəsaitlər haqda məlumat verilmir. Maliyyə axınları barədə
informasiyanın olmaması latent korrupsiya təzahürlərinə dəlalət
edir. Bəzi beynəlxalq QHT-lər əslində onların mandatlarına uyğun
olmayan məsələlərlə məşğul olurlar. Onlar rəsmən müəyyən qrant
layihəsi elan edir, əslində isə tamamilə başqa, çox vaxt dağıdıcı
məqsədlər üçün vəsait ayırırlar.
- Sirr deyildir ki, son vaxtlar bəzi xarici QHT-lərin
nümayəndələrinin maliyyə əməliyyatları ilə ölkədə dağıdıcı
qüvvələrin fəallaşması arasında sinxron əlaqə müşahidə olunur. ABŞ
Milli Demokratiya İnstitutunun Azərbaycandakı nümayəndəliyinin
keçmiş rəhbərinin fəaliyyəti yəqin ki, yadınızdadır. Bu cür
hərəkətlər Azərbaycanın daxili işlərinə qarışmaq
deyildirmi?
- Bir daha vurğulamaq istəyirəm ki, ölkəmizdə fəaliyyət göstərən
beynəlxalq QHT-lər öz fəaliyyətlərini Azərbaycan qanunlarının
tələblərinə müvafiq şəkildə təşkil etməlidirlər. Beynəlxalq
QHT-lərin əsas məqsədlərindən biri ölkənin daxili işlərinə
qarışmaq, qanunazidd hərəkətlərə təhrik etmək, öz fəaliyyətinə
siyasi don geydirmək deyil, vətəndaş cəmiyyəti təsisatlarının
inkişafına kömək etməkdir.
Bu suala rəqəmlərlə cavab vermək istərdim. ABŞ-ın IREX, ABA, NDI,
Revenue Watch Institute, USAID, NED kimi qeyri-hökumət
təşkilatlarının Azərbaycandakı filialları və nümayəndəlikləri
2003-2013-cü illərdə yerli QHT-lərə təqribən 25 milyon dollar
məbləğində qrantlar ayırmışlar.
Bundan əlavə, təqribi hesablamalara görə, Soros Fondu və onunla
əlaqədar təşkilatlar 1996-cı ildən bəri Azərbaycan QHT-lərinə
təqribən 50 milyon dollar vəsait ayırmışlar. Fond ölkəmizdə
fəaliyyətini rəsmən hələ 2012-ci ildə dayandırmasına baxmayaraq,
QHT sektorunun maliyyələşdirilməsini dayandırmamışdır. O, özü ilə
affinasiya edilmiş təşkilatlar vasitəsilə maliyyələşdirməni davam
etdirir. Xatırlatmaq istəyirəm ki, Soros Fondunun – Açıq Cəmiyyət
İnstitutunun Yardım Fondunun fəaliyyətini dayandırmasına səbəb
iqtidar ilə onun qarşılıqlı münasibətləri deyil, məhz yerli
QHT-lərə ayrılmış pullarla bağlı korrupsiya qalmaqalları olmuşdur.
Bu işin təşəbbüsçüləri isə radikal müxalifətçi partiyaların
mənafelərinə xidmət edən yerli QHT-lər idi. Fondun baş ofisi bu
qalmaqaldan diqqəti yayındırmaq üçün belə bir addım atmağa məcbur
olmuşdu. Bu, aysberqin yalnız görünən hissəsidir.
Morninqstar iddia edir ki, vətəndaş cəmiyyəti institutlarına,
beynəlxalq və xarici QHT-lərə təzyiq göstərilir. Vergilər Nazirliyi
və Ədliyyə Nazirliyi onları yoxlayır. Sırf məntiqdən çıxış etmək
lazımdır: Məgər bu nazirliklər onları yoxlamalı deyilmi? Belə halda
ABŞ-da Vergilər Nazirliyi və Ədliyyə Nazirliyi necə hərəkət edərdi?
Axı, ABŞ qanunvericiliyi də qanunun pozulmasına görə, ən ciddi
tədbirlər nəzərdə tutur.
- Sonuncu sual. ABŞ səfiri hesab edir ki, Azərbaycanda söz
və toplaşmaq azadlığı sahəsində ciddi problemlər vardır. Guya
hakimiyyət orqanları vətəndaşların öz iradələrini müstəqil ifadə
etməsinə mane olur və müasir vətəndaş cəmiyyətinin təşəkkülü
yolunda əngəllər yaradır. Səfir guya Qərb dəyərlərinin daşıyıcıları
olan vətəndaşların təqib edilməsinə görə xüsusi təəssüflənir. Bu
barədə siz nə deyə bilərsiniz?
- Sizin sualınıza sualla cavab verəcəyəm. Siz deyin, ABŞ-ın özündə
söz azadlığına və insan hüquqlarına riayət edilməsi baxımından hər
şey qaydasındadırmı? Sadəcə məsələ bu problemə hansı rakursdan və
hansı niyyətlə baxmağımızdan asılıdır. Elə həmin Birləşmiş Ştatları
götürək. Quantanamoda və ABŞ-ın Avropadakı başqa məxfi
həbsxanalarında amerikalı əsgərlərin müsəlman əsirlərə necə
işgəncələr verməsini bütün dünya dəhşət içində müşahidə edirdi.
Sonradan məlum oldu ki, məhbusların əksəriyyətinin cinayətlərdə və
terrorizmdə, ümumiyyətlə, əli olmamışdır, onları Amerika xüsusi
xidmətlərinin anlaşılmaz gümanları əsasında həbs etmişlər. İnsanlar
qandallanmış və uzun müddət ən dəhşətli şəraitdə saxlanmışlar.
ABŞ-da və Avropada “Uoll Striti zəbt et”, “Frankfurtu zəbt et” və
başqa etiraz aksiyalarını xatırlamaq olar. Bu ölkələrin polisinin
nümayişçilərlə necə kobud və qəddar rəftar etməsini dünya
ictimaiyyəti unutmamışdır. Bəs bu yaxınlarda Belçikada və
Almaniyada nümayişlər zamanı polisin həddi aşan hərəkətlərini necə
izah etmək olar? Axı, adlarını çəkdiyimiz ölkələrin hamısı inkişaf
etmiş vətəndaş cəmiyyətinə malik olan demokratik ölkələr hesab
edilir.
Son illərdə ABŞ-ın nəinki ayrı-ayrı şəxslərə, hətta bütöv
dövlətlərə münasibətdə beynəlxalq hüquq normalarını pozması ilə
bağlı təkzibedilməz faktlar vardır. Avropa dövlətlərinin
başçılarının telefon söhbətlərinin dinlənilməsi halları buna parlaq
nümunədir. Bəs, özündə insan hüquqlarının çox kobud şəkildə
pozulması ilə bağlı çoxsaylı faktlar olduğu halda, ABŞ nə üçün
başqalarına demokratiya dərsi keçməyə çalışır?
Azərbaycan Respublikasında insanların bütün hüquq və azadlıqları
təmin edilmişdir. Müxalifət partiyaları fəaliyyət göstərir,
müxalifət qəzetləri nəşr edilir. Müxalifət partiyaları öz
fikirlərini söyləmək və qanun çərçivəsində kütləvi toplantılar
keçirmək üçün hər cür imkana malikdirlər. Polisin icazəsiz
aksiyaların qarşısını alması normal haldır, çünki hamı qanun
qarşısında bərabərdir və qanunun tələblərinə hamı riayət etməlidir.
Hakim partiya da qanunun müddəalarına riayət edir və biz qanunun
pozulmasını təşviq etmək niyyətində deyilik.
Qərb dəyərlərinin daşıyıcıları anlayışına gəldikdə isə, səfir
Morninqstarın konkret kimi nəzərdə tutduğunu bilmirəm. Mənə belə
bir kateqoriya məlum deyil. Vətəndaşların iki kateqoriyası var.
Birinci – ölkənin qanunlarına hörmətlə yanaşanlar, ikinci – öz
tamahkar məqsədlərini təmin etmək üçün üçüncü qüvvələrin əlində
alətə çevrilməyə hazır olan şəxslər. Onların dəqiq dəyərlər sistemi
yoxdur. Bu cür adamlar Şərqdə də var, Qərbdə də və mənim fikrimcə,
səfirin bu cür bölgü aparması bizim milli dəyərlərə açıq-aşkar
hörmətsizlik təzahürüdür.
Nəhayət, Amerika səfirini bizə necə yaşamaq lazım olduğunu
öyrətməkdən əl çəkməyə çağırmaq istərdim. Əgər tərəflər bir-birinə
hörmət etməsələr, bir-birini başa düşməsələr onların münasibətləri
heç vaxt yaxşı nəticə verməyəcəkdir. Bizə saxta təbəssümlər lazım
deyil. Bizə səmimi tərəfdaşlar lazımdır. Biz öz dostluğumuzu
dəfələrlə sübut etmişik və səfir Morninqstar bunu yaxşı bilir.
Azərbaycan xalqı adekvat münasibət gözləyir.
- Sağ olun.
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı