Fainə Hənifəyeva Xoşqədəm Hidayətqızından yazdı
Bizi izləyin

Qırmızı.az

Fainə Hənifəyeva Xoşqədəm Hidayətqızından yazdı

Xoşqədəm Hidayətqızı: “Suriya bir cəhənnəmdi”

Xoşqədəm Hidayətqızı: “Suriya bir cəhənnəmdi”

ATV-nin aparıcısı, məşhur telejurnalist Xoşqədəm Hidayətqızının Suriyaya itkin düşən azərbaycanlının axtarışı üçün getməsi və orda güllə ilə vurulması barədə yayılan xəbəri oxuyan BBC-dən olan keçmiş həmkarım mənə belə bir mesaj yazdı: “Bu qız ora necə gedib? O, qaynar nöqtələrdə necə işləmək barədə treninqlər keçibmi?”

Cavab əlbəttə ki, “yox” oldu. Mən əminəm ki, Azərbaycandan qaynar nöqtəyə, müharibə zonalarına göndərilən müxbirlərin heç biri treninq keçməyib, özünü və avadanlıqları qorumaqla bağlı ən adi qaydaları belə bilmir. Halbuki, belə zonalarda işləyən hər bir media nümayəndəsinin ən vacib vəzifəsi xəbər tapıb çatdırmaq yox, sağ qalmaqdı. Müxbirin təhlükəsizliyi ən ümidə məsələdi, hətta həyatına ən kiçik təhlükə olduğu təqdirdə bu ezamiyyət baş tutmamalıdı.

BBC Azərbaycan xidmətinə işlədiyim 6 il ərzində 2 belə treninq keçdim. Xeyr, məni qaynar nöqtələrə göndərmək fikirləri yox idi. Sadəcə, 2008-cü il prezident seçkiləri zamanı müxalifətin meydanı tərk etməyəcəyi və polisin də bir neçə dəfə mitinqləri dağıtmasından sonra BBC rəhbərliyi bizim sağlamlığımıza hansısa təhlükə olduğu qərarına gəlmişdi.

Yadıma gəlir, “Qələbə” meydanında polis və mitinqçilər arasında növbəti qarşıdurma zamanı dalğa kimi gələn kütlə məni yıxdı, az qala ayaq altında qalacaqdım, amma “Hostile environment – Düşmən mühit” treninqində qazandığım biliklər karıma gəldi, özümü toparladım və işimi davam etdirdim. Beynəlxalq jurnalistikada bu cür təhlükələrə standart bir yanaşma var, təhlükə təhlil və təsnif edilir və ondan qorunmaq vasitələri, yolları müxbirə öyrədilir. Yalnız bu cür bilik və hazırlığa malik jurnalist qaynar nöqtəyə göndərilə bilər. Azərbaycanda heç bir media qurumu, (baxmayaraq ki, ara-sıra bu cür səfərlərə qərar verilir) müxbirin təhlükəsizliyi barədə ciddi düşünmür.

Digər diqqət çəkən bir məqam Xoşqədəm Hidayətqızının guya ki, güllə-borana düşməsi, yaralanması, sağ qalıb-qalmaması barədə bir gün əvvəl yayılan xəbərlər, bu xəbərlərə sosial mediada kinayəli şərhlər (bu şərhlərin çoxunu jurnalist həmkarlarımız yazmışdı) və xəbərin dəqiqləşməsi ilə bağlı göstərilən mövqe idi. Bəziləri buna növbəti PR kimi baxdı, digərləri “aparıcının xalqı doladığından” yazdı, başqa bir həmkarımız isə xanım müxbirin özünü reklam elədiyini düşündü. Bütün bu şərhləri yazanlar bir an Suriyada olmağın nə demək olduğunu təsəvvür edirlərmi?! Ümumiyyətlə, bu cür reaksiya verənlər, heç olmasa, arada Suriyadan yayımlanan şəkillərə baxsınlar, Suriyaya getmək Biləcəriyə getmək demək deyil, əziz həmkarlar!

Dünən gün ərzində Xoşqədəm Hidayətqızı ilə əlaqə yaratmağa çalışdıq, mümkün olmadı. Nəhayət ki, bu gün danışdım. Xanım aparıcı, “Suriya – bir cəhənnəmdi. Bizə hava hücumu təhlükəsi barədə xəbərdarlıq ediblər. Ona görə vəziyyətin sakitləşməsini gözləyirik ki, olduğumuz yeri tərk edək”, - dedi.

Suriyada telefon əlaqəsinin tez-tez kəsilməsi, elektrikin günlərlə olmaması adi bir şeydi, burda müharibə gedir. Üz-üzə duran, təpədən dırnağa qədər silahlanmış, “uf” demədən baş kəsən iki ordu döyüşür. Suriyada olmaq və müxbir kimi fəaliyyət göstərmək, kiminsə itkin düşən övladını, kiminsə həyat yoldaşını, kiminsə atasını axtarmaq böyük riskdir. Bilmək istəsəniz, bunun özü ən böyük “reklamdı”, hər bir jurnalistin qarşılaşmayacağı qeyri-standart bir vəziyyətdi. Suriyaya gedən müxbirə PR addım barədə düşünmək lazım deyil, onun qaynar nöqtədə olması böyük qəhrəmanlıqdı, hər bir jurnalistin iş bioqrafiyasına yazılacaq qədər asan bir şey deyil. Nəhayət, bu, rahat ofislərdə oturub, çay içə-içə Facebook-a şərh yazmaq da deyil.

Hadisə belə olub: Çəkiliş qrupu Hələbə gedərkən yolda atışma səsi eşidib. Həmin anda ATV işçiləri ilə danışan xanım aparıcı “Vururlar?” deyə soruşub, bundan sonra telefon əlaqəsi itib. Bakıda olan televiziyanın nümayəndəsi də yenidən əlaqə saxlaya bilməyib, narahat olublar. Xəbəri dəqiqləşdirmədən, kimin başına nə iş gəldiyini öyrənmədən xəbər saytları öz ssenarilərini qurublar, hətta aparıcının ayağından yaralandığını yazıblar.

Çox “komik”siniz... Görəsən, bu jurnalistikanı harada öyrədirlər? Xəbər barədə dəqiq məlumat almadan öz təsəvvürlərini yazmaq, xəbəri uydurmaq – bunun adı nədi? Siz buna xəbərçilik deyirsiniz? Bu cür xəbərlər yayanlar əks tərəfin yaxın adamlarını, ailəsini düşünürmü? Suallar çoxdu... Amma yəqin ki, cavab verən könüllü tapılmayacaq.

Fainə Hənifəyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm