Qənirə Paşayeva açılışda - FOTO
Bizi izləyin

Qırmızı.az

Qənirə Paşayeva açılışda - FOTO

Qənirə Paşayeva III Dünya Türk Forumunun açılışında inşallah gələn il bu tədbiri işğaldan azad edəcəyimiz Şuşada qeyd edək dedi.

III Dünya Türk Forumunun açılışı Azərbaycan Cümhuriyyət bayramının qeyd olunması ilə yadda qaldı.

İstanbulda Türk-Asiya Strateji Araşdırmalar Mərkəzinin (TASAM) təşkilatçılığı ilə keçirilən III Dünya Türk Forumu Ədirnənin tarixi məkanlarından olanlar Trakya Universiteti Gözəl Sənətlə Fakültəsinin baxçasında təşkil edilən açılışı mərasimi ilə başladı.

III Dünya Türk Forumunda Azərbaycan tərəfindən millət vəkilləri Qənirə Paşayeva, Musa Qasımlı, Fərəc Quliyev, AR Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Valeh Hacıyev, “Olaylar” agentliyi və qəzetinin rəhbəri Yunus Oğuz, “Xalq Cəbhəsi” qəzetinin rəhbəri Elçin Mirzəbəyli, Sumqayıt şəhər bələdiyyəsinin sədri Əbülfəz Babayev, SAM-ın nümayəndəsi, bir sıra alimlər, ziyalılar, Türkiyə millət vəkilləri, Türk dünyasından 60-a yaxın ölkədən millət vəkilləri, nazirlər, alimlər, dövlət adamları, diplomat, zilyalılar, jurnalistlər, qeyri-hokumət təşkilatları nümayəndələri iştirak edirdi. III Dünya Türk Forumunun açılış mərasimində bütün iştirakçılarını salamlayan TASAM başkanı Süleyman Şensoy 3-cü dəfə keçirilən Dünya Türk Forumunun əhəmiyyətini vurğuladı. Forum iştirakçılarını Türkiyənin tarixi məkanlarından olan Ədirnədə salamlamaqdan məmnunluğunu ifadə edən Ədirnə valisi Hasan Duruer Ədirnə haqqında ətraflı məlumat verdi və III Dünya Türk Forumunun burada keçirilməsinin vacibliyini qeyd etdi. Azərbaycan nümayəndə heyəti adından çıxış edən millət vəkili Qənirə Paşayeva nitqinə Manisanın Soma mədənində baş vermiş faciə ilə əlaqədar Türk xalqına başsağlığını ifadə etməklə başladı və bu faciənin iki qardaş ölkənin və Türk dünyasının ortaq acısı olduğunu dedi. Azərbaycanın ümummili lideri Heydər Əliyevin “Bir millət iki dövlət” və Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” sözünü xatırladan Qənirə Paşayeva sevincimiz də kədərimiz də ortaqdır dedi. III Dünya Türk Forumunun açılışı mərasiminin Azərbaycan üçün çox əlamətdar bir gündə - müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Demokratik Respublikasının qurulmasının 96-cı ildönümü günündə keçirildiyini vurğulayan millət vəkili Qənirə Paşayeva bu günün Türkiyədə Türk dünyasından gəlmiş qardaş-bacılarımızla birgə qeyd etməyin xüsusi önəmini vurğuladı. Azərbaycanın bayramı bütün Türk dünyasının da bayramıdır və bu bayramı birlikdə qeyd etməmizin xüsusi əhəmiyyəti var.

Millət vəkili çıxışını belə bitirib: "İnşallah gələn il bu tədbiri birlik və bərabərlik içərisində işğaldan azad edəcəyimiz Dağlıq Qarabağda, Şuşada və digər o gözəl torpaqlarımızda qeyd edək".

Çıxışdan sonra səhnəyə ümummilli lider Heydər Əliyevin dediyi “Bir millət iki dövlət” ifadəsi və “Cümhuriyyət bayramımız mübarək” sözləri qeyd edilən və Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilən tort gətirildi və Azərbaycan nümayəndə heyətinin üzvlərinin, Türkiyə millət vəkilləri, Ədirnə valisi, Tasam-ın rəhbəri və Türk dünyasından gəlmiş qonaqların iştirakı ilə kəsildi.

Ədirnə valisi Hasan Duruer, TASAM-ın rəhbəri Süleyman Şensoy, Türk dünyasının hər yerindən gələn qonaqlar Azərbaycan nümayəndə heyətini təbrik etdilər və təbriklərini Azərbaycana çatdırmağı xahiş etdilər, müstəqilliyimizin əbədi olmasını, bundan sonra da daha da çiçəklənməyimizi arzuladılar, Azərbaycan və Türkiyə nə qədər güclənərsə, bu, Türk dünyasının güclənməsi deməkdir kimi diləklərini ifadə etdilər.

Bundan sonra isə Azərbaycan nümayəndə heyəti Ədirnə valisi Hasan Duruer və TASAM başkanı Süleyman Şensoya Azərbaycan mədəniyyəti, həqiqətlərini özündə əks etdirən hədiyyələr, kitablar, filmlər hədiyyə ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm