AMEA-nın seminarı Gəmiqayadakı abidələrə həsr edilib
Bizi izləyin

Qırmızı.az

AMEA-nın seminarı Gəmiqayadakı abidələrə həsr edilib

AMEA Naxçıvan Bölməsində növbəti elmi seminar Gəmiqaya ətrafındakı arxeoloji abidələrə həsr edilib

“Gəmiqaya abidəsinin tədqiqinə hələ XX əsrin 70-ci illərində ulu öndər Heydər Əliyevin Azərbaycana siyasi rəhbərliyinin birinci dövründə başlanmışdır.

Bunun nəticəsi idi ki, 1971-ci ildə Azərbaycan Elmlər Akademiyasının Rəyasət Heyəti Gəmiqayada tədqiqat işlərinin aparılmasını, elmi albomun nəşr edilməsini, elmi-kütləvi filmin çəkilməsini qərara almış, 1970-1987-ci illərdə burada tədqiqat işləri aparılmış, bir sıra elmi materiallar çap olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun “Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq edilməsi haqqında” 2001-ci il 26 aprel tarixli Sərəncamından sonra bu abidənin öyrənilməsi sahəsində işlər daha mütəşəkkilliklə davam etdirilmişdir.” Bu fikirlər AMEA Naxçıvan Bölməsində keçirilən “Gəmiqaya ətrafında arxeoloji tədqiqatlar” adlı elmi seminarda səsləndirilib.

Seminarı giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru Fəxrəddin Səfərli elektron lövhədən və digər texniki imkanlardan istifadə edilməklə keçirilən belə seminarların elm adamları tərəfindən daha maraqla qarşılandığını və geniş müzakirələrin aparılmasına imkan verdiyini deyib. Qeyd olunub ki, ümumilikdə muxtar respublika ərazisindəki abidələrin öyrənilməsi məqsədi ilə xeyli iş görülüb. Artıq Naxçıvan ərazisində qeydə alınmış abidələrin sayı 1202-yə çatıb ki, bunların da bir qismi Gəmiqaya ətrafındadır.

İnstitutun Antik və orta əsrlər arxeologiyası şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Toğrul Xəlilov “Gəmiqaya ətrafındakı arxeoloji tədqiqatlar” haqqında məlumat verib. Foto-şəkillərindən ibarət slayd vasitəsi ilə abidələrin və tapılan maddi-mədəniyyət nümunələrinin xarakterik xüsusiyyətləri təhlil olunub. Elm adamlarının mövzu ilə bağlı sualları cavablandırılıb.

Elmi seminara yekun vuran AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev muxtariyyətin 90 illik yubileyinin keçirildiyi ildə təşkil olunan tarixi mövzuda seminarların xüsusilə əhəmiyyət kəsb etdiyini deyib. Qeyd edilib ki, Naxçıvanın tarixinin daha dərindən öyrənilməsi, eyni zamanda muxtariyyət illərində Naxçıvan ərazisindəki abidələrin öyrənilməsi ilə bağlı görülən işlərin tədqiqi də diqqət mərkəzində saxlanılmalıdır. Elm adamları elmi və kütləvi nəşrlərdə Naxçıvan Muxtar Respublikasının tarixi, iqtisadiyyatı, mədəniyyəti, təbiəti və s. mövzularda məqalələrlə çıxış etməlidirlər.

Elmi seminarda o da diqqətə çatdırılıb ki, növbəti seminarlardan birinin birbaşa olaraq Naxçıvanın muxtariyyət tarixinə həsr edilməsi nəzərdə tutulub.

Elnur KƏLBİZADƏ

Oxumağa davam et
Reklam
Reklam

Gündəm