• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Xaçmazda dəhşətli ailə cinayəti: gənc oğlan dindarı güllələdi

Xaçmazda dəhşətli ailə cinayəti: gənc oğlan dindarı güllələdi

Quba rayon sakini, 1980-ci il təvəllüdlü Xanlar Ağayev 42 yaşlı İbad Babayevi güllələyib. Publika.az-ın araşdırmasına görə, hadisə 13 iyun 2013-cü ildə Xaçmaz rayonunun Tikan-oba kəndində baş verib.

Xanlar Ağayev 2013-cü ilin yanvar ayında Tahir Əliyevə evdə yaşayıb. Tahir Əliyev evində şkafda Rusiya Federasiyasında zavod üsulu ilə hazırlanmış ov tüfəngini saxlayıb. Xanlar ev sahibindən gizli həmin silahı əldə edib və müxtəlif heyvanlara atəş açıb. Bundan sonra Xanlar Tahir Əliyevin silahını özündə saxlayıb. Bununla da o, həmin silahı talayıb.

Bundan başqa, Xanlar Ağayev həmin il iyunun 12-də, günorta saatlarında ailəsi ilə yaşadığı Xaçmaz rayonu, Tikan-oba kəndindəki həmin evdə arvadı Gunay Ağayeva ilə mübahisə edib. O, arvadını boşamaq istədiyini bildirib. Həmin gün Günay Ağayevanın xahişi ilə oraya gəlmiş qardaşı Araz Hacıyev və tanışları İbad Babayev onların hər ikisi ilə söhbət edib, Onlar Xanlar və Günaya boşanmamalarını məshət biliblər və axşama kimi düşünərək qərar vermələrini deyiblər.

Ər-arvadın boşanma davası cinayətlə nəticələndi

Araz Hacıyev və İbad Babayev daha sonra Xaçmaz şəhərinə qayıdıblar. Xanlar yenidən Günaydan boşanacağını deyib. İyunun 13-də, gecə saat 00:30-da Araz Hacıyev və İbad Babayev həmin evə gəlib. Xanlar onlara artıq arvadı ilə boşanmaq istədiyini deyib.

Araz və İbad Günay Ağayevanı və evdə yatan azyaşlı uşaqları oradan aparmaq istəyiblər. Həmin vaxt Xanlar Ağayev Araz Hacıyev və İbad Babayevlə kobud davranıb və onların ünvanına nalayiq sözlər işlədib. Araz və İbad isə onun baş və bədəninin müxtəlif nahiyələrinə yumruq , təpiklə zərbələr endiriblər. Belə olan halda onlar Xanlar Ağayevə xəsarət yetiriblər.

Bu barədə xəbər tutan Xanların qardaşı Rauf və anası Seyidfatma gecə saat 01:30-da onlara gəlib. Onun qardaşı və anası ilə Araz Hacıyev və İbad Babayev mübahisə ediblər. Həmin vaxt İbad Seyidfatmanın qollarını tutaraq saxlayıb. Bunu görən Xanlar qəzəblənib. Qisas almaq məqsədi ilə İbad Babayevi öldürmək istəyib. O, bu niyyətini həyata keçirmək üçün İbad Babayevə atəş açıb. Onun öldüyünü düşünən Xanlar daha sonra hadisə yerindən qaçıb.

İbad Babayevi hadisə yerində olan Araz Hacıyev və Rauf Ağayev təcili Xaçmaz mərkəzi rayon xəstəxanasına çatdırıblar. Vaxtında tibbi yardm göstərildiyi üçün İbad Babayevin həyatını xilas etmək mümkün olub. Xanlar Ağayev isə qısa zamanda Xaçmaz polisi tərəfindən həbs edilib.

İki maddəli ittiham

Xanlar Ağayev Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) və 232.1-ci (odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama, yaxud hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham edilib və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Eldar Mikayılovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

"Azyaşlı uşaqlarım olduğuna görə həyat yoldaşımdan boşanmaq istəməmişəm"

Təqsirləndirilən şəxs Xanlar Ağayev deyib ki, hadisə vaxtına qədər onun İbad Babayev və həmçinin öz qayını Araz Hacıyev ilə münasibətləri normal olub:

"2003-cü ildə Xaçmaz rayonunun Uzun-oba kənd sakini Günay Ağayeva ilə rəsmi qaydada ailə həyatı qurmuşam. Onunla olan birgə nikahımdan üç övladım olub. 2012-ci ilin iyul ayından etibarən hadisə vaxtına qədər ailə üzvlərim ilə birlikdə Tikan-oba kəndinin kənar hissəsində tanışım Tahir Əliyevə məxsus torpaq sahəsindəki evdə yaşamışam. Həmin sahədə olan bağa qulluq etmişəm. Günay Ağayeva ilə ailə həyatı qurduqdan sonrakı dövrdə aramızda mübahisəmiz və dava-dalaşlarımız olub. Lakin azyaşlı uşaqlarım olduğuna görə həyat yoldaşımdan boşanmaq istəməmişəm".

"Arvadımdan boşanmaq fikrim olmadığını dedim"

Xanlar Ağayevin sözlərinə görə, arvadı ilə aralarında mübahisələri olub. O, deyib ki, mübahisələri olan zaman Günay öz qardaşı Araz Hacıyevə zəng vuraraq evə çağırıb: "Araz da Xaçmaz şəhərində yaşayan dostu İbad Babayevlə birlikdə bizə gəlib. O, ailəmin dağılmamasını məsləhət edib. İbad Babayevi namaz qılan və dindar adam kimi tanıdığına görə onun da məsləhətlərinə qulaq asmışam. Əvvəllər aramızda heç bir narazılıq olmayıb. Hadisə günü arvadım ilə aramızda mübahisə yaranmışdı. Günay Araza zəng vuraraq mənimlə birlikdə yaşamaq istəmədiyini və onu aparmasını dedi. Həmin vaxt özüm də telefonda Arazla söhbət edərək bacısı ilə birlikdə yaşaya bilmədiymizi və boşanmaq istədiyimi bildirim. Həmin gün saat 14.00-da Araz dostu İbad Babayev ilə birlikdə yaşadığım evə gəldi. Araz bizə ailəmizi dağıtmamağı məsləhət verdi. Onlarla söhbətimdən sonra arvadımdan boşanmaq fikrim olmadığını dedim. Həmin söhbətdən sonra İbad Arazla birlikdə getdilər".

"Ailə işlərimə qarışmasından əsəbləşdim"

Təqsirləndirilən şəxsin sözlərinə görə, qaynı gedəndən sonra axşama kimi bağda işləyib və təxminən saat 23.00-da yatıb:

"Həmin gecə, təxminən saat 00:30-da yaşadığım evin həyətinə avtomaşın gəldiyini eşitdim. Yuxudan oyandım və çölə çıxdıqda qaynım Arazın İbad ilə birlikdə yenidən bizə gəldiyini gördüm. İbad mənə arvadım ilə aramızdakı kəbinin pozulmadığını və məndən qəti fikrimi soruşdu. Arvadımdan bu barədə soruşmalarını bildirdim. İbad Günaydan bu barədə soruşdu. Günay mən nə desəm razılaşacağını dedi. Həmin vaxt İbadın ailə işlərimə qarışmasından hirslənərək arvadımdan ayrılmaqda qərarlı olduğumu dedim. Bundan sonra İbad arvadım Günayı uşaqları ilə birlikdə aparmaq istədi. Buna icazə vermədim. Qaldığım evi təhvil-təslim etməli olduğumu və arvadım Günayın ayın axırına orada qalıb sonra boşanma işlərini həll edəcəyimizi bildirdim. Bununla əlaqədar İbadla aramızda mübahisə başladı. İbad arxadan əli ilə boğazımdan yapışaraq məni yerə yıxdı. Qayını Araz ilə birlikdə yumruq və təpiklə mənim baş və bədənimin muxtəlif yerlərindən vurdu. Həmin vaxt onun mobil telefonuma öz qardaşım Rauf zəng vuraraq məndən nə baş verdiyini və yanımda kimin olduğunu soruşdu. Onlardan çəkindiyimə görə heç nə olmadığını, İbad və qaynım Arazın yanımda olduğunu bildirdim. Qardaşımın xahişi ilə telefonu İbada verdim. Onlar öz aralarında telefonda bir-birlərini söyüb, təhqir etdi".

"Anam üz-gözümün qana bulaşdığını gördü"

Xanlar Ağayev daha sonra ifadəsində qeyd edib ki, İbad Raufa onu gözlədiyini və gəldiyini deyib:

"Bundan təxminən beş-on dəqiqə sonra qardaşım Rauf ilə anam Seyidfatma gəldilər. Onları həyətdə qarşıladım. Həmin vaxt anam üz-gözümün qana bulaşdığını gördü və nə baş verdiyini soruşdu. İbadla qaynım Arazın məni döydüklərini bildirdim. Həmin vaxt anam və qardaşım ilə qaynımla, onun dostu İbad arasında mübahisə başladı. Baş verənlərə çox əsəbiləşdim. Evin sahibi Tahir Əliyevə məxsus ov tüfəngini götürərək çölə çıxdım. Yenə də onların sakitləşmədiklərini gördüm. Qorxutmaq məqsədi ilə İbadın ayağına atəş açmaq qərarına gəldım. Tüfəngin tətiyini çəkərkən özümdən asılı olmadan tüfəngin lüləsi bir qədər yuxarıya qalxdı. Atəş açılan zaman qırmaların İbadın qarnının aşağı hissəsinə dəydiyini gördüm. Atəşdən sonra İbad yerə yıxıldı. Həmin vaxt istəmədiyim halda İbadı ağır yaraladığımı başa düşdüm. Buna görə də peşman oldum".

"Xəbərim olmadan tüfəngimdən istifadə edib"

Zərərçəkmiş Tahir Əliyev deyib ki, Xanlar Ağayevin ona məxsus ov tüfəngindən istifadə etməsi və həmin tüfəngdən atəş açaraq İbad Babayevi yaralaması ona yalnız hadisədən sonra məlum olub:

"2005-2006-cı illərdə Xaçmaz rayonunun Tikan-oba kəndi ərazisində 4,86 ha torpaq sahəsini satın alaraq təsərrüfatla məşğul olmağa başlamışam. Orada bağ evi kimi iki otaq və bir mətbəxdən ibarət birmərtəbəli ev tikdirmişəm. Arada ora baş çəkmişəm. 2012-ci ilin yayından etibarən Uzun-oba kənd sakini Araz Hacıyevin xahişi ilə onun yeznəsi Xanlar Ağayevə kasıb və imkansız adam kimi orada öz ailəsi ilə yaşamasına razılıq vermişəm. Həmin evdə olan kiçik otağı isə öz istifadəm üçün saxlamışam. Arada həmin kəndə gedərək bağa baş çəkmişəm və həmçinin orada ovla da məşğul olmuşam. 2003-ci ildən Respublika Ovçular cəmiyyətinin üzvüyəm. Xanlar Ağayev mənə məxsus olan ov tüfəngindən isə məlumatım olmadan istifadə edib. 2007-ci ildə Yasamal rayonundakı "Ovçular evi"nin yanındakı ovçular mağazasından Nərimanov rayon Polis İdarəsi rəsmi razılıq sənədi əsasında ov tüfəngini almışam. Arada həmin tüfəngdən ovda istifadə etmişəm. Həmin ov tüfəngini 2013-cü ilin yanvar ayında Xaçmaz rayonunun Tikan-oba kəndindəki evimə gedərkən özü ilə aparmışam ki, orada əraziyə gələn çaqqalları və quşları vurmaq üçün istifadə edim. Lakin tüfəngin tətiyində nasazlıq olduğu və həmin nasazlığı aradan qaldırmaq üçün vaxt tapa bilmədiyinə görə orada həmin tüfəngdən istifadə edə bilməmişəm. Buna görə də həmin tüfəngi lülə, qundaq və bala qundaq adlanan hissələrə sökülmüş vəziyyətdə evin eyvandakı dəmin şkafın içinə qoymuşam. Şkafın ağzını dəmir qıfıl ilə bağlamışam və açarı da özüm ilə götürmüşəm ki, tüfəngi heç kim götürməsin. Mənə məxsus həmin ov tüfənginin Xanlar Ağayev tərəfindən oğurlanaraq istifadə edilib. Xanlar Ağayevə qarşı heç bir şikayətim və tələbim yoxdur".

"Kəbinin qüvvəsini itirib-itirmədiyini Hoca İlhamdan soruşub və onlara cavab verəcəyimi dedim"

Zərərçəkmiş İbad Babayev deyib ki, Xanlar Ağayevi Araz Hacıyevin vasitəsi ilə tanıyıb və hadisə baş verən vaxta qədər münasibətləri yaxşı olub:

"Sonradan Arazın bacısı Günay və yeznəsi Xanlar Ağayev də dəvətim ilə ibadət etməyə başlayıblar. Onların hamısı ilə münasibətim yaxşı olub. İyunun 12-də Araz Hacıyevlə bir yerdə olduğu zaman Günay zəng vuraraq əri Xanların onu incitdiyini bildirib. Həmin vaxt Araz özü də Xanlara zəng vuraraq nə baş verdiyini soruşdu. Xanlar Günay ilə boşanmaq istədiyini dedi. Araz məndən xahiş etdiyi üçün birlikdə Xanlar və Günayın Tikan-oba kəndində qaldıqları evə getdik. Ora gəldikdə Günay ağlayaraq qardaşı Araza ərinin hərəkətlərinə dözə bilmədiyini və onu özü ilə aparmasını istədi. Sonra Xanlar ilə ikilikdə söhbət etdim. Yaxın bir tanış kimi Xanları başa saldım ki, ailəsini qoruyub saxlasın və arvadına qarşı belə hərəkətlərə yol verməsin. Xanlar fikirlərim ilə razılaşdı və artıq boşanmaq istəmədiyini bildirdi. Söhbət əsnasında ona məlum oldu ki, Xanlar və Günay bir-birinə dəfələrlə boşanmaq istədiklərini deyiblər. Onlar arasında kəbinin qüvvəsini itirib-itirmədiyini Hoca İlhamdan soruşub və onlara cavab verəcəyimi dedim. Həmçinin Xanlar və Günaya öz aralarında gələcəklərini bir daha düşünmələrini və axşam onlara gəldikdə son sözlərini demələrini bildirdim. Xanlar ilə Günay arasında yenidən kəbin kəsdirməyə ehtiyac olmamasını öyrəndikdən sonra, gecə saat 24 radələrində yenidən Araz ilə Xanlargilin yaşadığı evə getdik. Xanlara kəbininin qüvvədə olduğunu bildirdim və Xanlardan qəti fikrini soruşduq. Xanlar isə bu barədə arvadı Günaydan soruşmalarını məsləhət gördü. Günaydan fikrini soruşduq. Günayda necə məsləhət verəcəyiksə, o cür də eləyəcəyini bildirdi. Xanlar əsəbi halda təkrarən arvadı Günaydan boşanmaq istədiyini dedi. Xanları yola gətirməyin mümkün olmadığını görüb Günayı uşaqlar ilə birlikdə aparmaq istədik. Xanlar buna icazə vermədi. Həmin vaxt Günay orada qalmaq istəmədiyni bildirdiyi üçün mən və Araz evə Günayı aparmaq istədik. Xanlar ünvanımıza nalayiq ifadələr işlətdi. Bu məsələni araşdırmaq üçün öz qohumlarını çağıracağını bildirdi".

9 il 6 ay cəza

İbad Babayev daha sonra ifadəsində Xanlar Ağayevin anası və qardaşının gəlməsindən danışıb. O, deyib ki, Xanların mobil telefonuna qardaşı Rauf zəng vurub, onlar öz aralarında danışdıqdan sonra telefonu Xanlardan alaraq özü Raufla söhbət etmək istəyib:

"Lakin Rauf qardaşı Xanlara əl qaldırdığımı deyib və mənim ünvanıma nalayiq ifadələr işlədib. Rauf gələcəyini bildirdi. Təxminən beş dəqiqə sonra Rauf Ağayev və anası Seyidfatma Ağayeva həyətə daxil oldular. Xanlar qaynı və mənim tərəfindən döyüldüyünü onlara dedi. Xanların anası Seyidfatma mənim və Arazın üzərinə cumdu, ünvanımıza nalayiq sözlər işlətdi. Həmin vaxt aramızda mübahisə başladı. Xanlar Ağayevin harada olduğunu və nə etdiyini görməmişəm. Elə həmin vaxt birdən atəş açıldı. Qarnımın sağ tərəfində möhkəm ağrı hiss edərək yerə yıxıldım".

Məhkəmənin hökmü ilə Xanlar Ağayev 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR