• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

İlk dəfə Türk Dünyası Bilik Olimpiadası keçirilir (FOTO)

İlk dəfə Türk Dünyası Bilik Olimpiadası keçirilir (FOTO)

İyunun 4-də Türkiyənin Әskişəhər şəhərindəki Osmanqazi Universitetində Türk dünyasında ilk dəfə olaraq şagirdlər üçün Türk Dünyası Bilik Olimpiadası keçirilib.

Trend-in məlumatına görə, tədbirdən əvvəl olimpiada iştirakçıları şəhərdə yürüş ediblər. Daha sonra isə olimpiadanın rəsmi açılış mərasimi keçirilib. Açılışda çıxış edən Uluslarası Könüllü Eyitimçilər Dərnəyinin rəhbəri İbrahim Әrdoğan bildirib ki, Əskişəhərin Türk dünyasının paytaxtı olması çərçivəsində keçirilən olimpiadada 4-8-ci sinif şagirdləri 2 istiqamət - ideyaları əsasında və özləri tərəfindən tərtib edilmiş sxemlər üzrə hazırladıqları modelləri nümayiş etdirirlər.

Tədbirdə 17 respublika - Azərbaycan, Türkiyə, Krım (Ukrayna), Qazaxıstan, Qırgızıstan, Özbəkistan, Türkmənistan, Bosniya və Herseqovina, Bolqarıstan, Altay (Rusiya), Kosova, Makedoniya, Moldova, Şimali Kipr Türk Respublikası, Albaniya, Şərqi Türküstan (Çin) və Başqırdıstanın orta məktəb şagirdləri iştirak edirlər.

Әskişəhər valisi Güngör Әzim Tuna qeyd edib ki, olimpiadanın keçirilməsi üçün çox qısa zamanda hazırlıq işləri aparılıb. Olimpiadada iştirak üçün 1000-dək layihə təqdim edilsə də, onlardan yalnız 100-ü seçilərək olimpiadaya qatıla bilib. Olimpiadanın keçirilməsində əsas məqsəd Türk dünyasında şagirdlərin elmə marağını artırmaq, onları gələcəyin Nobel mükafatçısı kimi yetişdirməkdir. Vali bildirib ki, bu olimpiada türkdilli ölkələrin şagirdləri arasında əlaqələrin genişlənməsinə də imkan verir.

G.Ә.Tuna əlavə edib ki, sərgidəki modellər iyunun 4, 5 və 6-da nümayiş olunacaq. İyunun 7-də isə olimpiada yekunlaşacaq, qaliblərə pul və müxtəlif müküfatlar veriləcək.

Bundan əlavə, olimpiadada ilk yüzlüyə daxil olan layihələrin tanıtım filmləri çəkiləcək və "Kiçik əllər, böyük işlər" adı altında "TRT Avaz" televiziya kanalı ilə yayımlanacaq.

Tədbirdə Azərbaycan komandasının rəhbəri Həsən Qaralov tədbirin keçirilməsinə görə təşkilatçılara təşəkkür edib. O, Әskişəhərin valisinə Azərbaycanın tarixi ilə bağlı hədiyyə təqdim edib.

Olimpiadada Azərbaycanı Bakı şəhərindəki 34 saylı Texniki Yaradıcılıq Mərkəzinin dərnək üzvləri Elçin Məmmədov və Hüseyn Әsədov (layihədə birgə çalısdıqları müəllimi H.Qaralov olub), Quba şəhərinin 1 saylı orta məktəbinin şagirdi Atilla Məmmədli (layihədə birgə calışdığı müəllimi Aydın Məmmədli) təmsil edir.

Sərgi iştirakçıları ilk olaraq Azərbaycan komandasının modelləri ilə tanış olublar. Onlar şagirdlərin modellərindən razı qaldıqlarını açıqlayıblar.

Olimpiadada Elçin Məmmədov yazı yazan robot modelini nümayiş etdirir. O, qeyd edib ki, indiyədək belə robotlar olsa da, onun təqdim etdiyi model əvvəlkilərdən çox fərqlidir. Bu robotun hissələri daha da təkmilləşdirildiyindən, mexanizmdə bəzi yeniliklər edildiyindən, o, öz işini daha da mükəmməlləşdirib və çevikləşdirib. Robot sərgi iştirakçıları üçün kağız üzərində "Türk dünyası" sözlərini yazıb. Robotun işi iştirakçılar tərəfindən çox bəyənilib.

H.Әsədov isə sərgidə raket modelini təqdim edir. Bu raket saniyədə 250 metr uça bilir. Raketin üzərində "Qarabağ" sözünü yazmış H.Әsədov bildirir ki, Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Azərbaycan torpaqlarının azad edilməsi onun ən böyük arzularındadır. Torpaqlarımızın azad edilməsinə öz töhfəsini vermək istəyən şagird bu raketin praktikada tətbiqi sayəsində buna nail olmaq istədiyini söyləyib. Tədbirdə raketin iş prinsipi əyani surətdə nümayiş etdirilib, onun hazırlanması texnologiyası əməli şəkildə göstərilib. Münsiflər heyəti bu modeli şagirdin vətənpərvərliyi, torpağa bağlılığı baxımından daha çox dəyərləndirib.

A.Məmmədli olimpiadada "Ağıllı dibçək" nümayiş etdirir. O, sərgi iştirakçılarına bildirib ki, gülün sulanmaya ehtıyacı olduqda onun yerləşdiyi dibçək siqnal verərək sahibini bundan xəbərdar edir. Şagird bunun üçün dibçəyin orta hissəsinə - torpaq qatının ortasına xüsüsi proqramlaşdırılmış mexanizm yerləşdirib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR