• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Müdavim din xadimlərinə vahid geyim veriləcək

Müdavim din xadimlərinə vahid geyim veriləcək

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) nəzdində fəaliyyətə başlamış din xadimlərinin təkmilləşdirmə kurslarının ilk mərhələsi başa çatıb.

Publika.az-ın QMİ-nin saytına istinadən verdiyi xəbərə görə, qiymətləndirmə prosesindən sonra bu gün kursun ilk 50 müdaviminin buraxılış mərasimi keçirilib. Mərasimdə din xadimlərinə kursu bitirmələrinə dair müvafiq sertifikat təqdim olunub. Bir neçə gündən sonra isə din xadimlərinə QMİ tərəfindən hazırlanmış vahid geyim forması da veriləcək.

Təkmilləşdirmə kurslarına cəlb olunmuş din xadimləri – Azərbaycanın müxtəlif bölgələrini təmsil edən axundlar və imamlar bir aylıq müddət ərzində yüksək səviyyədə təşkil olunmuş mühazirələr dinləyib, müasir informasiya texnologiyaları ilə işləmək vərdişlərini dərinləşdirib, dini bilik səviyyələri ilə yanaşı, ictimai və dünyəvi biliklərini artırmaq imkanına malik olublar.

Din xadimləri bu dövr ərzində din-dövlət münasibətləri, din xadimlərinin nitq mədəniyyəti, Vətən tarixi, mədəniyyəti, dini maarifləndirmədə KİV-in rolu və s. mövzularda Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə müşaviri Kamal Abdulla, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi sədrinin I müavini Səyyad Salahlı, QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə və sədrin müavinləri, Bakı İslam Universiteti və Bakı Dövlət Universitetinin tanınmış alimlərinin sanballı mühazirələrini dinləyiblər.

Bundan əlavə, kurslara cəlb olunmuş din xadimləri tədris müddəti ərzində Şəhidlər xiyabanında olub, Mir Mövsüm Ağa ziyarətgahını və Bibiheybət məscidini ziyarət edib, Heydər Əliyev Mərkəzi, Ədəbiyyat Muzeyində və başqa məkanlarda olublar.

Azərbaycan dövlətinin qayğısı və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə ərsəyə gəlmiş təkmilləşdirmə kursları zamanı din xadimlərinin xüsusi ayrılmış məkanda qalmaları üçün bütün şərait yaradılıb, qidalanma, nəqliyyat və s. xərcləri QMİ tərəfindən qarşılanıb.

Din xadimlərinin təkmilləşdirmə kursları mütəmadi olaraq bundan sonra da davam edəcək.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR