• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Bakıda Konqresin Büro iclası keçirilib

Bakıda Konqresin Büro iclası keçirilib

Bakıda Avropa Yerli və Regional Hakimiyyətlər Konqresinin Büro iclası keçirilib.

Publika.az Ədliyyə Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, tədbirdə iştirak etmək üçün Konqresin rəhbər şəxsləri, o cümlədən qurumun prezidenti Herviq Van Staa və Büro üzvləri Azərbaycana səfərə gəliblər.

Səfər zamanı qonaqlar Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edərək məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb. Qonaqlar, həmçinin Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş həmvətənlərimizin məzarlarını ziyarət ediblər.

Bu gün Konqresin Büro iclasının təntənəli açılışı olub. Açılış mərasimində Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov, Konqresin prezidenti H.Van Staa, Milli Məclisin sədr müavini Bahar Muradova, Prezident Administrasiyası Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev, ölkəmizin Konqresdəki nümayəndə heyətinin üzvləri, bələdiyyə assosiasiyalarının, dövlət qurumlarının və vətəndaş cəmiyyətinin təmsilçiləri, bələdiyyə sədrləri iştirak ediblər.

Mərasimdə çıxış edən nazir F.Məmmədov ölkəmizin Avropa Şurası, o cümlədən Avropa Yerli və Regional Hakimiyyətlər Konqresi ilə yerli özünüidarəetmə sahəsində səmərəli əməkdaşlığını vurğulayaraq Konqresin 20 illik yubileyinin qeyd olunduğu tarixi bir məqamda Büro iclasının Bakıda keçirilməsini əlamətdar hal kimi dəyərləndirib.

Ölkəmizdə tədbir ərəfəsində Milli Qurtuluş Gününün qeyd olunduğu diqqətə çatdıran nazir ulu öndər Heydər Əliyev tərəfindən yerli demokratiyanın təşviqi, bələdiyyə institutunun formalaşdırılması və inkişafı istiqamətində mühüm addımların atıldığını, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə yerli özünüidarəetmə sahəsində aparılan qanunvericilik və institusional islahatlar nəticəsində bələdiyyələrin fəaliyyətinin xeyli təkmilləşdiyini, onların yerli əhəmiyyətli məsələlərin həllində rolunun artdığını, bələdiyyə assosiasiyalarının yaradıldığını bildirib, həyata keçirilən tədbirlərdə Konqresin fəal dəstəyini qeyd edib.

Konqresin prezidenti H.Van Staa çıxış edərək səmimi qonaqpərvərliyə və Büro iclasının yüksək səviyyədə təşkil olunmasına görə minnətdarlığını ifadə edib, sədrliyimiz dövründə Avropa Şurasının Azərbaycan üçün 2014-2016-cı illər üzrə Fəaliyyət Planının qəbul olunmasını yüksək qiymətləndirib, bələdiyyə assosiasiyalarının rolundan, yerli özünüidarəetmə sahəsində səmərəli təcrübə mübadiləsinin aparılmasından, habelə korrupsiya ilə mübarizənin əhəmiyyətindən danışıb, Konqresin Azərbaycanla məhsuldar əməkdaşlığının bundan sonra davam etdiriləcəyini bildirib.

Açılışda Milli Məclisin sədr müavini B.Muradova, Prezident Administrasiyasının şöbə müdiri Ş.Əliyev və digər çıxış edənlər Azərbaycan və Avropa Şurası ilə səmərəli əməkdaşlıqda həyata keçirilən tədbirlərdən, o cümlədən bələdiyyələrin yaradılmasından, onların fəaliyyətini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsindən, yerli əhəmiyyətli məsələlərin həllində rolundan, bələdiyyə assosiasiyalarının səmərəli fəaliyyətindən danışıb, Büro iclasının əhəmiyyətini qeyd ediblər.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistan tərəfindən torpaqlarımızın 20 faizinin zəbt olunması nəticəsində hazırda işğal altında olan 20% ərazilərimizdə yerli özünüidarəetmənin təşkilinin mümkünsüzlüyü, Azərbaycanın qaçqın və məcburi köçkünə çevrilmiş bir milyondan artıq vətəndaşının özünüidarəetmə hüququndan məhrum olması tədbir iştirakçılarının diqqətinə xüsusi olaraq çatdırılıb.

Sonra Büro gündəlikdə duran məsələlər üzrə öz işini davam etdirib.

Tədbir çərçivəsində ədliyyə naziri F.Məmmədovun və Konqresin prezidenti H.Van Staanın görüşü olub.

Avropa Şurası ilə sıx əməkdaşlığı qeyd edən nazir Konqresin Bakıda keçirilən Büro iclasının ikitərəfli əlaqələrə əlavə təkan verəcəyini vurğulayıb, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən demokratik islahatlar, o cümlədən ən gənc təsisat olan bələdiyyələrin fəaliyyətinin yaxşılaşdırılması, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi barədə məlumat verib, Konqreslə qarşılıqlı fəaliyyətin əhəmiyyətini, həyata keçirilən tədbirlərdə qurumun töhfəsini qeyd edib.

Ölkəmizə səfərindən məmnunluğunu bildirən cənab H.Van Staa respublikamızda gedən müsbət dəyişikliklərdən və qazanılmış nailiyyətlərdən heyran qaldığını söyləyərək Azərbaycanın hərtərəfli dinamik tərəqqisini təqdir edib. O, insan hüquqlarının müdafiəsində mühüm rol oynayan yerli demokratiyanın inkişafını qeyd edib, bu sahədə əməkdaşlığın daha da dərinləşməsinə böyük önəm verən Konqresin Azərbaycana bundan sonra da dəstək verməyə hazır olduğunu vurğulayıb.

Konqres prezidentinin, həmçinin Milli Məclisin Regional məsələlər Komitəsinin sədri Arif Rəhimzadə, Sumqayıt bələdiyyəsinin sədri, Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının rəhbəri Əbülfəz Babayevlə görüşü olub.

Həmin gün qonaqlar Heydər Əliyev Mərkəzi, Azərbaycanın tarixi və mədəni abidələri ilə tanış olublar.

Azərbaycan Avropa Şurasına üzv qəbul olunduqdan sonra bu mötəbər təşkilatla və onun struktur qurumları ilə səmərəli əməkdaşlıq münasibətləri qurulub, birgə fəaliyyət sahəsində mütərəqqi islahatlar həyata keçirilib və bir çox mühüm nailiyyətlər əldə olunub. Cari ilin mayında Avropa Şurası Nazirlər Komitəsinə sədrlik Avstriyadan Azərbaycana keçib. Sədrlik çərçivəsində Avropa Şurasının mühüm struktur qurumlarından olan, üzv dövlətlərdə yerli demokratiyanın inkişafına, regionlararası əməkdaşlığın gücləndirilməsinə, yaxşı təcrübələrin öyrənilməsi və tətbiqinə səmərəli töhfələr verən Avropa Yerli və Regional Hakimiyyətlər Konqresinin rəhbər orqanı olan Büronun iclasının Bakıda keçirilməsi qərara alınmışdı.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR