Azərbaycan mediasının OĞRULARI - ARAŞDIRMA
Bizi izləyin

Qırmızı.az

Azərbaycan mediasının OĞRULARI - ARAŞDIRMA

“Xəbərimiz istinadsız verilib”, “özəl məlumatlarımız sayta qoyulandan 5 dəqiqə sonra başqa sayt tərəfindən götürülür, bizdən daha çox oxunur, baxmayaraq ki xəbəri biz hazırlamışıq”, “əziyyəti biz çəkirik, bəhrəsini başqa saytlar görür”...

Son vaxtlar xəbər saytlarının sayı kimi, bu cür söz-söhbətlər də artıb. Onlayn xəbər portalları arasında sağlam rəqabətdən daha çox, istinad problemləri yaşanır. Bəzən xəbər saytlarının yalnız birinin lentinə baxmaq kifayət edir ki, ölkə gündəmi barədə bütün məlumatları alasan. Çünki hər kəs bir-birindən “kopyalamaqla” məşğuldur. Bəzən istinadlı, çox zaman da, təəssüf ki, istinadsız...

Bəzən xəbəri hazırlayan, ona əmək sərf edən qalır bir kənarda, digər bir sayt həmin məlumatı sosial şəbəkədə öz əməyinin məhsulu kimi “bəh-bəh”lə yayır.

Baxmayaraq ki, hər bir mətbuat orqanının əsas işi özünün hazırladığı məhsulu yaymaqdır. Məlumdur ki, bu məhsulun hazırlanması müəyyən vəsait hesabına başa gəlir. Bunun üçün şirkət əməkdaşlar toplayır, onlara müəyyən aylıq ödənişlər edir, xüsusi ofislər kirayələyir, texniki avadanlıqlarla öz işçilərini təmin edir. Digər hansısa bir sayt isə bunun əvəzində bir və ya bir neçə işçi ilə həmin saytın məlumatlarını götürüb, sadəcə, saytın adını yazmaqla yayır və özünə oxucu toplayır.

Bizdən fərqli olaraq, bir çox ölkələr, həmçinin qonşu Türkiyədə bu problemin həlli olaraq, məlumatlardan istifadə məhdudiyyəti tətbiq edilir. Saytlarda açıq formada xəbərlərdən istifadə qadağan edilir. Bəzən informasiyalar qapalı olmasa da, digərləri etika xatirinə həmin saytın məlumatlarından istifadə etmir. İşçilərinin sayı yetərli olmayan saytlar və qəzetlər məlumatı, əsasən, agentliklərdən müqavilə əsasında ödəniş etməklə alır.

Bəzi saytlar isə istinadı göstərməklə yanaşı, məlumatın sonunda ilkin mənbənin linkini də yaymağı özünə borc bilir.

Bəs ölkəmiz üçün bu təcrübə nə qədər realdır? Bizim saytlar öz informasiyalarının “kopya”lanmaması üçün nələr edir?

Bunu oğruların vicdanına buraxırıq

Milli.az xəbər portalının redaktoru Elçin Alıoğlu bu hallarla tez-tez qarşılaşdıqlarını deyir. Onun fikrincə, internet məkanında informasiyanın yerləşdirilməsi, yayımında məhdudiyyət onu ödənişli şəkildə yayan resurslarda ola bilər. Qərb mətbuatı buna keçsə də, Azərbaycan üçün hələ bu tezdir:

“Bizim portalın xəbərləri saytlar, televiziyalar tərəfindən istifadə edilir, lakin çox az hallarda istinad edilir. Biz isə digər saytlardan istifadə edərkən istinadı göstərməklə yanaşı, linki də yerləşdiririk. Ölkədə təxminən 12-yə yaxın qanun bu məsələni tənzimləyir. Lakin saytların əksəriyyətində oğurluq xəstəliyi var. Biz bu işi yalnız həmin sayt rəhbərlərinin vicdanına buraxırıq. Problemi məhkəmə yolu ilə həll etmək üçün gərək bütün işlərimizi atıb, yalnız bununla məşğul olaq. Hər gün 200-250 xəbər yayırıq, bunların hansının istifadə edilməsini izləmək üçün na maddi, nə də vaxt baxımdan imkanımız yoxdur”.

Saytın nəzarət etməsi çətinliyini nəzərə alaraq materiallardan istifadə məhdudiyyətinin qoyulmasına gəldikdə, E.Alıoğlu bununla razılaşmadı:

“Xarici mətbuatda abunə prinsipi tətbiq edilir. Bunun üçün bir variant məlumatın qapalı olmasıdır ki, bizim üçün real deyil. İkinci məqam “kopi-past” məhdudiyyətini qoymaqdır ki, bu məhdudiyyətin “sındırılması” elə də çətin deyil. Bir neçə il əvvəl “Röyters” bu üsula əl atmışdı və uğurlu alınmadı. Bunun üçün Mətbuat Şurasının təşkilatçılığı ilə sayt rəhbərlərinin toplantısı keçirilməlidir. Bunun oğurluq olduğu aydınlaşdırılmalıdır. Artıq buna son qoymağın vaxtı çatıb”.

Bu, qeyri-ciddi haldır

“Gündəlik teleqraf” qəzetinin baş redaktoru Taleh Şahsuvarlının sözlərinə görə, saytların bir-birindən kütləvi istinadı qeyri-bərəbər rəqabət mühiti yaradır. Buna görə də bütün dünyada xəbər yayan şirkətlərin əksəriyyəti buna qarşı sərt təpki göstərirlər.

“Eyni holdinqə daxil olan qurumlar eyni xəbəri olduğu kimi, yaxud əlavələr edərək yaya bilərlər. Amma 3-5 dəqiqə fərqlə eyni xəbərin bütün saytlarda yayımlanması həm etik, həm də şirkətin rəqabətə davamlılığı baxımdan da qeyri-ciddi haldır. Türkiyə və digər xarici ölkələrin saytlarında link göstərilsə belə, xəbərin yayımına icazə verilmir. Agentliklər məlumatları ödənişli olaraq satırlar. Bəzi internet qəzetlər var ki, abunə ilə işləyirlər və məlumatlar hər kəsə açıq olmur. Məlumatları açıq olanlar isə gəliri reklamdan götürürlər. Reklam almaları isə oxucu sayı, özəl informasiyalarından asılı olur”.

T.Şahsuvarlının sözlərinə görə, teleqraf.com saytının şəkilləri, məlumatları digər saytlar tərəfindən dəfələrlə yalnız müəllif qeyd edilməklə verilib: “Bununla da yanlış olaraq əməkdaşlarımızın həmin saytlarda çalışdığını göstərmiş olurlar”.

“Azərbaycanda xəbər saytları içərisində ilk beşlikdə olan saytlardan birinin materiallarının 98%-i başqalarından götürülür. Bu halların əsas səbəblərindən biri sayt açmaq bumu ilə əlaqədardır. İkinci məqam işçi qüvvəsinin və mediaya qoyulan kapitalın az olmasıdır. Media qurumlarının sayı ilə peşəkar jurnalistlər arasında balans pozulub. Lakin ən başlıca səbəb bəzi sayt rəhbərlərinin peşəkarlıqdan uzaq olmalarıdır. Çünki hər bir sayt fəaliyyətə başlayarkən oxucu auditoriyası, istiqamətini müəyyən edir və buna uyğun kadrlar toplayır. Azərbaycanda isə saytaların əksəriyyətinin dizayn, konsepsiya və bir çox xüsusiyyətlərinə görə oxşardır”. T.Şahsuvarlının sözlərinə görə, məsələnin həll yolu Türkiyə təcrübəsi kimi yazıların istinad edilsə belə, başqa media quruluşlarında istifadəsinin yasaqlamaqdır. Yaxud da, “kopi-past” məhdudiyyətini qoymaqdır. Bu zaman da informaisyaları vermək üçün agentliklərlə müqavilə imzalanar və ödəniş əsasında məlumatlardan istifadə edilə bilər.

Özünə hörmət edən oğurluq etməz

Axar.az saytının baş redaktoru Anar Niftəliyev dünyanın bütün media qurumlarında istinad olduğunu və bunun bir neçə formada tətbiq edildiyini bildirib:

“Portal agentlik materialına inanırsa və ona müdaxiləyə ehtiyac görmürsə, müəllif imzası kimi istinadı qoyur. Yaxud redaksiya özünə daxil olan məlumatın mötəbərliyini əsaslandırmaq üçün digər agentlik və portalların eyni məzmunlu xəbərinə istinad edir. Amma bizim qədər "kopi paste" edənlər yoxdur. “Kopi past" zamanı öz saytının adı da yazılır. Halbuki müəlliflik hüququ digər saytındır və bu zaman müəllif kimi də o göstərilməlidir”.

Onun sözlərinə görə, bizdə hansısa materialı – xarici xəbər agentliklərindən – götürüb işləyəndə mütləq saytlarının da adını yazmağa məcbur olurlar:

“Bir neçə dəfə bu praktikadan imtina etdik. Sonradan məlum oldu ki, bizdən "kopi past" edənlər zəhmət çəkib bu materialı hardan götürdüklərini də yazmırlar. Başqa sözlə desək, biz xəbəri hazırlayanda, məsələn, "Publika.az xəbər verir ki" sözünü "kopi past" edənlər üçün yazırıq. Halbuki dünyanın heç bir yerində portal - agentliklər girişdə ünvanlarını verirlər - xəbəri yayır, öz adını hallandırmır. Əlbəttə, xəbər bu saytdan oxunursa, daha onun adını oxucuya xatırlatmağa nə ehtiyac var? Bu yalnız o zaman olur ki, istinadlı xəbərə əlavə – rəsmi və ya qeyri-rəsmi – məlumat daxil edilir”.

A.Niftəliyevin sözlərinə görə, özünə hörmət qoyan heç bir portal və agentlik oğurluq etməməlidir:

“İstinad mədəniyyətsizliyindən ən çox əziyyət çəkənlərdən biri də bizik. Təsəvvür edin ki, hüquq-mühafizə orqanlarından rəsmi məlumat alırıq və təsadüfən şahidi olduğumuz hadisədən fotolar veririk, səhəri gün həmin xəbəri mötəbər bir agentlik hadisə şahidlərinə istinadla verir və sənin faktlarını sadalayır. Guya, hadisə şahidi qəza nəticəsində ölənlərin doğum tarixini, harda anadan olmasını özündə əks etdirən şəhadətnaməni əlində saxlayıbmış ki, birdən filan yerdən zəng edərlər”.

Masa arxasında “xəbər yazan” jurnalistlər...

Hüquqşünas Ələsgər Məmmədlinin sözlərinə görə, problem qanunvericilik bazasında həllini tapıb. “KİV Haqqında” qanunda göstərilib ki, informasiyaya müəlliflik hüququ yoxdur. Bir saytda yayılan informasiyanın digər saytların yayımı üçün həmin şəxsin icazəsinə ehtiyac yoxdur. Müəllif yazısı, reportaj, araşdırma xarakterli yazılarda isə müəllifdən icazənin alınması mütləqdir.

Xarici təcrübəyə toxunan Ə.Məmmədli məhdudiyyətin daha çox müəllif yazılarında tətbiq edildiyini bildirib:

“Türkiyə təcrübəsində saytların xəbərlərdə bir-birinə istinad etməməsinin səbəbi imiclə bağlıdır. Çünki hər biri böyük qurumlardır, digər bir saytın xəbərini istifadə etməyi düzgün qəbul etmirlər. Onlar ya agentliklərə ödəniş edərək xəbəri alır, ya da birbaşa mənbədən almağa çalışır. Ciddi rəqabət aparan qurum qarşı tərəfin xəbərini istinadla belə olsa verirsə, onun özündən üstünlüyünü qəbul etmiş olur. İmiclərinə zərər vurmamaq üçün istifadəsi açıq olan məlumatları belə yaymırlar. Bizdə bu anlayış formalaşmadığından, hər saytda 5-6 nəfər çalışır və onlar da masa arxasında məlumat toplamağa çalışırlar. Nəticədə informasiya bolluğunun yaradılması mümkünsüz olur, yalnız onlayn ortamda olan məlumatlardan “xəbər lenti” hazırlayırlar.

Ə.Məmmədlinin sözlərinə görə, bu halın kütləvi olması qanunvericilikdəki boşluq yox, peşəkarlıq baxımından medianın zəifliyi, gücsüzlüyü ilə əlaqədardır.

Xəbər oğruları

Media eksperti Rövşən Əliyevin sözlərinə görə, xəbər toplayan media qurumlarının özlərinin kopyalanmaları ilə bağlı bir siyasi maraqları da var: “Bir də əsas məsələ odur ki, peşəkar mühit yoxdur. Oğru ilə doğruya fərq qoyulmur”.

Ekspertin sözlərinə görə, geniş anlamda media mühiti təkcə jurnalistlərə yox, auditoriyaya da, bu auditoriyaya çıxmaq istəyən reklamverənlərə də aiddir.

“İstər auditoriya, istər reklamverənlər xəbər oğruları ilə sövdələşməyə girirlərmi? Onları boykot etmirlər ki? Cavab isə bəllidir. Lakin sayt rəhbərləri anlamalıdır ki, media qurumu yaradıb onun saytını açmaq başqa şeydi, Joomla, Wordpress şablonu götürüb, sayt açıb onu media qurumuna çevirməyə çalışmaq, xəbər mediası kimi sırımaq başqadır. İstənilən zehni əməyin məhsulu intellektual mülkiyyətdir və müəllif hüququ qorunmalıdır. Ancaq xəbər bir elmi kəşf-filan deyil ki, onun üçün patent alasan. Bu halda Qərb ölkələrində daha çox "fair use policy" tətbiq olunur. Yəni başqasının yazdıqlarını məhdud bir formada - sitat gətirmək, axtarış sistemlərinə çıxarmaq, diskussiya, parodiya, tədris üçün istifadə etmək olar. Burda xüsusi icazə lazım deyil. Ancaq bir media qurumunun xəbərini bir başqa media qurumunun öz xəbəri kimi verməsi yolverilməzdir”. Ekspertin fikrincə, bu cür çalışanlar media bazarında qala bilməzlər: “Məhkəmədən, hüquqi iddiadan daha çox peşəkar mühit onları dışlamalıdır. Oğru mediaya oxucu, reklamverən yaxın gəlməməlidir. Belə bir standart qanunvericilik yoxdur, ancaq başqasının əməyini oğurlamaq hər yerdə yolveriməzdir”.

Müsahibimiz əlavə edir ki, peşəkar mühit nə qədər güclü, sağlam olsa, bu problemlər də bir o qədər seyrək olar: “Bu tip problemlərlə Mətbuat Şurası məşğul olmalıdır. Görünür, prestijin, peşəkarlığın bir dəyəri olmadığından xəbər oğurluğuna qurşanan xəbər saytları çoxdur”.

Xarici təcrübəyə toxunan R.Əliyevin fikrincə, müxtəlif ölkələrdə qanunvericilik fərqli olasa da, bir qayda olaraq hiperlink verməklə məlumatın bir hissəsini götürmək normal sayılır.

“Dünyanın nüfuzlu media qurumları xəbər oğurlamırlar. Xırda-para oğrulara da baş qoşmurlar. Google PR saytların prestijini müəyyənləşdirən zamanlarda xəbər mediası bunda maraqlı idi. Bir sayta nə qədər çox istinad olardısa, onun ranqı bir o qədər yüksəlirdi. Bu, indi də önəmini itirməyib. Axtarış sistemlərində alqoritmləri tez-tez dəyişirlər, ancaq həmişə hiperlinkin çox olması həmişə saytların xeyrinə işləyib.

Texniki üsullarla da saytlar özəl məlumatlarını qoruyurlar. Misal üçün, “Financial Times” və “Wall Street Journal” özəl məlumatlarının çoxunu yalnız abunəçilərə açır. Bu da bir dilemmadır. Qıfıllı məlumatları görən az olur, təbii reklam gəlirləri də azalır. İndi sayt rəhbərləri seçməlidirlər. Abunə haqqı reklam imkanlarının daraldılmasını doğruldur, ya yox? Yəni dünyada xəbər oğurluğu probleminin birnəmalı həlli yoxdur. İnkişaf eləmiş ölkələrdə bu məsələ heç aktual da deyil. Parazitlik eləyənlərin işləyənlərdən qat-qat çox olduğu, və işləyənlə parazitə fərq qoyulmadığı yerlərdə bu problem aktualdır”.

Problem Mətbuat Şurasını da narahat edir

Mətbuat Şurasının sədri Əflatun Amaşov isə bu məsələlərdən xəbərdar olduqlarını və araşdırma apardıqlarını deyib. Onun sözlərinə görə, bu məsələ MŞ-nı uzun müddətdir narahat edir, Azərbaycan jurnalistlərinin peşə-davranış qaydalarında plagiatlığa yol verilməməsi qeyd edilib: “Lakin Azərbaycan KİV-lərində bu kimi qanun pozuntularına kifayət qədər rast gələ bilərik. Son vaxtlar bu pozuntuların sayı artıb. Bu artımın səbəblərindən biri də saytların sayının çoxalmasıdır. Həmin xəbər portalları informasiya götürdüyü sayt, portal və ya müəllifdən icazə almadan onların məlumatlarını 3-5 dəqiqə sonra öz saytlarında yerləşdirirlər. Çox zaman da istinad edilmir. Əvvəllər bu problemlə yalnız informasiya agentlikləri qarşılaşırdılarsa, bu gün xəbər portalları da bundan narahatdır. Dünyada bu çox ciddi qanun pozuntusu hesab edilir. Müəllif hüququ ilə bağlı Beynəlxalq Konvensiyalar var. Həmin sənədlərdə müəlliflik hüquqlarının sərhədləri göstərilib. Ölkə əhəmiyyətli hadisənin istinadla verilməsi normaldır. Lakin müəllif və köşə yazılarının kopyalanması yolverilməzdir. İndi saytlarda müşahidə edilən pozuntular çox ciddidir, bu halı törədənlər də bundan xəbərdardır”.

Ə.Amaşov rəhbərlik etdiyi Şuranın bu problem qarşısında ata biləcəyi addımlara da toxunub:

“Müəllif Hüquqları Agentliyi ilə birlikdə bu istiqamətdə araşdırma aparırıq. Yaxın vaxtlar məhz bu məsələ ilə bağlı tədbir keçirəcəyik. Artıq bu məsələ jurnalistikada ciddi problem olaraq qabarıb. Mətbuat Şurası olaraq biz bu sahədə mütəmadi araşdırmalar apara, tərəflərə tövsiyələr verə, ictimai qınağa çəkə bilərik. Məsələnin hüquqi müstəvidə həlli yalnız zərərçəkənlər tərəfindən edilə bilər”.

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm