• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Bağırov: “ Türkiyə ərazilərinin Ermənistanına birləşdirilməsi məqsədəuyğun deyil” – Gizli tarix

Bağırov: “ Türkiyə ərazilərinin Ermənistanına birləşdirilməsi məqsədəuyğun deyil” – Gizli tarix

İstedadlı tədqiqatçı Adıgözəl Məmmədovun Cənubi Azərbaycanda milli azadlıq hərəkatının məchullarına gün işığı tutan dəyərli araşdırmasının dərcini davam etdiririk. Tədqiaqtın mənbəşünaslar, iranşünaslar və ümumən Pişəvəri hərəkatı ilə maraqlanan hər kəs üçün maraqlı olacağını düşünürük.

(Yazının əvvəli ilə burda tanış olun: Pişəvəri hərəkatında ermənilər - GİZLİ TARİX)

Bütün bunlarla əlaqədar olaraq, M.Bağırov 21 oktyabr 1945-ci il tarixdə Bakı hərbi dairəsinin komandanı, ordu generalı İ.İ.Maslennikovla bərabər L.P.Beriyaya yenidən məktub yazaraq və öz narahatlığını bildirir. M.C.Bağırov Türkiyə ərazilərinin sovet Ermənistanına birləşdirilməsinin məqsədəuyğun olmadığını qeyd edərək, İraqdakı neft yataqlarına Cənubi Azərbaycan və İran Kürdüstanı vasitəsilə Mosula çıxmağın daha əlverişli olduğunu vurğulayır. O, bu xətti yeritməklə dünya ermənilərinin Türkiyə torpaqlarına iddialarının qarşısını aldı və onların fəaliyyətini neytrallaşdırdı.

№ 1, siy. № 89, iş № 95

Tam məxfi

SSRİ Daxili İşlər Xalq Komissarı Sovet İttifaqı marşalı

L.P.Beriya yoldaşa

ÜİK (b) P MK-nın İran Azərbaycanı və Şimali Kürdüstan məsələsi ilə bağlı 8 oktyabr 1945-ci il tarixli qətnaməsinin icra olunması məqsədilə tərəfimizdən aşağıdakılar həyata keçirilmişdir:

Azərbaycan SSR DİXK və DTXK-nin İran Azərbaycanında muxtariyyətçilik hərəkatının inkişafına mane olan şəxs və təşkilatların (jandarmlar, polislər, İran ordusunun zabitləri və s.) məhvi üzrə işi təşkil etmək iqtidarında olan 21 təcrübəli əməliyyat işçisi ayrılmışdır. Bu yoldaşlar həmçinin yerli əhalidən silahlı partizan dəstələri təşkil etməlidirlər.

Əməliyyat işçilərinə yardım üçün kənd təsərrüfatı işçiləri və kolxoz aktivi sıralarından uzun müddət DİXK-DTXK orqanları ilə bağlı olmuş və bir sıra konkret döyüş tapşırıqlarının yerinə yetirilməsi ilə əlaqədar olaraq yoxlanılmış 75 döyüşçü seçilmişdir.

Əməliyyat işçiləri və döyüşçülər qruplarla ilk növbədə Təbriz, Ərdəbil, Miyanə, Rezaiyyə və Marağa şəhərlərinə yollanacaqlar, digər rayonlara isə sonralar göndəriləcəklər.

Konspirasiya məqsədilə əməliyyat heyəti yerlər bizim İran Azərbaycanı şəhərindəki hərbi komendantlarımızın müavinləri kimi, döyüşçüləri isə həmin komendaturalarda sıravi kimi yerələşdiriləcəklər.

Yerlərə göndərilməzdən əvvəl ayrılmış işçilər Bakı şəhərində siyasi, hərbi və sosial hazırlıq keçəcəklər.

Azərbaycan SSR DİXK və DTXK-nin göstərilən işçilərinin (siyahı əlavə olunur) nəzərdə tutulmuş tədbirləri həyata keçirmək üçün ezam olunmasına sərəncam vermənizi xahiş edirik. 96 nəfərdən ibarət əməliyyatçı və döyüşçülərin İran Azərbaycanında uzun müddət qalması zərurətini nəzərə alaraq, onların saxlanması üçün ayda 100.000 rial vəsait ayrılması haqqında göstəriş vermənizi xahiş edirik.

Bakı hərbi dairəsinin komandanı Ordu Generalı (İ.İ.Maslennikov)

Azərbaycan K(b)P MK-nın katibi

(M.C.Bağırov)

Bakı şəhəri, 21 oktyabr 1945-ci il

№ 273

Bu müraciət L.P.Beriya tərəfindən müsbət həll olunmuşdu. M.C.Bağırov özünün növbəti addımlarını regionda real vəziyyəti nəzərə almaqla atır, tədbirlər görür və öz strategiyasını formalaşdırırdı. Bundan başqa, M.C.Bağırovun tapşırığı ilə yerli İran mətbuatında siyasi vəziyyətlə bağlı dərc olunan istənilən məqalə dərhal tərcümə olunurdu. Bütün bunlar vəziyyətə kor-koranə baxmamağa, analitik düşünərək, vəziyyti idarə etməyə çalışırdı.

16 noyabr 1945-ci ildə Təbriz qubernatorunun vəzifələrini icra edən Həsən Dövlətşahi, diviziya komandiri general Daraşahi, jandarmeriya rəisi Humayu İran Azərbaycanındakı vəziyyəti teleqrafla Tehrana çatdırdılar. Həmin gecə İran hökuməti növbədənkənar iclas çağırdı və hərbi nazir general Riyazi tərəfindən Azərbaycanda baş verən hədisələr haqqında məlumat dinlənildi. Hərbi nazir öz çıxışında əhalinin Sovetlər tərəfindən silahlandırılması və hazırlanan üsyan haqqında xəbər verdi.

İranın keçmiş baş naziri Mürtəza Bayat Təbrizə yeni qubernator təyin etdi və İran ordusuna tam hərbi hazırlıq əmri verildi.

Noyabrın 18-də SSRi-nin İrandakı səfirinin səlahiyyətlərini icra edən Əhəd Yaqubov İranın baş naziri Həkimi ilə görüşdü. Görüş zamanı Həkimi Sovet səfirinə yeni təyin olunmuş qubernatorun Təbrizdəki Sovet zonasına 2 piyada batalyonu və 1 jandarm qrupu ilə daxil olmasına köməklik etməyi və ümumilikdə isə II Dünya müharibəsinin sona çatması ilə əlaqədar olaraq Sovet Ordusu hissələrinin İran Azərbaycanı və İran Kürdüstanı ərazisindən çıxarılmasını xahiş etdi. Həkimi xahişinin yerinə yetirilməyəcəyini başa düşüb, noyabrın 19-da İran Xarici İşlər Nazirliyi vasitəsilə Tehrandakı Sovet səfirliyinə etiraz notası göndərdi. Notada Tehran Sovet hökumətini İranın daxili işlərinə müdaxilədə ittiham edirdi. Sovet İttifaqı Xarici işlər xalq komissarı notaya ertəsi gün cavab verdi. Notaya cavabda deyilirdi:

"Sovet hökuməti İranın daxili işlərinə müdaxilə etmir və Azərbaycanda baş verənlər İranın daxili işidir. Sovet qoşunlarının İrandan çıxarılması məsələsi isə gündəlikdə durmur".

Noyabr ayından başlayaraq, M.C.Bağırov hər gün Moskvaya – Stalinə, Molotova, Beriyaya və Malenkova məlumatlar verirdi. Bu məlumatları isə Bağırova əsasən İranda səfir vəzifələrinin icraçısı Ə.Yaqubov, DT komissarı S.Yemelyanov və Azərbaycanı Təbrizdə təmsil edən üçlük (M.İbrahimov, H.Həsənov, A.Atakişiyev) ötürürdü.

Noyabrın 18-də Təbrizdə 20 min nəfərlik mitinq keçirildi. Mitinqdə Seyid Cəfər Pişəvəri, Məhəmməd Biriya və İlhami çıxış edərək polislərə, jandarmlara, əsgərlərə müraciət etdilər: "Siz Azərbaycan xalqının oğulları və bizim qardaşlarımızsınız. Satqın adamlara qulaq asmayın, öz xalqınıza əl qaldırmayın".

Eyni zamanda Təbriz və Azərbaycanın digər şəhərlərində SSRİ-dən gətirilmiş silahla yerli sakinlər silahlandırılır və üsyançı dəstələr yaradırdılar. Bakı "üçlüyündən" Bağırova üsyançıların silahlandırılması üçün 10 min vahid hərbi sursat göndərilməsi xahişindən ibarət məktublar göndərilirdi.

1945-ci il noyabr ayının ikinci yarısında xalq yığıncaqları vasitəsilə Azərbaycan Milli Konqresinə 687 nümayəndə seçilir.

1945-ci il noyabr ayının 20-də saat 10-da Şiri-Xurşid teatrında Azərbaycan Milli Konqresi öz işinə başladı. Demokrat Partiyasının sədri Seyid Cəfər Pişəvəri və Səttarxanın qardaşı Hacı Əzimxan Milli Konqresin işini açıq elan etdilər. Konqresdə Azərbaycanın muxtariyyətinin və Milli Məclisə seçkilərin əsası qoyuldu.

Milli Konqres iştirakçıları tərəfindən Müəssislər Məclisi elan olundu. Eyni zamanda Milli heyət təsis edildi və tezliklə Milli hökumətin yaradılması planlaşdırıldı.

Noyabrın 23-də Milli Konqres Məhəmmədrza şaha, İran Məclisinin sədri Təbatəbaiyə və baş nazir İbrahim Həkimiyə müraciət ünvanladı. Müraciət 7 bənddən ibarət idi. I,VI və VII bəndlərdə deyilirdi:

I. Azərbaycan xalqı öz milli xüsusiyyətlərinə malikdir. Bu, xalqın dili, ənənələri, hüquqi və tarixi inkişaf yolundadır. Bu xüsusiyyətlər bizə İranın tamlığı və ərazi bütövlüyünə xələl yetirmədən "Atlantika xartiyası" əsasında millətin öz müqəddaratına təyin etmə hüququna malik olmağa əsas verir.

VI. Azərbaycan xalqının xüsusiyyətlərindən biri də onun ana dilidir. Milli Konqres Milli Heyətə tapşırır ki, Azərbaycanın bütün dövlət orqanlarında rəsmi dil kimi Azərbaycan dili işlədilsin.

VII. 700 nümayəndənin iştirak etdiyi Milli Konqres daxili işlərin idarə olunması üçün 39 nəfərdən ibarət Milli Heyət təsis etdi. Milli Heyət Azərbaycan Milli Məclisinə və İran Məclisinə seçkiləri təşkil edəcəkdir.

Adıgözəl Məmmədov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR