"Cin-şeytan çıxarmaq üçün uşaqların necə yandırıldığını dəfələrlə görmüşəm" - VİDEO
Bizi izləyin

Qırmızı.az

"Cin-şeytan çıxarmaq üçün uşaqların necə yandırıldığını dəfələrlə görmüşəm" - VİDEO

Mən bədii əsər yazmaq istəyirdim. Konqo Demokratik Respublikasında 2002-ci ildə 5 ay qaldıqdan sonra fikirləşirdim ki, “Cadugər uşaq” maraqlı hekayət ola bilər

Bu ay mediada, sosial şəbəkələrdə geniş müzakirə edilən məsələlərdən biri də ANS telekanalının “Adam içində” verilişində ailəsi ilə birgə iştirak etmiş 24 yaşlı Lamiyə Əliyevadan “cin çıxarıldığı” haqda görüntünün yayılması olub. Bundan sonra yayılan daha bir videodan bəlli olur ki, özünü “cin çıxaran” adlandıran bir şəxs ev şəraitində, Lamiyə Əliyevanın ailə üzvlərinin iştirakı ilə seans aparır, əli ilə Lamiyəni vura-vura “Quran” oxuyur, bir neçə dəfə kibrit yandıraraq onun bədənində söndürür.

Məsələyə Milli Televiziya və Radio Şurası da reaksiya verib. Şura hesab edib ki, yanvarın 10-da efirə gedən “Adam içində” verilişində “Televiziya və radio yayımı haqqında” qanunun bir sıra maddələrinin, “Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar”ın 2.4-cü bəndinin tələbləri pozulub. Şura buna görə ANS telekanalına xəbərdarlıq elan edib.

Qoy insanlar bu uşaqların necə işgəncələrə məruz qaldıqlarını bilsinlər

Hazırda Bakıda yaşayan ingiltərəli yazıçı Mayk Ormsbay bu günlərdə “Media forum” saytının qonağı olarkən bildirib ki, belə hadisələr ona çoxdan tanışdır və bu haqda roman da yazıb. “Cadugər uşaq” onun ilk romanıdır. Bundan başqa Ormsbay “Eybi yoxdur. Balkanlar”, “Bura Rumıniyadır”, “Qalib toxucu” kitablarının, bir neçə filmin ssenarisinin də müəllifidir. O, BBC-də jurnalist və təlimçi kimi fəaliyyət göstərib.

- Mayk, “Cadugər uşaq” romanınız haqda bizim oxuculara məlumat verməyinizi istərdik. Niyə bu kitabı yazmaq qərarına gəldiniz?

- Mən istədim ki, Konqo Demokratik Respublikasında yaşayan uşaqlar haqda hamı məlumatlı olsun. Qoy insanlar bu uşaqların cadugərliyə (sehrbazlıq) görə necə işgəncələrə məruz qaldıqlarını bilsinlər. Bu uşaqları yandırırlar və incidirlər.

Ancaq mənim əsərim ancaq ölüm haqda deyil. Burada komediya ilə faciə birləşir.

Mən həmçinin “qaranlıq Afrika” ilə “inkişaf etmiş” dünya arasında olan ənənələrin müqayisəli təsvirini vermişəm. Bəzi insanlar Afrikadakı dinləri və mədəni ənənələri primitiv hesab edirlər. Ancaq dərindən baxsaq görərik ki, bu gün müasir dünyada din adı altında mövcud olan ənənələrin onlardan heç bir fərqi yoxdur.

Mən katolik kimi tərbiyə almışam, uşaqlıqda keşiş olmaq istəyirdim. Afrikada missioner olmaq arzum vardı. Ancaq indi mən yazmağa üstünlük verirəm. Mən Con Lenonun dediyi sözləri təsdiqləyirəm: “İsa yaxşı adam idi, ancaq onun əshabələri sonradan hər şeyi korladı”.

Mən bədii əsər yazmaq istəyirdim. Konqo Demokratik Respublikasında 2002-ci ildə 5 ay qaldıqdan sonra fikirləşirdim ki, “Cadugər uşaq” maraqlı hekayət ola bilər. Romanı 2003-cü ildə yazmağa başladım, 2013-cü ildə bitirdim. Bu roman mənim öz təcrübəmə əsaslanır. Mən “İnternyus” təşkilatının Konqoda təlim keçən jurnalisti idim. Orada hətta ofis də yox idi. Eləcə mən idim. Sonra həyat yoldaşım Anjela da gəldi. Həmin vaxtlar o, operator kimi könüllü çalışırdı.

Anjela Konqoda həmin uşaqlarla bağlı iki film də çəkdi. Siz mənim romanımda haqqında bəhs etdiyim uşağın videosuna da baxa bilərsiniz. Onun kürəyini yandırıblar.

- Siz bu kitabı yazanda Ziqmund Freyd və Karl Yunqun nəzəriyyələrindən – psixoanalizdən istifadə etmisiniz?

- Mətnaltı və şüuraltı onların fikrilərindən istifadə etmişəm. Hər bir romanın psixoloji məqamları var, çünki hər bir müəllif çalışır ki, oxucu onun yaratdığı xarakterlərin daxili dünyasını görə bilsin.

- Siz Lamiyə Əliyeva məsələsinə münasibət bildirə bilərsiniz. Milli Teleradio Şurasının ANS TV-yə xəbərdarlığını necə qiymətləndirirsiz?

- Məncə, hökumət həm haqlıdır, həm də haqlı deyil. Haqlıdır ona görə ki, belə hadisələr canlı göstərilib şou xarakteri almamalıdır. Bunlar əyləncə deyil, əksinə, insanların təfəkkürünə təsir edəcək qədər təhlükəlidir. Belə hadisələr canlı deyil, montaj edilərək efirə verilməlidir.

Sonra nə baş verdi, biz gördük. Bir kişi ailəyə zəng edib, Lamiyəyə kömək edə biləcəyini söyləyib. Ailə də bunu qəbul edib. Mən həmin adamın Lamiyəyə necə kömək etdiyini “Youtube.com”da gördüm. Dırnaqarası kömək edirdi. Lamiyəni vururdu, kibriti yandırıb onun bədəninə basırdı. Bu, zorakılıqdır. Məncə, həmin adam cəzalandırılmalıdır. Lamiyə isə psixoterapiya kursundan keçməlidir.

Burada Konqodakı hadisələrlə oxşarlıq var. Konqoda da mən uşaqlardan guya cin-şeytanı çıxarmaq üçün onların necə yandırıldığını dəfələrlə görmüşəm. Konqoda artıq yeni qanun qəbul olunub. Kömək adı ilə insanları incidən, uşaqlara, gənclərə işgəncə verən şəxslər 3 ilə yaxın həbs cəzası alacaqlar. Mən ümid edirəm ki, Azərbaycanda da belə qanun qəbul olunacaq. Lamiyə xanımın da tezliklə professional psixoloji yardım alıb sağalacağına ümidvaram.

- Növbəti planlarınız nədir?

- Martda “Cadugər uşaq”ın ikinci hissəsi – “Cadugər uşaq. London” işıq üzü görəcək. O vaxta qədər də planlarımız var, görək necə olur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm