• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Baş onkoloq: “Bir ildə 4 mindən çox xərçəng xəstəsini əməliyyat etmişik”

Baş onkoloq: “Bir ildə 4 mindən çox xərçəng xəstəsini əməliyyat etmişik”

Şiş xəstəlikləri bütün canlı orqanizmlərdə müşahidə edilir. Təkamül prosesi güclü getdiyindən insanlarda bu xəstəliyə daha çox təsadüf edilir. Əvvəllər bu xəstəlik “yaman yara” kimi tanınırdı. Sonradan xəstəlik xərçəng adlandırılıb.

Onkoloqların sözlərinə görə, həmin şişə əllə toxunduqda onun xərçəng kimi yapışmış olduğunu hiss etmək mümkündür. Ümumdünya Səhiyyə Təşkilatı dünyada xərçəng xəstələrinin sayının ildən-ilə artması barədə məlumatlar yayıb. Bu xəstəlik daha çox inkişaf etmiş ölkələrdə yayılıb.

Azərbaycanda xərçənglə bağlı son məlumatlar, problemlər, hansı növ xərçəngin yayılması və qorunma yolları barədə baş onkoloq Azad Kərimli Publika.az-ın suallarını cavablandırıb. O, ölkə əhalisinin sayına nisbətdə onkoloji xəstələrin sayının çox olmadığını deyir:

“Ötənilki məlumata əsasən, 34 681 xəstə qeydiyyata alınıb, həmin xəstələrin 13284 nəfəri 5 il və ondan çox yaşayanlardır. Bu göstəriciyə əsasən deyə bilərik ki, onkoloji xəstələrin sayı çox deyil. Dünyada kişilər arasında daha çox ağciyər, traxeya, qadınlarda süd vəzi xərçəngi geniş yayılıb. Həmçinin bizdə də belədir. Xəstəlik daha çox əhalinin sıx olduğu yerdə yayılıb, ona görə də birincilik Bakıya düşür. Bölgələrə gəldikdə ən çox onkoloji xəstəlik cənubda aşkarlanıb.

Ötən il süd vəzisi xərçəngi ilə bağlı 9043 nəfər qeydiyyatda olub. İl ərzində 1519 nəfərə birinci dərəcəli diaqnoz qoyulub, 539 nəfərində xəstəlik profilaktik baxış zamanı aşkarlanıb. Onkologiya mərkəzinin həkim briqadası mütəmadi olaraq səyyar maşınlarla bölgələrə gedib müayinə aparır. Xəstəliyin ilkin mərhələdə aşkarlanması müalicəni də asanlaşdırır. Yerləşdiyi orqandan asılı olmayaraq 1-2-ci mərhələdə xəstələri tam sağaltmaq mümkündür. Təəssüf ki, müraciətlər daha çox 3-4-cü mərhələdə olur. Bu zaman müalicə də daha çətin başa gəlir. Ötən il ərzində 9064 xəstə qeydiyyata alınıb, onların 3898 nəfəri birinci-ikincili dərəcəli xərçəng olub. Xəstəliyin ilkin mərhələdə aşkarlanmasında xəstələr qədər onları müalicə edən həkimlər də diqqətli olmalı, düzgün istiqamət verməlidirlər”.

Hansı yaşda müayinə olunmaq lazımdır?

Həkimin sözlərinə görə, bu xəstəliklə mübarizədə müsbət nəticə əldə etmək üçün erkən diaqnoz önəmlidir. Bunun üçün də vaxtında həkimə müraciət edilməlidir. Lakin insanlar bu xəstəliyi qəbul etmək istəmir:

“Xüsusən 40 yaşını keçmiş qadınlar mütləq mamoqrafiya müayinəsindən keçməlidirlər. Bundan daha aşağı yaşlarda mamoqrafiya məsləhət görülmür, sadəcə, istisna hallarda şübhə varsa, bunu etmək mümkündür. Amma öz istəyi ilə müayinəyə gələnlərin sayı azdır. Kişilər isə ağciyər xərçənginə görə müayinədən keçməlidirlər. Lakin bizdə xəstələr əvvəl terapevt, cərrah və digər həkimlər, ya da el həkimləri tərəfindən müalicə olunurlar, son mərhələdə onkoloqa müraciət edirlər. Çünki bu elə bir xəstəlikdir ki, insanlar onu qəbul etmək istəmir. Xəstə yaxınları da çox vaxt onkoloji problem olduğunu xəstədən gizlətməyə çalışır, onları başqa xəstəxanada müalicə etdirirlər. Lakin istənilən halda sonda xəstə şüa müalicəsi, kimyəvi terapiya lazım olanda Onkologiya Mərkəzinə gəlir”.

Uşaqlar arasında xərçəng xəstələrinin sayı nə qədərdir?

Uşaqlar arasında 300-ə yaxın xəstə qeydiyyatdadır. Dörd il əvvələdək bizdə uşaq onkologiyası olmayıb. İmkanı olanlar xaricdə müalicə alıb, olmayanlar isə ölkədə bir az doğru, bir az yanlış müalicə alıb. İndi Uşaq Onkologiya Klinikasında uşaqların müalicəsi üçün bütün xidmət yaradılıb. Uşaqlar arasında əsasən, embirional şişlər və uşaqlara aid xərçəng xəstəlikləri yayılıb. Vaxtında aşkarlansa, onları müalicəsi mümkündür. Təəssüf ki, uşaqlar arasında da gecikmiş müraciətlər olur.

Onkoloji xəstəliklərdən necə qoruna bilərik?

Baş onkoloqun sözlərinə görə, xərçəngdən qorunmaq üçün təmiz hava, sağlam qidalanma və sinirləri sağlam saxlamaq lazımdı:

“Ölkəmizdə ekoloji təmizliyi təmin etmək çətindir. Çünki ağaclar kəsilib yerində binalar tikilir. Halbuki bir akasiya ağacı 40 kvadratmetr ərazini zərərli maddələrdən qoruyur, 5 belə ağacın kəsilməsinin nə qədər ziyan vurduğunu özünüz düşünün. Təbii qidalar qəbul edilməlidir, meyvə-tərəvəz gündəlik rasionda mütləq olmalıdır. Əhali arasında təbii qidalar qəbul etməyə maraq çoxdur. Xarici məhsullar da ekoloji baxımdan təmiz olmalıdır”.

Bəzi fikirlərə görə, onkoloji xəstəliklər genetikdir. Valideynlər hansı növ xərçəngdən ölüblərsə, övladlarında da həmin növ xərçəng aşkarlanır. Onkoloqun sözlərinə görə, xərçəng xəstəliyinin genetik olması barədə məlumat düzgün deyil. Çünki bu xəstəliyin yaranma səbəbi naməlumdur.

Dövlət və özəl xəstəxanalarda yanlış müalicə edilir

A.Kərimlinin sözlərinə görə, özəl xəstəxanalara, xarici həkimlərə maraq öz həkimlərimizə olan inama təsir edib:

“Televiziyalar ancaq özəl xəstəxanaların və əcnəbi həkimlərin reklamı ilə məşğuldur. Onlar əhalini çaş-baş salır. İnsanlar özəl xəstəxana, xarici həkim və onkologiya mərkəzi arasında qalır, hansının düzgün diaqnoz qoymasını müəyyən edə bilmir. Amma hər kəs bilməlidir ki, mütəxəssisə müraciət etmək lazımdır. Xaricdən gələn həkim bir neçə sahə üzrə əməliyyat edir və 3 gün sonra ölkəsinə qayıdır. Xəstənin sonrakı taleyi ilə maraqlanmır. Özəl və dövlət xəstəxanalarında xəstələri yanlış müalicə edirlər. Xəstə son mərhələdə bizə müraciət edir. Əvvəldən xəstənin problemini bildikləri halda, yanlış müalicə aparan həkimlər ölkənin imicinə zərər vurur”.

Xəstələrin xarici ölkələrə müraciət etməsi yanlış diaqnozla bağlı ola bilərmi?

Baş onkoloq bunun mümkün olmadığını deyir: “Onkologiya mərkəzində heç bir xəstəyə yanlış diaqnoz qoyula bilməz. Əksinə bizim qoyduğumuz diaqnozu türk həkimləri əvvəl inkar edilsə də, bir neçə ay sonra təsdiqini tapması faktları ilə qarşılaşırıq. Bizdə yanlış diaqnoz qoyulması ilə razılaşmıram. Ola bilər kiməsə özəl xəstəxanada diaqnoz qoyulub. Bu, xəstənin öz günahıdır. Onkoloji xəstəlik üçün onkologiya mərkəzinə müraciət edilməlidir.

Azərbaycanda onkoloji xəstəliklərin müalicəsi digər ölkələrdən geri qalmır. Onkologiya mərkəzinin yeni binası istifadəyə veriləndən sonra imkanlarımız daha da genişlənib. Köhnə binada 360-a qədər əməliyyat edə bilirdiksə, burada ildə 4 minə yaxın cərrahiyə əməliyyatı aparılır. Qida borusu və udlağın xərçəngində udlağın total götürülməsi və mədənin böyük əyriliyindən qida borusu yaradılıb dilin kökünə tikilməsi əməliyyatı 8-10 saat çəkir və bu, dünya praktikasında nadir təsadüf edilən əməliyyatlardandır. Ümumilikdə bizdə 6 bu cür əməliyyat edilib. Laporaskopik (lazer) üsulu ilə mədəni götürürük, yoğun bağırsağın rezeksiyalarını, uroloji, genekoloji əməliyyatlar edirik”.

Xərçəngin müalicə xərci

Sirr deyil ki, onkoloji xəstəliyin çətin məqamlarından biri də müalicə xərcləridir. Bəzən imkansızlıqdan normal müalicə almayan, ölümə məhkum olan xəstələr az deyil. Baş onkoloq isə bu iddialarla razılaşmır:

“Xərçəng xəstəliyinin müalicəsində bütün xərclər dövlət hesabına ödənilir. Xəstəyə heç vaxt siyahı yazıb vermirik ki, bu dərmanları almalısan. Əməliyyatlar da pulsuz edilir”.

Baş onkoloq həkimlərin xəstədən pul tələb etməsini qəbul etməsə də, xəstələrin həkimə pul verməsini də inkar etmədi: “Həkimi həmişə el dolandırıb. Bu təkcə bizdə deyil, bütün dünyada belədir. Həkim heç vaxt xəstəyə demir ki, get pul gətir. Bizim insanlar halallıq almaq üçün pul verə bilərlər. Amma buradan heç kimi izləyə bilmərik. Biz kiminsə qapıçıya bir manat verməsinə nəzarət edə bilmərik.

Müayinə zamanı Qəbələ rayonunda üç uşaq anasına qalxanvari vəzin xərçəngi diaqnozu qoyulub, Bakıya gətirib, əməliyyat etmişik. Həkimlər öz qanını verib, amma bu hallar yazılmır. Bu məqamları da işıqlandırmaq lazımdır”.

Gülxar Şərif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR