• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Heydər Əliyevin Şevardnadzeyə vəsiyyəti - Fotolar

Heydər Əliyevin Şevardnadzeyə vəsiyyəti - Fotolar

“Məxməri”yə nifrət edən eks-prezidentin həyatı

87 yaşlı Eduard Şevardnadze vəfat etdi. Keçmiş SSRİ-nin, eləcə də Cənubi Qafqazın ən önəmli siyasətçilərindən olan Şevardnadze bu gün həyata göz yumdu.

Publika.az Gürcüstanın ikinci prezidenti Eduard Şevardnadzenin siyasi həyatını təqdim edir.


Şevardnadze 1928-ci ildə soyuq yanvar ayının 25-də dünyaya gəlib. İlk təhsili Tbilisi tibb texnikumunda alır, daha sonra 1959-cu ildə A. Sulukidze adına Kutaisi pedaqoji institutunu bitirir.

1946-cı ildən komsomol və partiya işində çalışır. 1961-ci ildən 1964-cü ilədək Mtshetada Gürcüstan Kommunist Partiyasının rayon şöbəsində birinci katibi, sonra Tiflis rayon komitəsinin birinci katibi, 1964-cü ildən 1972-ci ilədək ictimai asayişin mühafizəsi nazirinin birinci müavini vəzifəsində işləyir. Daha sonra Gürcüstanın daxili işlər naziri olur. 1972-ci ildən 1985-ci ilədək Gürcüstan Kommunist partiyasının Mərkəzi Komitəsinin birinci katibi vəzifəsində çalışır.

1985-ci ildən 1990-cı ilədək SSRİ-nin süqutunadək ittifaqın xarici işlər naziri vəzifəsində çalışıb. Həmçinin Siyasi Büronun üzvü olub.

1990-cı ilin dekabrında diktaturaya qarşı etiraz əlaməti olaraq istefaya gedir. Həmin il Kommunist Partiyasından da çıxır. 1991-ci ilin noyabrında Qorbaçovun dəvəti ilə yenidən SSRİ-nin xarici işlər naziri postuna qayıdır. May ayında ittifaqın dağılmasından sonra bu vəzifə də ləğv edilir.

1991-ci ilin dekabrı - 1992-ci ilin yanvarında Şevardnadze Gürcüstanda hərbi çevrilişin əsas müəllifi idi. O, Zviad Qamsaxurdianın yerinə gəlir və faktiki olaraq vətəndaş müharibəsini dayandırır.

1992-ci ildən 1995-ci ilədək Gürcüstan Dövlət Şurasının və parlamentin sədri olur. 1995-ci ildən Gürcüstanın prezidenti seçilir.

2003-cü il özü ilə “qızılgül inqilabı”nı gətirir. O vaxtadək prezidentlik edir - Şevardnadze 2000-ci ildə keçirilən prezident seçkilərində ikinci dəfə qalib gəlir. Lakin ikinci müddətlik prezidentliyini sonadək davam etdirə bilmir.

2003-cü il noyabrın 2-də keçirilən parlament seçkilərində müxalifət küçələrə çıxdı və “məxməri inqilab” baş verdi. Seçki günündən 21 gün sonra, noyabrın 23-də Şevardnadze istefaya getdi və yerini Saakaşviliyə verdi.

Daha sonra o, Saakaşviliyə görə gürcülərdən üzr istəyəcəkdi: “Onda mənim vaxtından əvvəl istefaya getməkdən başqa seçimim yox idi, amma mən hakimiyyəti Mixail Saakaşviliyə verdiyimə görə çox peşmanam və buna görə Gürcüstan xalqından üzr istəməyə hazıram. Öz səhvimi boynuma alıram və xalqdan üzr istəyirəm”.


Qeyd edək ki, Şevardnadzenin Heydər Əliyevlə yaxın dostluğu olub. SSRİ-nin zamanından qurulan bu dostluq sonrakı dövrdə Azərbaycan və Gürcüstan arasında yaxınlığa da səbəb olub.
O, Heydər Əliyevlə bağlı xatirələrində deyirdi: “Onun haqqında danışacaqlarımdan böyük kitab yazmaq olar. Belə alındı ki, Heydər Əliyev məndən üç il tez Mərkəzi Komitənin katibi oldu. Bir yerdə işləyirdik, dost olmuşduq. Qəfildən Heydər Əliyevi Siyasi Büronun üzvü və baş nazirin birinci müavini kimi Moskvaya köçürdülər. O vaxtlar baş nazir Tixonov idi. Qorbaçov hakimiyyətə gələndən bir neçə müddət sonra məni də Moskvaya dəvət etdilər. Xəbərdarlıqsız məni də Siyasi Büronun üzvü və xarici işlər naziri təyin etdilər. Bayaq dediyim kimi, Heydər Əliyev məndən qabaq Siyasi Büronun üzvü seçilmişdi. Son 20 ildən çox Sovet Sosialist Respublikaları İttifaqının xarici işlər naziri Andrey Andreyeviç Qromıko idi. Çox istedadlı alim idi. Düzdür, diplomatik işdə çox fəal deyildi, amma Sovetlərin əsl diplomatiya məktəbini yaratmışdı. O özü bunu akademiya adlandırırdı. İlham Əliyev də həmin akademiyanın məzunu olmuşdu. Ondan sonra mənim rəhbərliyim altında SSRİ Xarici İşlər Nazirliyində işləyir və Amerika istiqamətində çalışırdı.

Heydər Əliyevlə bizim münasibətlərimiz mən Moskvaya gələndən sonra da davam edir, daha da dərinləşirdi. Lakin Heydər Əliyev artıq Qorbaçovun rəhbərliyi altında əvvəlki kimi həvəslə işləmirdi. Onların arasında nə isə baş vermişdi, mən bunu dəqiq xatırlamıram və sözün düzü, Heydər Əliyevlə rəhbərlik arasında olan bu məsələylə maraqlanmırdım. Amma bir əməkdaş, Siyasi Büronun üzvü kimi o, böyük işlər görür və böyük məsələləri həll edirdi. Əsasən, Heydər Əliyev ərəb ölkələri və islam dünyası ilə münasibətləri kurasiya edirdi. Bütün bu işləri yüksək peşəkarlıqla yerinə yetirirdi. Günlərin bir günü o mənimlə görüşdü və dedi ki, mən Azərbaycana qayıtmalıyam. Soruşdum ki, axı nə baş verib? Cavabı belə oldu ki, vaxt gələr, deyərəm, indi vaxtı deyil. Və o, öz vətəninə, Naxçıvana qayıtdı. Əvvəlcə bu muxtar vilayətin rəhbəri, sonra Milli Məclisin sədri oldu, ardınca da Azərbaycanın prezidenti seçildi”.

Heydər Əliyevin sonuncu dəfə Şevardnadzeyə dedikləri də maraqlıdır. Bu barədə də gürcü eks-prezident sağlığında özü danışıb: “Onu Türkiyəyə müalicəyə göndərdilər. İki həftə orda qalandan sonra türkiyəli həkimlər məsləhət gördülər ki, Əliyevi Amerika Birləşmiş Ştatlarına aparsınlar. Orda böyük bir klinika vardı. Beləliklə, onu Amerikaya apardılar, iki-üç gündən sonra biz onunla əlaqə saxladıq. Həmişəki Heydər idi. Ondan sonra da 4-5 dəfə də əlaqə saxladıq. Amma bu, artıq həmişəki Heydər deyildi. Hiss edirdim ki, hər dəfə onun səsi daha da zəifləyir, vəziyyəti pisləşirdi. Sonuncu danışığımız heç vaxt yadımdan çıxmaz. O çox çətinliklə danışırdı. Dedi ki, Eduard, bizim xalqlarımız arasında dostluğu qoruyub saxlamağa çalış. Bu, mənim üçün bir vəsiyyət idi.

Başqa bir gün zəng elədim, o, artıq vəfat etmişdi”.

Artıq iki dostun heç biri həyatda yoxdur. Qəbirləri nurla dolsun.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR