• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

MTN-dən vəhhabilərin aktivləşməsinə reaksiya

MTN-dən vəhhabilərin aktivləşməsinə reaksiya

Suriya və İraqda dəhşətli cinayətlər törədən “İraq Şam İslam Dövləti” terror təşkilatının Azərbaycanda da aktivləşməsini istəyənlər tapılır. Feysbuk sosial şəbəkəsində azərbaycanlı vəhhabilərdən bəziləri İŞİD-çilərlə bağlı hər gün yeni məlumatlar yayır və günahsız insanları misli görünməmiş vəhşiliklə qətlə yetirən bu terror qruplaşmasının əməllərinə haqq qazandırmağa cəhd edirlər.

Sumqayıtda bir maşının arxasında İŞİD bayrağının asıldığı da sosial şəbəkələrdə, daha sonra isə mediada özünə yer elədi. Amma hüquq mühafizə orqanlarından hər hansı açıqlama verilmədi. Maraqlıdır, sosial şəbəkədə İŞİD təbliğatı aparan, maşınına İŞİD bayrağı vurmaq səviyyəsində cəsarət göstərən, Sabirabada “saqqal qırxılması razborkası” aparmağa gedən və bu gedişdən çəkdikləri video-görüntünü sosial şəbəkədə yerləşdirən terror qruplaşması dəstəkçilərinə qarşı hansı addım atılır?

Məsələ ilə bağlı Axar.az-a danışan Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Zahid Oruc bu kimi hallarda tədbirli olmağın vacibliyini bildirdi:

“Bu kimi məsələlərdə olduqca həssas və diqqətli olmaq lazımdır. Mübarizə aparmaq üçün isə “İnformasiya Cinayətləri haqqında” qanun qəbul edilməlidir. İnsanların hər hansı bir informasiya vasitələrində və yaxud insanların kütləvi görə biləcəyi yerlədə terrorizm və digər bu kimi fəaliyyətlə məşğul olan birləşmələrin təbliğatını aparması böyük cinayətdir”.

Millət vəkili bu kimi hallarla mübarizədə beynəlxalq nümunədən də danışıb:

“Beynəlxalq nümunə üçün ABŞ-a baxmaq lazımdır. Təkcə 2003-cü ildə Əl-Qaidəni təbliğ etdiyi üçün nə qədər insan ABŞ-da həbs edilib. Terrorizmi təbliğ etmək terror fəaliyyəti ilə bərabər tutulur və ağır formada cəzalandırılır”.

Millət vəkili internetdə yayılan və terror təbliğatı sayılan materialları yayanların tapılmasındakı çətinlikdən də danışıb:

“Çox vaxt bu kimi məlumatları yayan şəxslər 3-cü ölkənin internet məkanından istifadə edirlər. Azərbaycanda araşdırma aparılsa, bu kimi məlumatları yayanların internet ünvanı kimi Kanada və s. bu cür ölkələr çıxacaq”.

Zahid Oruc Türkiyədə fəaliyyət göstərən, İŞİD və ona bənzər terrorçu qrupların maraqlarına xidmət edən təşkilatların təbliği ilə məşğul olan media qurumları haqqında da danışıb:

“Türkiyə hökumətinin Azərbaycanla olan münasibətinə tamamilə zidd olan bir sıra media qurumları var. Əgər onlar Azərbaycanda dini qarşıdurma yaratmağa xidmət edirlərsə, Azərbaycan Xarici İşlər Nazirliyi bununla bağlı Türkiyənin müvafiq nazirliyinə və güc strukturlarına müraciət etməlidir”.

Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü olan deputat informasiya savaşından danışarkən ölkəmizin 30-40 faizlik “işğal” yaşadığını deyib:

“Azərbaycanın ən önəmli məsələsi 20 faizdən çox torpağımızın işğal altında olmasıdır. Ancaq təəssüf ki, informasiya məkanımızın 35-40 faizi bizə qarşı olan, maraqlarımıza zidd düşüncə daşıyan insanların əlindədir. Bunun özü də ciddi problemdir”.

Daxili İşlər Nazirliyin mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə bu məsələlərin milli təhlükəsizliklə bağlı olduğunu bildirdi:

“Bu məsələ sırf ölkənin milli təhlükəsizliyi ilə bağlıdır. Ona görə də sualınıza biz cavab verə bilmərik”.

Milli Təhlükəsizlik Naziriliyinin mətbuat xidmətinin cavabı da belə oldu:

“Daxili İşlər Nazirliyi ilə əlaqə saxlayın”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR