“Qaçaq Nəbi”yə görə Qorbaçova teleqram vurdular
Bizi izləyin

Qırmızı.az

“Qaçaq Nəbi”yə görə Qorbaçova teleqram vurdular

Modern.az saytının “Kadrarxası” layihəsi bu həftə də qaldığı yerdən davam edir. Bu dəfə kadrarxasında məşəqqətli tale yaşayan “Qaçaq Nəbi” filminin rejissoru, dövlət mükafatı laureatı, əməkdar incəsənət xadimi, tanınmış aktyor, rejissor Əbdül Mahmudov danışır.

Arayış: 15 may 1944-cü ildə Hacıqabul rayonunun Atbulaq kəndində anadan olmuş Əbdül Mahmudov əslən Şamaxıdandır. Ata tərəfi Ərdəbildən gəlib. 1961-ci ildə orta məktəbi bitirən Ə.Mahmudovun kinoya gəlişi uşaqlıq illərində çəkildiyi “Bir məhəllədən iki nəfər” və “Leyli və Məcnun” filmlərilə baş verib.
O, 1962-1966-cı illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda Adil İsgəndərovun kursunda aktyorluq ixtisasına yiyələnib. “Axırıncı aşırım” filmi çəkilən müddətdə isə Moskvada Ali rejissorluq və ssenaristlər kursunun rejissor bölməsinə daxil olub. 1971-1973-cü illərdə Moskvada Andrey Tarkovski, Leonid Trauberq, Vasili Şukşin və G.Daneliya kimi məşhur sənətkarlardan dərs alıb. 1966-cı ildən "Azərbaycanfilm" kinostudiyasında aktyor işləyib. Bir ara kinostudiyanın nəzdindəki kino-aktyor teatrının bədii rəhbəri olub. Dövlət mükafatı laureatı, əməkdar incəsənət xadimidir. Ailəlidir, iki övladı, iki nəvəsi var.

“Qaçaq Nəbi” filmi uzun istehsal dövründən sonra 1985-ci ildə çəkilməyə başalayıb. O vaxt vəzifə sahibi olan erməni Mevedev soyadlı birisi filmin çəkilişinə hər vəchlə maneçilik törətməyə çalışsa da, buna nail ola bilməyib.

Filmin ssenari müəllifləri Süleyman Rüstəm, Əhmədağa Muğanlı, quruluşçu rejissor Əbdül Mahmudov, Həsənağa Turabov, quruluşçu operator Kənan Məmmədov, quruluşçu rəssam Kamil Nəcəfzadə, bəstəkar Emin Sabitoğlu, səs operatoru Əsəd Əsədov, mahnıların mətni Eyvaz Borçalı, mahnı ifa edən Niyaməddin Musayev və “Qarabağ bülbülləri” ansambılının üzvlərindən biridir.

Rollarda Həsənağa Turabov, Mömünat Qurbanova, Gümrah Rəhimov, Ənvər Həsənov, Ömür Nağıyev, Eldəniz Quliyev, Rasim Balayev, Ramiz Əzizbəyli, Şahmar Ələkbərov və başqaları çəkilib.

Əbdül Mahmudov: “Film əsasən Qobustanda “Kiçik daş” deyilən ərazidə, Şamaxının Baba dağı, Zarat, Xeybət, Xınıs, Dəmirçi kəndlərində, Laçının qayalıqlarında və Cəfər Cabbarlı adına kinostudiyanın pavilyonunda çəkilib. Filmin çəkiliş müddəti janrdan asılı olaraq müəyyən olnurdu. “Qaçaq Nəbi” filminə 1 il 2 ay vaxt verilmişdi”.

“Yatsam yuxuma girməzdi ki, Süleyman Rüstəm bu işə razılıq verər”


Əbdül Mahmudov:
“Mənəvi atam İsa Muğannanın bir ssenarisi üzərində işləyirdim. Təsadüfən məclislərin birində Süleyman Rüstəmlə rastlaşdıq. Bizi tanış etdilər. Mən Süleyman müəllimə bildirdim ki, onun “Qaçaq Nəbi” əsərini hələ orta məktəbdə olarkən səhnədə oynayırdıq. Buna uyğun olaraq bildirim ki, bu dram əsəri əsasında yaxşı bir film çəkmək olar. O soruşdu: “Necə?”. Mən də dedim ki, “siz arxasında dursanız, çox asanlıqla”. Hadisənin üstündən bir həftə keçmiş mənə zəng gəldi ki, Süleyman Rüstəm səninlə görüşmək istəyir. Doğrusu yatsam yuxuma girməzdi ki, belə bir şey olar”.

“Qərara gəldik ki, görüşə Əhmədağa Muğanlı ilə birgə gedək. Novruz bayaramı ərəfəsi idi. Süfrəyə çay dəstgahı, o cümlədən “İran xuruşları” gətirdilər. O vaxt İranla əlaqələr olmadığından bu təamlar bizə maraqlı gəldi. Süleyman Rüstəm bildirdi ki, həmin xuruşları onun üçün Şəhriyar göndərib.

Elə orada planlaşdırıldı ki, ssenarini Süleyman Rüstəmlə Əhmədağa Muğanlı yazsın. Mən baş verənlərə çox sevindim. Həm ulu Şəhriyarın göndərdiyi bayram payından yedik, həm də ümumi razılığa gəldik. Qərara alındı ki, qısa zaman ərzində sifariş ərizəsi hazırlansın və SSRİ Kinematoqraifya Komitəsinə təqdim edilsin”.

“Süleyman Rüstəmin xoş münasibəti məni ürəkləndirdi. Dedim: “Şəhriyar xuruşları göndərib Süleyman Rüstəm üçün, axı biraz düz gəlmir. Dedi: “Niyə?”. Dedim: “Biz yedik, balalarımız da Şəhriyar babalarının göndərdiyi bayram payından yemək istəyir. Bu zaman Süleyman Rüstəmin ürəyi getdi gülməkdən. Sən demə xanımı hazırlığını görübmüş. Sözüm bitən kimi iki dənə balaca zənbil verdilər bizə. Beləcə “Qaçaq Nəbi filmi” ərsəyə gəlməyə başladı”.

Müsahibimiz bildirir ki, o vaxt Dövlət Kinematoqrafiya Komitəsində sədr olan Azad Şərifovla aktyor Adil İsgəndərov arasında olan narazılıq çəkiliş üçün problem yaradır. Belə ki, A.Şərifov A.İsgəndərov kinostudiyadan getdikdən sonra onun tələblərinə qarşı pis münasibətdə olur.

Yekun qərarın verilməsində S. Rüstəm böyük rol oynayıb



Əbdül Mahmudov: “
“Qaçaq Nəbi”yə qədər mənim işlədiyim ssenarini əlimdən alıb başqasına verdilər. O vaxt kinostudiyanın rəhbəri Cəmil Əlibəyov idi. Milli ruhu, gənclərə dəstəyilə seçilirdi. Filmin mənə verilməsinə Azad Şərifov narazılıq etmişdi ki, “tarixi mövzudur, Əbdülə verə bilmərik” və s. Süleyman Rüstəm məsələyə müdaxilə edərək bildirib ki, “əziyyəti bu kişi çəkib, mənim qapıma gəlib, razılıq əldə olunub, əgər filmi Əbdül Mahmudov çəkməyəcəksə, mən ssenarimi vermirəm”.

“Cəmil müəllim məni çağırıb hadisədən hali etdi. Müzakirə etdik ki, bu işi necə yoluna qoyaq. Qərara gəlindi ki, məsələyə Həsənağa Turabovu da qoşaq. Çünki, Turabov Azad Şərifovla dost idi”.

“Ssenarini dəyişməli olduq”

Əbdül Mahmudov: “Mən filmin ssenarisini başqa cür qurmuşdum. Film belə başlayırdı: balaca Nəbi qoyun sürüsünə çobanlıq edir, dağda yağışa düşür, qayalıqların arasında canavar onun qoyunlarına hücum edir. Mənim ssenarimə görə, film Nəbinin uşaqlığından - onun canavarlarla vurşmasından başlayırdı. Canavarlarla əlbəyaxa olaraq camaatın qoyunlarını xilas edir. Bu epizodla onun hələ uşaqlıqan mübariz olması göstərilirdi. Buna etiraz yarananda qərara gəldik bəzi dəyişiklik edək, Nəbini yalnız qısasçı kimi yox, həm də el qəhrəmanı kimi qələmə verək. Buna görə də Nəbinin yaşını da dəyişdik”.

“Aktyorlar seçiləndə sınaq çəkilişləri oldu. Cəmil Əlibəyovun təklifilə qərara aldıq ki, baş rola Həsənağa Turabovu çəkək. Artıq bizimlə konfliktdə olan Azad Şərifovun cığallıq etməyə yeri qalmadı. Çünki, Azad Şərifovla Turabov möhkəm dost idilər. Həsənağa Turbovun xatirinə bəzi epizodları dəyişdik. Beləcə qarşıdurma, gərginlikdən sonra filmin çəkilişinə start verildi”.

Filmin ərsəyə gəldiyi müddətdə Həcər obrazını yaradan Mömünət Qurbanova Ənvər Həsənovla (onlar ailəli olub, Mömünət xanım bir neçə il əvvəl avtoqəzada vəfat edib) birgə Ə.Mahmudovun kursunda oxuyub. Ə.Mahmudov film üzərində çalışarkən elə bu cütlüyü filmdə çəkməyi nəzərdə tutduğunu deyir.



Əbdül Mahmudov:
“Ənvər Həsənov üçün fikirləşdiyim “Sirac” obrazı kiçik epizod idi. Ənvər Həsənova görə epizodu böyüdüb əməlli rol elədim. Rolunun öhdəsindən çox bacarıqla gəldi. Onun epizoduna hətta Niyaməddin Musayevin ifasında mahnı da həsr etdik. Mömünət xanım çox əxlaqlı, mənəviyyatca zəngin bir insan idi”.

“Müxtəlif kino qrupları vardı. Adil İsgəndərovun kursunu, əxlaqını görən bir adam kimi mənim çalışdığım qrupda hər hansı əyriliklər, narazılıq ola bilməzdi. Biz bir ailə idik. Filmdə çəkilən 2-3-cü dərəcəli obrazları oynayanlar kinostudiyanın aktyor ştatında idilər”.

“Sən demə Həsənağa Turabovun at fobiyası varmış”

Əbdül Mahmudov: “Həsənağa Turabovun atla bağlı problemləri var idi. Bu filmə qədər Yuli Qusmanın ilk filmi olan “Mən mahnı qoşuram”da rol almışdı. Bu “Qaçaq Nəbi” filminə hazılıq ərəfəsində baş verdi. Məhz həmin filmin çəkilişində Həsənağa Turabov çox böyük probelm yaşadı. At ona təpik vurdu, beyni silkələndi, gecə ilə onu Bakıya gətirdik. Bir sözlə çox ağır sarsıntılar keçirdi. Şükürlər olsun ki, sonra hər şey yaxşı oldu. Amma onun at fobiyası hələ də qalırdı. Atla olan epizodlarda - qaçan, vuruşan, çapan yerlərdə biz ona kömək ediridk. Həm də cıdırda Həsənağa Turabova oxşar Sabir adlı bir oğlan vardı. Müəyyən yerlərdə Turabovun yerinə onu çəkirdik. Gözəl idmançı idi, Həsənağa Turabovla yanaşı dayananada onları ayırmaq olmurdu. Bunun üçün Sabirin bizə çox böyük köməyi çatdı.Yalnız iri planlarda Həsənağa Turabovun özünü çəkirdik. Çünki, orda kaskadyor, dublyor oynaya bilməzdi. Bu səbəbdən də kadrları elə qururduq, atı elə saxlayırdıq ki, Turabova kömək olunduğu hiss edilmirdi”.

“Xalq hər zaman mənəvi, ideoloji ehtiyacdan qəhrəmanlarını yaradır. “Qaçaq Nəbi”nin çayda əl-üzünü yuduğu, hərənin öz işində olduğu səhnədə onun xalq içindən çıxdığı fikrini göstərmək istəmişik. Hər zaman maraqlı bir şey olub ki, Nəbi Həcəri, Həcər də Nəbini xəbərsiz olaraq qoruyub. Xüsusilə də Nəbinin dostları onu xəyanətkarlardan qoruyurdu. Çünki, qaçaqlar həmişə xəyanət nəticəsində öldürülüblər”.



“Nəbinin bığlarını rəssam çəkmişdi”

Əbdül Mahmudov: ““Qaçaq Nəbi” çəkildiyi müddətdə Həsənağa Turabov, Şahmar Ələkbərov, Rasim Balayev kimi aktyorlar həm də başqa filmlərdə çəkilirdilər. Bu səbəbdən də onların bığ uzatması düz gəlmirdi. Onların bığını filmin rəssamı çəkib hazırlamışdı”.

“Məni yandıran kadrlar...”

Əbdül Mahmudov: “Məni yandıran kadrlar var. Bir rejissor üçün hər hansı kadrın çıxarılması övladını şikəst etmək kimidir. Film hər bir rejissorun ömrü və ölümüdür. İnsan hər nəfəs aldıqca ölümünə yaxınlaşır deyirlər. Rejissor həm nəfəs aldıqca, həm də yaratdığı əsərə toxunulanda ölümünə yaxınlaşır. Bu filmin acınacaqlı bir taleyi oldu.

SSRİ Kinematoqrafiya Komitəsində Medvedev soyadlı bir baş redaktor hər vəchlə filmin ərsəyə gəlməsinə və ekranlara çıxamasına mane olurdu. Sən demə o sırf erməni mənşəli bir adam imiş. Film hazır olanda başda Medvedev olmaqla daxili və xarici düşmənlər öz mənfur sifətlərini biruzə verməyə başladılar. Qərbi Azərbyacanın Zəngəzur, Gorus zonalarında Qara Nəbi adlı bir quldur olub. Biz onu filmdəki epizodların birinə salmışdıq. Yəni pis bir adam kimi Nəbi onu öldürür və s. Bir də Stepan Yüzbaşı adlı içki düşkünü erməni olub, hansı ki, camaata qan uddurub. Hətta o ərazinin folklorunda belə bir deyim də yaranıb.

Hayın getdi, vayın qaldı Stepan
Rumkada payın qaldı Stepan.

Həmin epizodlara irad olaraq bildirdilər ki, guya biz erməni xalqını alçaltmışıq, erməni xalqının düşmənini milli qəhrəman etmişik, Qara Nəbi faktorunu da şişirtmişdilər. Məhz onlarla bağlı olan kadrlar filmdən çıxarıldı”.



“Qaçaq Nəbi”yə görə, Qorboçova teleqram vurulub

Məsələ o qədər uzanır ki, hətta Mərkəzi Komitə səviyyəsinə qədər gedib çıxır.

Əbdül Mahmudov: “Başda Süleyman Rüstəm olmaqla Süleyman Rəhimov, İmran Qasımov, Rəsul Rza kimi böyük şəxsiyyətlər rəsmi surətdə SSRİ-nin rəhbəri Mixail Qorboçova teleqram vurdular. Teleqramda haqlı olaraq bildirilirdi ki, “heç bir dəlil-sübut olmadan xalq qəhrəmanımızı müdafiə edə bilmirik, hansı ki, o, Çar Rusiyasına qarşı vuruşub, qan töküb, şəhid olub. Əgər onun haqqında olan bir filmi çəkə bilmiriksə, biz hamımız sovet vətəndaşlığından imtina edirik. Biz hüquqularımızın qorunmasını tələb edirik”.

Ə.Mahmudov bildirir ki, məsələylə bağlı onları Moskvaya çağırırlar:

Əbdül Mahmudov: “Aləm dəydi bir-birinə. Gecə ilə məni Moskvaya çağırdılar. Əhmədağa müəllimlə Süleyman müəllim getmədi. Orda əslən gürcü olan dostum vardı, hansı ki, o vaxt mənimlə Moskvada paralel oxumuşdu. O mənə bir sirr açmaq istədiyini bildirdi. Onu da vurğuladı ki, “sirri açıram, amma mənim adım olmasın, bütün problemimiz həll olunacaq. Onda həmin oğlan bildirdi ki, “Medvedev təmiz ermənidir, sadəcə soyadını dəyişdirib. Qalmaqalın yaranmasına səbəb də odur”.

Xarktercə möhkəm, haqq tərəfdarı olan Ə.Mahmudov gecə ilə Bakıya kinostudiyanın direktoruna zəng vurur.

Əbdül Mahmudov: “Zəng vurub bildirdim ki, Azərbaycanın xalq qəhrəmanı Qaçaq Nəbi bir erməni dığasının qurbanı olub. Yer-göy bir-birinə qarışdı. Üstündən bir həftə keçəndən sonra Medvedevi işdən qovdular. Demək yalançı tarix, yalançı şəxsləri məhz Medvedev təşkil etdiribmiş. Amma daha “cin şüşədən çıxmışdı”. Ona görə də məni Mərkəzi Kinostidiyaya çağırıb dedilər ki, erməni epizodunu, Qara Nəbiylə bağlı və 1-2 xırda epizodu çıxart və filmin adını da dəyiş. “Qaçaq Nəbi” olmaz. Mənim üçün önəmli məsələ olsa belə, düzələn səmti tutmaq xatirinə onaların dediklərini etdim. Amma heyf o epizodlardan. Film indi sevilir, amma həmin epizodlar filmdə qalsaydı indi hər kəsin boynunda “medalyon” idi. Hansı ki, o vaxt hələ nə Qarabağ məsələsi, nə də işğal olunmuş torpaqlarımız vardı. O epizodlarda çox məqamları açmışdıq. Orda bir epizodda tarixi faktlar vardı ki, erməni qadınları öz ermənilərinin əlindən yığılıb Qaçaq Nəbiyə şikayətə gəlirlər. Nəbi onlara kömək edir. Bu səbəblərdən dolayı həmin kadrlar çıxarıldı, filmin də üç adı oldu: “Qaçaq Nəbi”, “Atları yəhərləin”, “Qanlı zəmi”.
Filmin müdafiəsi üçün hamı ayağa qalxmışdı. İndinin özündə o vaxt mənə dəstək olan hər kəsə təşəkkür bildirirəm”.



Filmdə “Qarabağ bülbülləri”ndəki 4 uşaqdan biri oxuyur

Əbdül Mahmudov: “Filmdə yoxsul insanlara parça paylanması tarixi fakt kimi öz əksini tapıb. Qaçaq Nəbi camaatın bir növ atası idi. İpək yolunun üstündə hər zaman tacirlər gedib-gəlirdi. İnsanlar pis gündə yaşayırdı. Qaçaq Nəbi ordan gəlib keçən tacirləri saxlayaraq, məsələn, 10 top parçasından müəyyən hissəni camaata paylatdırırdı. Əvəzində isə onların quldurlar tərəfindən tutulmaması üçün tacirlərə adamlar qoşurdu. Filmdə oxuyan uşaq “Qarabağ bülbülləri” ansamblının uzvlərindən biridir. O vaxt ansamblın rəhbəri Murad müəllim idi. Ansamblda olan 4 uşaqdan biri, sonradan hara getdi, taleyi necə oldu, bilinmədi”.

1986-cı ildə “Qaçaq Nəbi” filminin ssenari müəllifi Əhmədağa Muğanlıya, quruluşçu rejissorlar Əbdül Mahmudov və Həsənağa Turabova, quruluşçu operator Kənan Məmmədova, quruluşçu rəssam Kamil Nəcəfzadəyə, geyim rəssamı Kazım Kazımzadəyə, bəstəkar Emin Sabitoğluna, aktyorlar Gümrah Rəhimova və Rasim Balayevə Azərbaycan Dövlət Mükafatı verilib. Film 1-ci kateqoriyaya layiq görülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm