Aynur Camalqızı: “Biz rəqabətdən qorxmuruq”
Bizi izləyin

Qırmızı.az

Aynur Camalqızı: “Biz rəqabətdən qorxmuruq”

Azərbaycandakı internet televiziyaları sırasına daha biri daxil olur. Modern.az-a açıqlama verən “Teleqraf Holdinq”in rəhbəri Aynur Camalqızı sentyabr ayında açılacaq yeni televiziyanın fəaliyyət istiqamətlərindən danışıb:

“Hazırda ofisdə ustalar işləyir, televiziya aparatları quraşdırılır. Yəqin ki, sentyabr ayından fəaliyyətə başlayacağıq. İstəyirik ki, texniki işləri qurtaraq, sonra işçiləri toplayaq. İşçi heyətini təxmini toplamışıq, şifahi danışıqlarımız olub, amma tam rəsmiləşdirilməyib. Aralarında kifayət qədər tanınmış telejurnalistlər var, amma onların adlarını və televiziyanın rəhbərinin kimliyini inşallah sentybrda bəyan edəcəyik”.

Aynur Camalqızı televiziyanın adı ilə bağlı bir neçə variant olduğunu deyib: “Teleqraf TV”, “Publika TV” və s. Amma dəqiq qərar verməmişik, hələ düşünürük”.

Maraqlıdır ki, yeni internet TV-nin təsisçisi insanların internetdə saatlarla verilişlərə baxmağa, qulaq asmağa vaxtı ,həvəsinin olmadığını bilir: “Ona görə də televiziyamız xəbər televiziyası olacaq. Yayım qrafikini hələ tam dəqiqləşdirməmişik. Bunlara sentyabrda qərar verəcəyik. Televiziya fasiləsiz də, gecə saat 12-yə qədər də yayımlana bilər. Bunun qərarını potensialımızı tam müəyyənləşdirəndən sonra verəcəyik”.

A.Camalqızının sözlərinə görə, digər internet televiziyalarla aralarında olacaq rəqabətdən qorxmurlar: “İnternet televiziyanın yaranmasını zaman diqtə edir. Artıq klassik televiziyalar öz aktuallığını itirib. Şəxsən mən özümdən götürüm ki, bir ildən çoxdur ki, televiziyalara baxmıram. Mənə lazım olan informasiyanı internet vasitəsilə-sosial şəbəkələrdən, online mediadan alıram. O üzdən də düşünürəm ki, işləyən, bütün gününü ofisdə, iş rejimində keçirən insanların klassik televiziyalara baxmağa imkanı yoxdur və həmin auditoriyanın marağında olan bir televiziyaya ehtiyac var. Biz rəqabətdən qorxmuruq. İki il öncə qəzet açanda, saytlarımız fəaliyyətə başlayanda da kifayət qədər qəzetlər, saytlar var idi. Amma zaman göstərdi ki, biz rəqabətə davam gətirə bildik və uğurlar əldə etdik. İnşallah internet TV də fəaliyyətə başlayanda öz imkanlarımızı, potensialımızı göstərə biləcəyik”.

Holdinq rəhbəri onu da bildirib ki, internet TV-nin işçiləri arasında gənclər üstünlük təşkil edəcək:

“Təbii ki, biz işçini seçəndə onun yaşına yox, təcrübəsinə, qabiliyyətinə, istedadına daha çox önəm veririk. Amma düşünürəm ki, jurnalistika elə bir sahədir ki, burada futbol kimi təcrübə, istedadla yanaşı, yaşın da çox böyük önəmi var. Ona görə də, təbii ki, seçimimizdə gənclərə üstünlük verəcəyik”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm