“Yaşlı” universitetlər yenilərə niyə uduzur?
Bizi izləyin

Qırmızı.az

“Yaşlı” universitetlər yenilərə niyə uduzur?

“Yaşlı” universitetlər yenilərə niyə uduzur?

Qəbul imtahanlarında yüksək nəticə göstərən gənclərin 385 nəfəri Azərbaycan Tibb Universitetinə, 261 nəfəri Bakı Dövlət Universitetinə, 197 nəfəri Qafqaz Universitetinə, 191 nəfəri Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına, 121 nəfəri Bakı Ali Neft Məktəbinə, 121 nəfəri Azərbaycan Dillər Universitetinə, 70 nəfəri Azərbaycan Diplomatik Akademiyasına, 60 nəfəri İnformasiya Texnologiyaları Universitetinə, 50 nəfəri Azərbaycan Dövlət İqtisad Universitetinə, 47 nəfəri Azərbaycan Dövlət Neft Akademiyasına daxil olub.

Ali təhsil müəssisələri arasındak ıreytinq cədvəlinə isə Bakı Ali Neft Məktəbi başçılıq edir. İnformasiya Texnologiyaları Universiteti reytinq göstəricilərinə görə 2-ci yerdədir. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası isə reytinq göstəricilərinə görə 3-cü yerdədir.

Yüksək bal toplayanların seçimindəkı sıralama hər il demək olar ki, təkraralanır. Yüksək bal toplayan tələbələr bəlli ali məktəbləri seçir. Ali məktəblərin reytinq cədvəlində yeni yaranan ali məktəblərin ilk sıraları tutmaları düşündürücüdür. Nə üçün təcrübəsi daha çox olan Azərbaycan Dövlət Neft Akademiyası yeni yaranmış Bakı Ali Neft Məktəbindən geridə qalır? Eləcə də 50-60 il, daha qədim tarixi olan ali məktəblər reytinq cədvəlində yeni yaranan ali məktəblərdən geri qalır. Məsələni təhsil ekspertləri şərh edir.

Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev yüksək bal toplayan tələbələrin seçdikləri universitetlərin siyahısının dəyişməməsi onların öz üzərində işləməsindən irəli gəldiyini bildirdi. Digər təhsil müəssisələri hansı meyarlarda geri qaldıqlarını araşdırmalı. Bununla bağlı müəyyən tədbirlər görməli, müəllimlərə qarşı tələbkarlığı artırmalı,müəllim-tələbə münasibətlərindəki narazılığı aradan qaldırmalıdır.

Yeni yaranmış ali məktəblərin bəzi ənənəvi universitetləri reytinqdə geridə qoymasına gəldikdə isə, ekspert bunu müasir texnologiyalardan istifadə ilə əlaqələndirdi. Onun sözlərinə görə, Bakı Ali Neft Məktəbi qısa zamanda yaranmasına baxmayaraq güclü kadr potensialı, texnoloji yeniliklərdən istifadə edir. ADNA-nın reytinq məsələsində BANM-dan geridə qalmasına gəldikdə isə, ekspert bu tədrisin köhnə qaydalarla aparılması ilə əlaqələndirdi:

“ Uzun illər reytinq siyahısında yer tutmayan ali məktəblər bu barədə düşünülməlidir. Ali məktəblərdə də dəyişikliklər aparılmalıdır. Cavan kadrlar yalnız müəllim kimi yox, eyni zamanda rəhbər vəzifələrdə də çalışmasına imkan yaradılmalıdır. ADNA-da isə rəhbər vəzifələrdə çalışanların hamısı Sovet dövründən qalanlardır. Onların hər birinə yüksək hörmətim var, amma onlar müasir tələblərə cavab vermirlər, ona görə dəyişdirilməlidirlər. Bundan sonra həmin ali məktəbə də maraq artar. Çünki tarixən ADNA-ya maraq yüksək olub”.

Buraxılış imtahanların “əla” qiymət alanların qəbul imtahanlarında nəticəni doğrultmamasına gəldikdə isə Ə.Ağayev bunun normal olduğunu dedi:

“Formal qiymətə meylli olan bir çox direktor işdən çıxarılıb. Neqativ hallar hələ də var, “3”, “4”, bəzən “2” qiymətə layiq olana da “5” yazırlar. Zaman keçdikcə bu faizlər artacaq. Burda həmçinin imtahan prosesinin çətinliyini də nəzərə almaq lazımdır”.

“XXI əsr” Təhsil Mərkəzinin rəhbəri, tanınmış təhsil eksperti Etibar Əliyevin sözlərinə görə, qəbul və buraxılış imtahanlarında nəticələrin üst-üstə düşməməsi orta məktəblərdə qiymət şişirdilməsi prosedurunun davam etdiyini göstərir:

“Neçə illər bu məsələ qaldırılır, statistika göstərir ki, hələ müsbət istiqamətdə ciddi nəticə yoxdur. Nəzərə almaq lazımdır ki, attestat qiymətlərinə həm də TQDK-nın keçirdiyi buraxılış imtahanları da təsir edir. Ana dili və riyaziyyat fənnindən 5 alanların müsbət nəticə göstərməməsində TQDK-nın da məsuliyyəti var. Orta məktəblərdə qiymətləndirmənin formal aparıldığı bəllidir. Repititor hazırlığı artdığı dövrdə dərsə davamiyyət, maraq azalır. Həmin şagirdlərin yüksək qiymət alması direktor və valideynlər arasındakı razılaşmadan asılı olur. Bu halların qarşısını almaq üçün müəllimlərin peşəkarlığı artırılmalı, təhsilin keyfiyyəti yüksəlməli, dərsliklər daha keyfiyyətli hazırlanmalıdır. İlin məktəbləri seçilən məktəblərində də şagirdlərin nəticələrin aşağı olması da, burada saxtakarlıqlara yol verildiyini göstərir”.

Ekspertin sözlərinə görə, müəyyən ənənəsi olan universitetlərin reytinqdə yeni yaranan ali məktəblərdən geridə qalmasının bir neçə səbəbi var:

“Birinci ixtisas qrupu üzrə BANM-nin öndə olması onun yeni yaradılması, texniki imkanlarının geniş olması ilə əlaqədardır. Bu ali məktəblərdə rüşvət yoxdur,qiymətləndirmə Avropa standartları əsasında aparılır, təhsil xarici dildə aparılır, süni şəkildə tələbə incidilməsi müşahidə edilmir. Qərb ölkələrində ən yaşlı universitet ən reytinqli ali məktəb hesab edilir. Amma ölkəmizdə qədim tarixə malik Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Texniki universitet geriləmə prosesindədirlər. Ali məktəblər bu barədə düşünməlidirlər”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm