• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

YAP Mətbuat Günü ilə bağlı tədbir keçirdi - FOTOLAR

YAP Mətbuat Günü ilə bağlı tədbir keçirdi - FOTOLAR

Bu gün hakim Yeni Azərbaycan Partiyasının (YAP) Mətbuat və ictimai əlaqələr komissiyası tərəfindən "Heydər Əliyev və Azərbaycan mediası" mövzusunda "dəyirmi masa" keçirilib.

Publika.az-ın məlumatına görə, tədbirdə çıxış edən YAP-nın Mətbuat və ictimai əlaqələr komissiyasının sədri Nizami Xudiyev bildirib ki, Azərbaycanda 1875-ci ildə "Əkinçi" qəzetinin əsası qoyulub: "1877-ci ilədək nəşri davam edən bu qəzet Azərbaycanda mətbu fikrin formalaşmasında mühüm rol oynayıb. Həmin qəzet öz dövrünün ictimai fikrininin formalaşmasında, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında xüsusi çəkiyə malik olub. 1906-1920-ci illərdə 200-ə yaxın qəzet və jurnal dərc olunub".

N.Xudiyev qeyd edib ki, Azərbaycan mətbuatının intibah dövrü müstəqilillik illırinə təsadüf edir: "Xüsusilə də ulu öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra bu sahədə ciddi addımlar atıldı. 1998-ci il avqustun 6-da Azərbaycanda söz, mətbuat və fikir azadlığının təmin olunması məqsədilə əlavə tədbirlər haqqında fərman imzalandı. Bununla da senzura aradan qaldırıldı".

Azərbaycan Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin (KİV) İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli deyib ki, dövlət müstəqilliyimizin bərpasının ilk illərində respublikamızda söz, fikir, məlumat azadlığı sahəsində ciddi problemlər mövcud idi. Onun sözlərinə görə, həmin dövrdə KİV üzərində senzuranın olması, redaksiyaların maddi-texniki bazasının zəifliyi, jurnalist peşəkarlığının hələ yüksək səviyyədə olmaması söz və fikir azadlığının inkişafına öz mənfi təsirini göstərirdi:

"Bu vəziyyətin aradan qaldırılması üçün ulu öndər Heydər Əliyev bir sıra ciddi qərarlar qəbul etdi. 1998-ci ildə onun Fərmanı ilə senzura ləğv edildi, 1999-cu ildə “Kütləvi informasiya vasitələri haqqında” Qanun qəbul olundu, mətbuata nəzarət funksiyasını həyata keçirən Mətbuat və İnformasiya Nazirliyi 2000-ci ildə ləğv edildi, “informasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi, 2005-ci ildə KİV-lərin qeydiyyatı qaydaları sadələşdirildi, qeydiyyatdan keçmiş KİV-lərin sayı sürətlə artmağa başladı. Sözsüz ki, KİV-lərin sayı artdıqca, onların tirajları aşağı düşməyə başladı və nəticədə onlar maliyyə böhranı ilə üzləşdilər. Məhz bu böhrandan çıxış yolları axtarmaq üçün Mətbuat Şurasında peşəkar jurnalistlərdən və mütəxəssislərdən ibarət işçi qrupu yaradıldı. İşçi qrupu KİV-in İnkişafına Dövlət Dəstəyi Konsepsiyasını hazırlayaraq dövlətimizin başçısına təqdim etdi. Konsepsiyaya Prezident Adminstrasiyasında baxıldı və Prezidentin 2008-ci il 31 iyul tarixli Sərəncamı ilə təsdiqləndi. Konsepsiyadan irəli gələn vəzifələri həyata keçirmək məqsədi ilə 2009-cu il aprelin 3-də Prezident İlham Əliyevin Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı".

V.Səfərli qeyd edib ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu MDB məkanında ilk dəfə olaraq Azərbaycanda yaradılıb:

"2010-cu ildə jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Prezidenti İlham Əliyev jurnalistlər üçün yaşayış binasının tikintisi barədə Sərəncam imzalayıb. 2013-cü ilin iyulunda isə Cənab Prezident İlham Əliyevin iştirakı ilə həmin binanın açılışı keçirildi və jurnalistlərin istifadəsinə verildi. Beləliklə, 156 jurnalist ailəsi öz arzularına çatdı. Elə bu binanın açılış mərasimindən dərhal sonra Prezident jurnalistlər üçün ikinci binanın tikintisi barədə Sərəncam imzaladı. Hazırda həmin binanın tikintisi davam edir.

Bundan əlavə, jurnalistlərin sosial vəziyyətinin və peşəkarlığının artırılması məqsədi ilə fərdi yazı müsabiqələri də keçirilib ki, bu müsabiqələrdən 5 il ərzində 1000-dən çox jurnalist faydalanıb, onlara ümumilikdə 500 min manatdan artıq mükafat verilib. Bütün bunlar Azərbaycan Prezidentinin Azərbaycan mediasına, jurnalistlərinə olan böyük diqqət və qayğısından xəbər verir. Bizim də borcumuz odur ki, Prezidentimizin ətrafında yaxşı birləşək, onun Azərbaycanın dövlət quruculuğu siyasətinə öz töhfəmizi verək".

Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov isə bildirib ki, "Heydər Əliyev və Azərbaycan mediası" mövzusu bizim üçün çox aktualdır:

"Çünki ulu öndər Heydər Əliyev milli mətbuatımızın inkişafına hər zaman böyük diqqət və qayğı göstərib. Milli Mətbuat Günü təkcə jurnalistlərin deyil, eyni zamanda bütün xalqımızın bayramıdır. Demık olar ki, respublikamızın hər yerində Milli Mətbuat Günü qeyd olunur. Təkcə bu fakt Azərbaycanda dövlət və cəmiyyətin mətbuata olan ümumi münasibətinin göstəricisidir".

Ə.Amaşov qeyd edib ki, Azərbaycan dövləti gücləndikcə, onun mediasının və jurnalistlərinin sosial rifahı da yüksəlir:

"Biz bunu bu gün də müşahidə edirik. Azərbaycan jurnalistlərinin sosial rifahı ildən-ilə daha da yüksəlir".

Ə.Amaşov Azərbaycan jurnalistlərinin vətənpərvər olmağa da səsləyib:

"Jurnalistlər vətənpərvər, ədalətli olmalıdır. Bu gün baxsaq dünyanın bir çox inkişaf etmiş ölkələrinə, o cümlədən Rusiyaya, görərik ki, jurnalistlər necə vətənpərvərdir, milli maraqlardan çıxış edir".

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli vurğulayıb ki, Azərbaycan mediası müstəqillik illərindən bəri daha çox dövlətçilik maraqlarından çıxış etməyə başlayıb:

"Ulu öndər hakimiyyətə gələndən sonra Azərbaycanda sabitliyin bərqərar olunmasını təmin etdi. Bu isə bütün sahələrdə olduğu kimi, media sahəsində də inkişafa zəmin yaratdı. Vaxtilə ulu öndər tapşırıq da verdi ki, media sahəsinin maddi-texniki təminatının genişləndirilməsi üçün müvafiq işlər görülsün. 90-cı illərin əvvəllərində Azərbaycanda müstəqil və yeni televiziya kanalları fəaliyyətə başladı. Artıq Azərbaycan dövləti və cəmiyyətində bu sahədə xarici asılılıq aradanq aldırıldı. Bu gün artıq media bütün fəaliyyət sahələrindən öndə gedir".

N.Məhərrəmli deyib ki, ulu öndər Heydər Əliyev hər zaman milli-mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət yetirib:

"Ulu öndərdən sonra hakimiyyətə gələn cənab prezident İlham Əliyev də bu sahəyə diqqət və qayğısını əsirgəmədi. Azərbaycanda dövlətin dəstəyi ilə milli serialların çəkilməsinə başlanıldı və bu gün də uğurla davam edir".

"Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov isə vurğulayıb ki, Azərbaycanın Milli Mətbuatının inkişafına ən böyük xidmətləri Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzdaə və digər bu kimi şəxslər göstərsə də, ancaq ulu öndər Heydər Əliyev heç də onlardan geri qalmayıb:

"Ulu öndər Heydər Əliyev Azərbaycana azad sözü, azad mətbuatı qaytardı. Azərbaycanda jurnalist əməyinə ən düzgün qiyməti ulu öndər verib. Bu gün də Azərbaycanda medianın inkişafı üçün dövlət tərəfindən diqqət və qayğı Prezident İlham Əliyev tərəfindən davam edir".

Qeyd edək ki, YAP-nın Mətbuat və ictimai əlaqələr komissiyasının sədri Nizami Xudiyev, sədr müavini, partiyanın Mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev, komissiyanın üzvləri, "Azərbaycan" Nəşriyyatının baş direktoru Ağabəy Əsgərov, Milli Məclisin deputatı Mirkazım Kazımov, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və Bakı şəhər İcra Hakimiyyətinin memarı Sədrəddin Əkbərovdur.

Komissiyanın ekspert qrupunun üzvləri isə "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu və "Səs"qəzetinin baş redaktoru Bəhruz Quliyevdir.

Vasif Həsənli

Foto: Elçin Murad

Xəbər lenti

DAHA ÇOX XƏBƏR