"Orxan Zeynalov hadisəsi düşünülmüş təxribat ola bilər" - PA rəsmisindən ŞOK AÇIQLAMA
Bizi izləyin

Qırmızı.az

"Orxan Zeynalov hadisəsi düşünülmüş təxribat ola bilər" - PA rəsmisindən ŞOK AÇIQLAMA

Azərbaycan Prezident Administrasiyasının (PA) ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri, hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü Qafar Əliyev ötən il Moskvada qətl törətməkdə şübhəli bilinən həmyerlimiz Orxan Zeynalovun istintaqının gedişi ilə bağlı məsələyə münasibət bildirib.

PA-nın sektor müdiri Q.Əliyev Publika.az-a açıqlamasında deyib ki, bu məsələ ilə bağlı mətbuatda kifayət qədər müzakirələr yer alıb:

"Hələ ötən ilin payız aylarında bu məsələ gündəmə gələn zaman da Azərbaycan tərəfi öz mövqeyini bildirmişdi. Bilirsiniz ki, həmin ərəfədə Azərbaycanda prezident seçkiləri keçirilmişdi. Rusiyada isə emiqrantlara qarşı ciddi tədbirlər görülməsi məsələsi gündəmə gəlmişdi. Yəni, 2013-cü ilin oktyabrında Azərbaycanda keçirilən prezident seçkiləri ərəfəsində belə bir proseslər gedirdi. Həmin ərəfədə isə Rusiyada yaşayan soydaşlarımızın həyatına müəyyən təhlükələr də yaranmışdı. Bunlardan biri isə Orxan Zeynalovun adı hallanan məlum xoşagəlməz hadisə idi. Təsəvvür edin ki, adi məişət zəminində baş vermiş bir hadisə bu qədər böyüdü".

Q.Əliyev qeyd edib ki, hələ Orxan Zeynalovun baş verən hadisədə təqsiri olması sübut olunmayıb:

"Məhkəmənin hökmü qüvvəyə minmədən heç kəsi cinayətkar saymaq olmaz. Çox təəssüf ki, ötən il Rusiya Daxili İşlər Nazirliyinin keçirdiyi əməliyyat və bu zaman Orxan Zeynalovun döyülməsi, onun kütləvi informasiya vasitələrində (KİV) nümayiş olunması və sosial şəbəkələrdə yerləşdirilməsi sözün həqiqi mənasında sensasiya idi. Hətta bu hadisə Azərbaycanda və azərbaycanlılar arasında da böyük narahatlıq yaratmışdı. İlk növbədə onu deyim ki, əgər bu cinayəti, doğrudan da, Orxan Zeynalovun törətməsi şahid ifadələri ilə sübut olunsaydı, o zaman istintaq prosesi indiyədək uzanmazdı. Çünki o zaman ölən, öldürən və hadisənin yeri bəlli olur. Belə olan təqdirdə isə istintaq prosesi nə üçün bu qədər uzanır? Bu günlərdə Orxan Zeynalov Moskvada keçirilən məhkəmə prosesində bir daha bəyan etdi ki, onun baş verən hadisədə heç bir təqsiri yoxdur. Sadəcə, ibtidai istintaq zamanı döyülməsi və qorxması səbəbindən ölümü öz boynuna götürüb. Bütün bu məqamlar isə onu göstərir ki, Orxan Zeynalovun işi ilə bağlı yenidən ibtidai istintaq aparılmalı və onun təqsiri məhkəmə yolu ilə sübut olunmalıdır".

PA rəsmisi vurğulayıb ki, hazırda Azərbaycanın hüquq-mühafizə orqanları, səfirlik və diaspora təşkilatları Orxan Zeynalovun məsələsini diqqətdə saxlayır:

"Son dövrlər Azərbaycan və Rusiya arasında daha da inkişaf edən münasibətlər iki ölkənin hüquq-mühafizə orqanları arasında da qarşılıqlı əməkdaşlığın genişləndiyini göstərir. İnanıram ki, Azərbaycanın hüquq-mühafizə orqanlarının bu məsələni ciddi nəzarətdə saxlaması nəticəsində Orxan Zeynalovla bağlı istintaq işi obyektiv aparılacaq və ədalətli qərar qəbul olunacaq.

Orxan Zeynalov üçün Azərbaycanlılardan ibarət vəkil ayrılıb. Azərbaycanın Rusiyadakı səfirliyi bu məsələni diqqətdə saxlayır ki, Orxan Zeynalovun işi ilə bağlı istintaq obyektiv aparılsın. Həqiqətən də bu hadisəni azərbaycanlı şəxs törədibsə, o zaman o, layiqli cəzasını almalıdır. Ancaq törətməyibsə və bu zorla Orxan Zeynalovun boynuna qoyulursa, deməli, burada maraqlı olan qüvvələr var ki, azərbaycanlıların Rusiyadan sıxışdırılmasını istəyir. Orxan Zeynalovla bağlı hadisə düşünülmüş təxribat da ola bilər. Ola bilər ki, burada erməni diasporunun da əli var. Bütün bunlar araşdırılandan sonra həqiqət üzə çıxacaq".

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm