• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Şəhid olan əsgərimiz: “Ana, şəhid olsam, ağlama, əyilmə”

Şəhid olan əsgərimiz: “Ana, şəhid olsam, ağlama, əyilmə”

Milli Məclisin deputatı Qənirə Paşayeva Azərbaycan ordusunun 8 əsgərinin şəhid olması ilə bağlı öz facebook profilində status paylaşıb.

Həmin statusu təqdim edirik:

Bir az əvvəl Tovuzda, Aşağı Öysüzlüdə torpaqlarımız uğrunda şəhid olan Vüqarı torpağa tapşırdıq. Əziz şəhidimiz Vüqar qardaşımız bilirsinizmi ölümündən 3-4 saat əvvəl ailəsi ilə telefon söhbətində nə deyib, nə vəsiyyət edib? Şəhidimizin dəyərli anası mənə danışdı ki, şəhid olmasından bir neçə saat əvvəl oğlu onunla teıefonla danışanda "Ana, şəhid olsam, ağlama, əyilmə deyib. Təki Vətən sağ olsun". Şəhidimizin gözəl anası deyir ki, ay oğul, ehtiyatlı ol, sənə bir şey olsa, mən nə edərəm sözlərinin cavabında Vüqar "ay ana, məndən də yaxşı oğullar torpaqlarımız uğrunda şəhid olub. Toprpaqlarımızı işğaldan azad etməliyik.

Vətən üçün, torpaqlarımız üçün şəhid olsam, ağlama, başını dik tut! Çünki şəhid kimi ölmək şərəfli ölümdür" deyib. Bacısı ilə telefon söhbətində isə anasını, atasını tapşırıb və deyib ki, əgər mən şəhid olsam, əyilməyin, qürur duyun və anamla, atama yaxşı baxın. Əziz şəhidimiz Vüqar qardaşımız sözün həqiq mənasında qəhrəman qardaşlarımızdandır.

Təhsil aldığı məktəbə görə əsgərliyə bir neçə il gec gedə bilmə imkanı olduğu halda, o özü könüllü hərbiyə yazılaraq hərbi xidmətə gedib və hər kəsə deyib ki, ilk öncə Vətən qarşısında borcu yerinə yetirmək lazımdır. Vüqarı hər kəs ağıllı, mehriban, qeyrətli, torpağını dəlicəsinə sevən bir gənc kimi xatırlayır və bu gün onu tanıyanların hamısı, hamımız onun üçün Vətəni, çörəyi, suyu sənə halal olsun dedik. "Oğlum Vətənimiz, torpağımız üçün şəhid olub. Düşmən bizi heç zaman əyilmiş görməyəcək və oğlumla fəxr edirəm ki, o, hər şeydən öncə Vətəni, torpağı düşünürdü", - deyən şəhid anamızın əllərindən öpdük. Bütün ağrı və acılarına rəğmən şəhid övladı üçün təki Vətən sağ olsun deyən atanın qarşısında baş əyməyə dəyər. Dəyərli şəhidimiz Vüqar öz qısa həyatı ilə bir çox gənclərimiz üçün ən gözəl örnəklərdən biridir. Allah ona və bütün şəhidlərimizə rəhmət etsin, nur içində yatsınlar.

Millətimizin başı sağ olsun! İşğalçı Ermənistana və arxasında duran güclərə Allah bəlalarını versin! Bu gün Vüqarın yas mərasimində anasının və bütün şəhid analarının gözündən tökülən yaşın hər damlası üçün cinayətkar Ermənistan mütləq cavab verəcək. Vüqar kimi qəhrəman oğlullarımızın varlığı düşmənin mütləq layiq olduğu cəzanı alacağını deyir. Onlar - şəhidlərimiz düşmənin təxribatlarına layiqli cavab verərkən şəhid olublar və düşmənə layiqli cavab verən bu cür oğullarla, bu cür şəhidlərmizlə hamımız fəxr edirik. Onları heç zaman unutmayacağıq. Dualarımız onlarladır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR