Küçədə qalan ailə mənzil təklifindən imtina etdi
Bizi izləyin

Qırmızı.az

Küçədə qalan ailə mənzil təklifindən imtina etdi

Bir həftədən çoxdur küçədə yaşayan Tanrıverdi Sayadovun ailəsi Qobustan rayon İcra Hakimiyyəti tərəfindən təklif edilən köməkdən imtina ediblər. Onlara kirayə mənzil və sosial müavinətin təmin edilməsi ilə bağlı təkliflər edilsə də, ailə bununla razılaşmayıb.

Bu barədə Publika.az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, komitənin əməkdaşları ötən gün ailənin yaşadığı Füzuli parkında olub, lakin onları həmin ərazidə tapmayıblar.

“Araşdırma zamanı ailənin qeydiyyatda olduğu Qobustan rayonunun İcra Hakimiyyətinə dəvət edilməsi barədə məlumat əldə ediblər. Ailə barədə aparılan araşdırma zamanı bəlli olub ki, T.Sayadov adam öldürdüyünə görə 18 il həbsdə olub. Azad olduqdan sonra ailə qurub və ondan sonra kirayə yaşayıblar. Hazırda isə kirayə pulunu verməyə imkanı olmadığına görə küçədə qalırlar. Qobustan Rayon İcra Hakimiyyəti tərəfindən ailəyə kirayə mənzillə təmin etmək, uşaqların məktəb və bağçaya getməklərinə köməklik göstərilməsi təklif edilsə də, buna razı olmayıblar. Onlar Binəqədi rayonunda 3 sot torpaqlarının olduğunu və həmin ərazidə ev tikilməsinə köməklik göstərilməsini istəyiblər. Araşdırma zamanı həmin torpağın sənədli olmadığı məlum olub. Bundan başqa, T.Sayadovun ata mülkündən pay alması ilə bağlı məhkəmə işi də var. İcra Hakimiyyətindən məhkəmə ilə əlaqə saxlayaraq işə obyektiv baxılması və Tanrıverdi Sayadova düşən payın ona verilməsi ilə bağlı müraciət ediblər. Bütün bunlara baxmayaraq, ailə məhkəmə işi başa çatana və ev problemi həll edilənə qədər İcra Hakimiyyətindən təklif edilən köməkliyi qəbul etməyib. Ailə Bakıda yaşamaq istədiklərini, burada kirayə mənzillə təmin edilmələrini, ev tikmələri üçün köməklik göstərilməsini istəyib. Lakin Qobustan İcra Hakimiyyətindən yalnız bu rayon ərazisində kirayə mənzil tuta biləcəklərini və daha sonra digər problemlərinin həlli, ailənin sosial müavinət alması ilə bağlı yardım göstərilməsinin mümkün olduğunu bildiriblər. Təkliflə razılaşmayan ailə küçədə qalmağa davam edəcəklərini deyib”.

Lakin valideynlər bilərəkdən uşaqların küçədə qalmasına səbəb olduqlarına görə, övladlarının hüquqlarını pozurlar. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən onu da bildiriblər ki, valideynlər müəyyən müddət uşaqların hüquqlarını pozmaqda davam etsələr, uşaqların ailədən alınması ilə bağlı Komitə iddia qaldıracaq.

Qeyd edək ki, ANS TV-nin məlumatına görə, T.Sayadovun ailəsi bir həftədən artıqdır küçədə qalır. O, vərəm xəstəsi, həyat yoldaşı isə birinci qrup gözdən əlildir. Ailənin üç azyaşlı uşağı var.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm