• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Yerim həmişə meydanın ön hissəsində olub” - Elbrus Ərud

“Yerim həmişə meydanın ön hissəsində olub” - Elbrus Ərud

Bu gün "Qafqazinfo" internet portalının 4 yaşı olur. Publika.az kollektivi adından həmkarlarımızı təbrik edir, onlara bol-bol yaradıcılıq uğurları arzulayırıq.

"Qafqazinfo"nun 4 yaşı ilə bağlı saytın baş direktoru Elbrus Ərud Trend-ə müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

- "Qafqazinfo" internet portalı ötən dörd ildə nələrə nail oldu?

- Bu işdə pafosla yox, faktlarla danışmaq lazımdır. Dörd il əvvəl bu saytı iki müxbir yaratmışdısa, bu gün "Qafqazinfo"nun kollektivinin sayı 20 nəfərə çatır. Dörd il əvvəldən başlayaraq sayt öz oxucularını az qala bir-bir toplayıb. Bu gün Azərbaycanda ən çox izlənilən xəbər saytlarından biri məhz "Qafqazinfo"dur. Biz saytımızda hər ayın statistikasını açıq şəkildə yerləşdiririk. Hər gün saytda 1 milyondan artıq səhifələnmə olur. Avqustun əvvəllərində baş verən cəbhədəki aktivlikdən sonra oxucuların sayı birdən-birə fantastik dərəcədə artdı və biz yeni rekord vurduq. Bir neçə gün sayta girişlər 200 min vizitdən yuxarı oldu, unikal İP-lər isə 130 minə çatdı. Bu, doğrudan da, Azərbaycanda demək olar ki, nadir müşahidə olunan göstəricilərdir.

- Bu gün internet mediasında "Qafqazinfo" özünü hansı pillədə görür?

- Biz yaranandan sonra ölkədə bir sayt bumu yaşanmağa başladı. Mən, əlbəttə, demək istəmirəm ki, bu, birbaşa bizimlə bağlı oldu. Ancaq onlarla sayt yaradanlar məhz bizi özləri üçün stimul kimi gördülər. Onlar nə dərəcədə uğur qazandılar, bunu deyə bilmərəm. Əlbəttə, mən hər zaman demişəm ki, jurnalistikada inkişafın bir adı da alternativliklə bağlıdır. Uğurlu media nə qədər çox olarsa, inkişaf da bir o qədər böyük olacaq. Mən arxada oynamağı sevmirəm. Yerim həmişə meydanın ön hissəsində olub. Ona görə də kollektivim bu gun qürur duyur ki, Azərbaycanın ən nüfuzlu mediasında çalışır. Bu, mənə bəsdir.

- Bu gün internet mediasında sağlam rəqabətdən danışmaq mümkündürmü, yoxsa?..

- Biz bu yerə öz gücümüzə, istedadımızın hesabına gəlib çıxmışıqsa, mən başqa söz deyə bilmərəm. Əlbəttə, rəqabət bəzən sağlam olmaya da bilər. Bu, artıq mübarizə aparanların səviyyəsinin, məsələyə baxışının göstəricisidir. Biz yaranan gündən bütün mediaya sağlam münasibətdə olmuşuq. Azərbaycanda istinadın vacibliyini göstərən bir portal kimi bəlkə də nümunəyə çevrilmişik. Düşünürəm ki, məhz uğurun bir vacib şərti də hər kəsə bərabər yanaşmağı bacarmaqdır. Mən uşaqlara zarafatla deyirəm ki, xəbəri zibillikdən də tapsanız, istinad edin...

- Bugünkü mövqeyiniz və yeriniz sizin üçün zirvədirmi?

- Mənə görə jurnalist bir ulduzdur və o, kütlənin yaddaşında bu şəkildə qalmalıdır. Zirvədəki yerini qorumaq üçün orada taxılıb qalmaq yox, bəlkə də vaxtında o yeri tərk eləmək lazımdır. Bu günlər cəbhədə baş verən məlum hadisələrdə mənim uşaqlıq dostum şəhid oldu. Mənim doğulduğum kənd bu hadisələrdə üç şəhid verdi. Ümumiyyətlə, bizim Biləsuvar uşaqları Mübariz İbrahimovdan sonra "Hamımız Mübarizik" şüarı ilə yaşamaqdadırlar. İnanın ki, kəndimizdə o üç şəhidin dəfnində demək olar ki, uşaqdan-böyüyə hamı orduya getməyi, uşaqların qisasını almağı müzakirə edirdi. Mən hətta hər şeydən imtina edib, döyüşə getmək üçün oturub məktub da yazdım. Bunun pafoslu səslənə biləcəyindən qorxduğumdan belə şeyləri səsə sala bilmirəm. Ancaq gözləyək, döyüş əmri verilsin, siz onda görəcəksiniz ki, əslində "Qafqazinfo" bir döyüş batalyonu imiş..

Xəbər lenti

DAHA ÇOX XƏBƏR