“Bilirsən kimlərə sükan tutmağı öyrətmişəm...”
Bizi izləyin

Qırmızı.az

“Bilirsən kimlərə sükan tutmağı öyrətmişəm...”

Ölkədə avtomobillərin sayı artdıqca, qeyri-peşəkar sürücülərin də sayı çoxalır. Bunu sükan arxasında oturmayan adi insanlar da müşahidə edə bilirlər: Bəziləri sərnişin kimi, bəziləri piyada kimi, bəziləri şəhər sakini kimi. Təcrübəsiz adamların sükan arxasında davranışı hərdən digər sürücüləri də hövsələdən çıxarır. Axı, yollar, küçələr, magistrallar öz qayda-qanunu olan ayrıca dövlət kimidir...

Əvvəllər sürücü vəsiqəsi əldə etmək indiki qədər asan deyildi. Bununçun bir neçə ay, bəzən bir tədris ili təhsil almaq, təlim keçmək lazım gəlirdi. Əlbəttə, sürücülüyü ofislərdə mənimsəmək mümkün deyil. Təzə öyrənən şəxs sükan arxasında təlim keçməlidir. İndi isə avtomobillər üçün təlim meydançaları kifayət qədər deyil. Bunu avtomobil sahəsinin mütəxəssisləri də təsdiq edirlər.

Yeni sürücülüyə başlayanlar daha çox təlim maşını olan müəllimlərə müraciət edirlər. Belə təlim keçən müəllimlər paytaxtın nisbətən açıqlıq olan hissələrinə yığışırlar. “Gənclik” metrosunun yaxınlığında belə bir qeyri-rəsmi təlim kursu fəaliyyət göstərir. Biz də onlarla söhbət üçün ora yollandıq.
“Gənclik” metrosunun keçidindən Tofiq Bəhramov adın Respublika stadionu istiqamətində çıxan kimi orada sıra ilə düzülən, üzərində təlim yazılmış maşınları gördük.

Təlim avtomobillərinin arasında bahalı “Kia”, “BMW” markalarına rast gəlmək olardı. Bir neçə il öncə təlim avtomobilləri yalnız sovet istehsallı maşınlardan ibarət idi.

Avtomobillərin bir çoxunun sürücüsünü tapmadıq. Ola bilsin, həmin şəxslər sürücülük öyrənmək istəyənlərlə yalnız zəngləşib-vədələşib işləyirlər.

Bir az irəlidə “Mersedes” markalı avtomobillə təlim keçən müəllimlə qarşılaşdıq. Ona yaxınlaşıb söhbətə çəkdik. O da söhbətcil adammış...

1 saat üçün 20 manat

Avtomobil təlimçisi olan İlqar Kərimli 25 ildən çoxdur sürücülüklə məşğuldur. Təlimçilik fəaliyyətinə xeyli əvvəl başlayıb – artıq 12 ildir. İlqar Kərimlinin sözlərinə görə, son vaxtlar təlim keçmək istəyən gənclərin, xüsusən, xanımların sayı artıb: “Sürücü olmaq istəyənləri tələbə kimi qəbul edirəm. Öncədən xəbərdarlıq edirəm ki, ən azından 15-20 dərs davamlı gəlməlisən. Hər dərsə isə gün ərzində bir saat vaxt ayrılır, qiyməti 20 manatdır. Bu məbləği ödəyən özümün də iştirakımla şəhərin müxtəlif yerlərində avtomobili idarə edir...”

Avtomobili həvəs üçün sürməyə gələnlər də az deyil. Bunu da təlimçi İlqar Kərimli deyir. Bəziləri sadəcə qurdunu öldürmək istəyir: “Belələri 10-15 manata şəhərin hər hansı istiqamətində maşın sürürlər. Sürəcəyi məsafədən asılı olaraq qiymətlər də dəyişir. Amma mən belələriylə işləməyə həvəsli deyiləm. Yalnız tələbə kimi müraciət edənlərə dərs keçirəm”.

“Deyirlər, xanımdır, küftəsini, bozbaşını bişirsin”

Öyrənmək heç vaxt gec deyil məsəli avtomobil idarəçisinə də aiddir. Həmsöhbətimiz deyir ki, siz yaşınızdan asılı olmayaraq təlim keçən müəllimə müraciət edə bilərsiz. Yaşınızdansa narahat olmayın.

Onun özünün ən gənc tələbəsinin 17, ən yaşlı tələbəsinin isə 55 yaşı olub. Son vaxtlar müraciət edənlərin isə çoxu xanımlardı: “Hər bir işi, lap elə sürücülüyü də istənilən yaşda öyrənmək mümkündür. Əsas odur həvəs göstərəsən. Xanım sürücülərin sayı günü-gündən artır. Bəziləri xanımların sükan arxasına keçməsinə pis baxırlar. Deyirlər ki, xanım gedib bozbaşını, küftəsini bişirsin. Bu münasibətlə heç vaxt razılaşa bilmirəm. Çünki xanımlar çox məsuliyyətli sürücü olurlar.

Gün ərzində nə qədər qəza baş verir. Əksəriyyəti kişi sürücülərdir, ya işıq dirəyini aşırır, ya maşını harasa vurur. Bu cür qəza törədən xanımlara rast gəlmək olmaz. Düzdür, avtomobil varsa, qəza qaçılmazdır. Kişilərlə müqayisədə xanımlar avtomobil sürərkən qabiliyyətlərini nümayiş etdirmirlər, yola, piyadaya daha diqqətli olurlar.

Kişilərlə nisbətən qadınlar sürücülüyü bir qədər gec öyrənirlər. Fikrimcə, bunun səbəbi məsuliyyətli olmalarından irəli gəlir. Böyük vaxt sərf edib usta maşın sürməyi öyrənirlər”.

Hər avtomobili olan təlim müəllimi ola bilməz

Hər işdə olduğu kimi avtomobil təlimçiləri arasında da naşı sürücülərə rast gəlinir. Bu baxımdan sürücülük öyrənmək istəyənlər təlimçi seçimində diqqətli olmalıdırlar. Hər avtomobil idarə edənə peşəkar sürücü demək olmaz.

İlqar Kərimli bildirir ki, hər müəllimin dərs keçdiyi sürücüyə etibar etmək təhlükəlidir: “Bu iş heç də asan deyil. Hər avtomobili olan özünə təlim müəllimi deyib tələbə hazırlaşdıra bilməz. Avtomobili sevənlər cəmiyyətinin üzvüyəm və bu sahə üzrə təhsil almışam. Bu işi bacarıram. Hər işin öz peşəkarı olduğu kimi, bu işində peşəkarları bizlərik. Çünki avtomobil təhsili almışıq, neçə illərdir bu işlə məşğuluq. Gərək maşın da təlimə yarasın. Müəllimin özünün oturduğu yerdə maşını saxlamaq üçün tormoz pedalı və kiçik güzgü olmalıdır. Oradan daim hərəkətə nəzarət etməlisən. Çünki baş verə biləcək qəzaya təlimçi məsuliyyət daşıyır”.

“Ombudsmanın nəvəsinə dərs keçmişəm”

İlqar Kərimli deyir ki, avtomobil təlimi keçdiyi tələbələr arasında sadə şəxslərlə yanaşı tanınmışlar da az olmayıb: “Özünüreklamı sevmirəm. Amma tanınmış şəxslər olub ki, onlara sürücülük təlimi keçmişəm. 5-6 il öncə ombudsmannın nəvəsi gəlmişdi. Onda onun 17 yaşı var idi. 18 yaşınacan sürücülük təlimlərini öyrənib başa çatdırmaq istəyirdi. Doğum günü ona avtomobil hədiyyə edəcəkdilər.

Təlim keçdiyim tələbələr arasında müğənnilər, bank işçiləri, tanınmış həkimlər də olub. Efirlərdə tez-tez çıxış edən diyetoloq Ləman Süleymanovaya da sürücülüyü mən öyrətmişəm. Onların hər birində razıyam...”

Ekspert: “Bakıda kifayət qədər təlim meydançası yoxdur”.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov hesab edir ki, ölkəmizdə avtomobil təlimi ilə bağlı vəziyyəti qeyri-qənaətbəxşdir. Onun sözlərinə görə, maşın idarə etmək istəyənlərin böyük hissəsi sürücülük imtahanından qabaq heç bir təlimçiyə müraciət etmir: “Maşın sürməyi dost-tanışdan, qonşu-qohumdan dəniz kənarında və digər bu kimi yerlərdə öyrənirlər. Bunun təhlükəli tərəfləri var”.

Ərşad Hüseynov deyir ki, “Yol hərəkəti haqqında” qanunun 78-ci maddəsi bütövlükdə sürmə təliminə həsr olunub: “Həmçinin Nazirlər Kabinetinin sürücü hazırlığı, sürücülük imtahanı, sürücülük təhsili ilə bağlı ayrıca qərarı var. Həmin qərarda sürücü hazırlığı, təlimlərin keçirilməsi qaydaları haqda bütün detallar öz əksini tapıb. Məsələn, yalnız sürücülük məktəbinin əməkdaşı təlimçi ola bilər. Təlimçinin ən azı 5 il sürücülük təcrübəsi olmalı, ayrıca təlimçi vəsiqəsi almalıdır”.

Ekspert onu da vurğulayır ki, sürücü olmaq istəyən şəxslər avtomobil idarə etçəyi öyrənməklə yanaşı nəzəri kursu da mənimsəməlidir: “Sovet dövründə kompüter proqramları yox idi, amma tələbəni avtomobilin maketinə əyləşdirib orada idarəetməni izah edirdilər. Avtomobili idarə etmək üçün lazım olan detallar orada izah olunurdu. İndi isə kompüterdə virtual öyrədilir. Bu mərhələdən sonra qapalı meydançada həqiqi avtomobil verirlər. Orada təlim saatlarına uyğun olaraq çətin manevrlər, parklanma, dönmələr və sair məsələlər sürücüyə çatdırılır. Daxili imtahan götürülür və bundan sonra şəhər daxilində təlim keçməyə icazə verilir.

Təlimatçı istənilən anda vəziyyətə müdaxilə etməyi bacarmalıdır. Təlim avtomobillərinin üzərində fərqlənmə nişanının olması da vacibdir. Həmçinin avtomobil sürməklə bağlı təlimi ancaq xüsusi ayrılmış yollarda keçmək olar. Qanuna görə, həmin marşrut xəttini yol polisi, sürücü hazırlayan kursun, peşə məktəbinin və yerli icra hakimiyyətinin razılaşmasından sonra ayrılmış yerdə keçmək olar”.

Anar Kəlbiyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm