• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Azərbaycan nümunəvi dini-mənəvi həyatı ilə dünyanın diqqət mərkəzindədir

Azərbaycan nümunəvi dini-mənəvi həyatı ilə dünyanın diqqət mərkəzindədir

"Allahın yaratdığı ən böyük dəyər insan həyatıdırsa, onun xilası müxtəlif millət və dinlərə mənsub insanların qarşılıqlı anlaşma və ehtiramından, müxtəlif mədəniyyətlərin dialoqundan keçir. Biz bu məqamı hətta xalqımızın ağır problemi olan Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələdə də unutmur, problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquq normaları əsasında ədalətli sülh yolu ilə həllində israr edirik".

Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Bakıda "Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqə" mövzusunda keçirilən 2014-cü il mədəniyyətlərarası mübadilə görüşündə bildirib.

Onun sözlərinə görə, Azərbaycanda dini-mənəvi irsə ehtiram, müxtəlif mədəniyyətlərin dialoqu, tolerantlıq ənənələri olduqca yüksək səviyyədədir: "Din xadimi olaraq şadam ki, Azərbaycan iqtisadi, siyasi, diplomatik sahədə uğurları ilə yanaşı, nümunəvi dini-mənəvi həyatı ilə də dünyanın diqqət mərkəzindədir. Şükürlər olsun, Azərbaycan dövlət başçımızın siyasəti sayəsində Qafqazın lider dövlətinə çevrilib".

QMİ sədri bildirib ki, dinlərarası dostluq, qardaşlıq və əməkdaşlıq Azərbaycanın gerçəkliyidir: "Bu amala həm dövlətimiz ali qarantdır, həm də milli mentalitetimiz rəvac verir. Əlbəttə, ölkəmizin bu sahədə dünyaya örnək ola biləcək uğurlarını Azərbaycanda din-dövlət münasibələrinin düzgün qurulması şərtləndirir. Tolerantlıq dövlət səviyyəsində dəstəklənir. Azərbaycanda müxtəlif dini mənsubiyyətə malik insanlar özlərini cəmiyyətimizin ayrılmaz tərkib hissəsi sayır, dövlətin diqqətini, qayğı və himayəsini eyni dərəcədə üzərlərində hiss edirlər. Müxtəlif dinlərin təmsilçiləri hər zaman bir arada olur, sevinclərini, kədərlərini bölüşür, müxtəlif məzhəblərin ardıcılları eyni məsciddə ibadət edirlər. Azərbaycanda din xadimlərinə, dini ibadət yerlərinə dövlətimizin başçısı tərəfindən yüksək diqqət və qayğı göstərilir".

A.Paşazadə qeyd edib ki, Bakı artıq mədəniyyətlərarası, dinlərarası dialoqa dair mötəbər beynəlxalq tədbirlərin bir-birinin ardınca keçirildiyi ənənəvi məkana çevrilib. Azərbaycan dünya miqyasında uğurlu dinlərarası əməkdaşlıq ənənəsinə hər zaman sadiqdir: "Müxtəlif mədəniyyətlərin bir arada olmasını o bir olan Yaradanımız özü istəyib. Bu, təqdiri-ilahidir və biz - din xadimləri bu həqiqəti sizlərə çatdırmağa məsuluq. Allah-təala müqəddəs kitabımız Qurani-Kərimdə buyurub: "Biz sizi bir kişi və bir qadından yaratdıq, sonra bir-birinizi tanıyasınız deyə ayrı-ayrı qəbilələrə, tayfalara böldük".

Paşazadənin fikrincə, Azərbaycanın uğurlarının açarı kimliyindən asılı olmayaraq, burada insanların sülh və anlaşma şəraitində yaşamasıdır: "Sizin Azərbaycan torpağında şahidi olduğunuz tərəqqi, həyatın bütün sahələrində uğurlarımızın təməlində müxtəlif mədəniyyət daşıyıcısı olan vətəndaşlarımızın bir ailə kimi yaşaması, xalqımızın bütün dünyada hər zaman sülh və anlaşma tərəfdarı kimi çıxış etməsi durur. Bu, bizim bugünkü və gələcək uğurlarımızın açarıdır".

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR