• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Quran yas mərasimlərində dilimizdə oxunsunmu? - MÜNASİBƏT

Quran yas mərasimlərində dilimizdə oxunsunmu? - MÜNASİBƏT

Spiker Oqtay Əsədov Milli Məclisdə müzakirələr zamanı dini məsələlər haqda danışıb.

Teleqraf.com-un xəbərinə görə, spiker deyib ki, yas mərasimlərində Qurani-Kərimdən olan ayələrin Azərbaycan dilində oxunmasını məqsədəuyğun hesab edir.

Onun fikrincə, belədə insanlar duaların mahiyyətini daha yaxşı anlayarlar: “Dinimizin əsas kitabı Qurani-Kərimdir. Bu kitab Azərbaycan dilinə tam tərcümə olunub. Ərəb dilində dua oxunanda onu çox adam anlamır. Bu məsələyə də diqqət yetirmək lazımdır. Əgər bu kəlamlar bizə lazımdırsa, qoy, öz dilimizdə deyək ki, hamısı başa düşsün. Məclislərdə oxunan Qurani-Kərimdən ayələr öz dilimizdə oxunsa, daha yaxşı olar”.

Teleqraf.com mərasimlərdə Quran ayələrinin Azərbaycan dilində oxunmasına münasibət öyrənmək üçün tanınmış ilahiyyatçıların fikirlərini öyrənib.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullah bildirdi ki, Quranın müxətlif dillərdə tərcümə olunması və ayələrin başqa-başqa dillərdə oxunması təkliflərinə normal baxmaq lazımdır: "Maarifçilik üçün Quranın hər millətin başa düşdüyü dildə izah olunması normaldır. Sırf rəsmi dini konteksdən baxdıqda bu məsələ mübahisəlidir. Quranda elə rituallar var ki, dəyişilməzdir. Məsələn, namazın dili dəyişilməz. Peyğəmbərimiz namazı hansı dildə qılıbsa, bütün müsəlmanlar onu həmin dildə qılmalıdır. Bununla bütün namaz qılanlar müsəlmanları tanıyır. Quranın ərəbcədən oxunması vacibdir. Amma onun Azərbaycan dilində izahı müsbətdir. Mərasimlərdə ayəni ərəbcə deyib, azərbaycanca izah oluna bilər. Amma rəsmi dini törənlərdə Quranın başqa dildə oxunmasının savabı olmaz. Ərəb diliz zəngin dildir. Elə məsələlər var ki, onu yalnız ərəb sözlərilə ifadə etmək olar. Bu mənada mən Quranın ərəbcə oxunmasını, amma Azərbaycan dilində izah olunmasına müsbət yanaşıram"

“Əbu Bəkr” məscidinin imamı Hacı Qamət Süleymanov hesab edir ki, Quran ayələrinin dilimizdə izah olunması problem deyil: "Ola bilsin ki, spiker Quran ayələrinin, duaların Azərbaycan dilində şərh olunmasını nəzərdə tutub: "Quran Azərbaycan dilinə tərcümə olunub, dilimzdə ayələrin izahları verilib və s. Amma Azərbaycan dilində ibadət etmək, ayələr oxumaq düzgün deyil. Olmaz. Bunun savabı da yoxdur. Bu, artıq kəlam sayılmır. Heç bir müsəlman ölkəsində belə şey yoxdur".

Xəbər lenti

DAHA ÇOX XƏBƏR