Afrikadan gələnlər qeydiyyata götürülür – Ebola təhlükəsi
Bizi izləyin

Qırmızı.az

Afrikadan gələnlər qeydiyyata götürülür – Ebola təhlükəsi

Səhiyyə Nazirliyinin Taun Əleyhinə Stansiyasında Ebola virusu ilə bağlı "qaynar xətt” yaradılıb. İlk günlər 4-5 müraciət olurdu. Artıq insanlar daha ətraflı məlumatlanandan sonra müraciət edilmir.

Bu barədə Publika.az-a Taun Əleyhinə Stansiyasının direktor müavini Şair Qurbanov məlumat verib.

Onun sözlərinə görə, müraciət edənlər yüksək temperatur olduğunu, özlərini halsız hiss etdiklərini deyirlər. Onlardan yaxın zamanda hansı xarici ölkədə və ya xarici ölkə vətəndaşı ilə ünsiyyətdə olub-olmamaları soruşulur. Heç bir ünsiyyət, səfər olmayıbsa, narahatlığa əsas olmadığı izah edilir.

Sərhəd keçid məntəqələrində yoxlamaların aparılmasına gəldikdə isə, Ş.Qurbanov müxtəlif xəstəliklərlə bağlı müayinənin hər zaman aparıldığını dedi:

“Hindistan, Əfqanıstandan gələnlərdən vəba, Madaqaskardan gələnlərdə isə taunla bağlı yoxlama aparılır. Xəstəlik bu qədər aktual olanda diqqət artırılır. Xüsusən Afrikadan gələnlərin ad, soyadı öyrənilir və yaşayacaqları ünvan qeydiyyata götürülür. Həmin ərazi üzrə poliklinikalara həmin şəxslər barədə məlumat verilir. Hər səhər və axşam onların temperaturu ölçülür, onlar 21-23 gün nəzarətdə saxlanılır”.

Ş.Qurbanov xəstəlik aşkarlanan şəxslərin Beynəlxalq qaydalara əsasən izolə edilmiş məntəqələrə aparıldığını, onların laborator müayinəyə cəlb edildiyini dedi:

“Xəstəliyin müalicəsi olmadığı üçün ümumi müalicə aparılır. Xəstələr istədikləri zaman ölkələrinə geri qaytarıla bilərlər. Əlbəttə, xüsusi rejim təmin edilməlidir. Lakin ölkəmizdə müalicə təmin etmək mümkündürsə, Azərbaycanda qala bilərlər. Artıq bir neçə ölkədə bununla bağlı təcrübə var”.

Ş.Qurbanov bildirdi, yaxın 20-25 gün ərzində xaricdə olmamısınızsa, xaricdən kimsə yanınıza gəlməyibsə, heç bir narahatlığa əsas yoxdur.

Keçid məntəqələrində virusun simptomları aşkar olunan insanlar Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda yaradılan hazır palatalara göndəriləcək, orada hospitallaşdırılacaq və yoxlanılacaq. Ağciyər Xəstəlikləri İnstitutunun 2 palatası tam olaraq bu viruslu xəstələr üçün ayrılıb.

Xatırladaq ki, ebola virusu qərbi Afrika ölkələrində yayılıb. Xəstəliyin peyvəndi yoxdur.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm