Təzəpir məscidindən ittihamlara cavab: “Biz 4 il əvvəl başlamışıq”
Bizi izləyin

Qırmızı.az

Təzəpir məscidindən ittihamlara cavab: “Biz 4 il əvvəl başlamışıq”

Artıq bir neçə gündür ki, bəzi şəhər və rayonlarda icra hakimiyyəti nümayəndələri yas mərasimlərinin keçirildiyi evlərə gələrək yeni qaydalarla bağlı məlumat verir və bəzi hallarda ehsan süfrəsi üçün hazırlanan yeməkləri müsadirə edərək uşaq evlərinə aparırlar. Ancaq buna baxmayaraq, paytaxtda yerləşən Təzəpir məscidində qadağalara əməl olunmaması barədə xəbərlər mətbuatın gündəmindən düşmür. Xatırladaq ki, “Yeni Müsavat”ın əməkdaşı da Təzəpir məscidinin mərasim zallarında müşahidə aparmış və bu haqda məlumat vermişdi.

Yayılan söz-söhbətə və ittihamlara aydınlıq gətirmək üçün bu gün yenidən adıçəkilən məsciddə keçirilən hüzür mərasiminə baş çəkdik.

“Biz maarifləndirməyə 4 il öncə başlamışıq”

Təzəpir məscidində ehsan süfrələrində azı bir növ yeməyin və salatların verilməsinin şahidi olduq. Süfrəyə meyvə, şirniyyat və sair yas sahibinin istəyinə uyğun olaraq təqdim olunmuşdu.

Mövcud durumun səbəbini öyrənmək üçün Təzəpir məscidində mərasim zallarına rəhbərlik edən şəxslə görüşdük. Adının çəkilməsini istəməyən məscid nümayəndəsi onların əleyhinə səslənən ittihamlara cavab olaraq bildirdi ki, hazırda sözügedən qadağalar barədə 4 il öncə şeyx Allahşükür Paşazadə müvafiq tövsiyələr vermişdi ki, israfçılığa yol vermək olmaz və buraya gələn hər bir müştəriyə sadə menyu təqdim olunsun.

Bu gün də daxil olamaqla ötən 4 il ərzində gələn hər bir müştəriyə çay, xurma və halvadan ibarət menyu təklif edirik. Mərasim zalının girişində israfçılığın günah olması barədə yazı asılıb. 4 il öncə Naxçıvanda belə bu qaydalar olmadığı dövrdə biz Təzəpir məscidində bu barədə maarifləndirmə aparırdıq.

Ancaq o gündən buyana, ötən 4 ildə çay və xurmadan ibarət süfrəni 10-15 nəfər sifariş verib, başqa heç kim razılaşmayıb. İnsanlar deyir ki, mənim uzaqdan gələn qonaqlarım olacaq, onları çay süfrəsi ilə qarşılaya bilmərəm. Ya həmin qonağı aparıb evimdə yedizdirib yola salmalıyam, ya da burada ehsan süfrəsi açmalıyam. Biz isə heç kimi məcbur edə bilmərik”.

“Azı bir növ yemək olmalıdır”

Adının mətbuatda hallanmasını istəməyən müsahibim deyir ki, maarifləndirmə yolu ilə nəyəsə nail olmaq olar, ancaq tam olaraq süfrədən yeməyin yığışdırılması çətin məsələdir: “Çünki biz 4 il ərzində buna nail ola bilmədik. Bu gün Bakıda bir adamın ailə üzvü rəhmətə gedirsə, onun 200-300 km yoldan qohumları gəlir. Bizdən soruşurlar ki, uzaq yoldan sənə başsağlığına gələn adamı acqarına, bir stəkan çayla yola salmaq düzgündürmü? Gələn adama ən azı bir cür yemək verməlisən. Ata-babadan yas mərasimlərində ən azı bir cür yemək olub, ya bozbaş ya da aş verilib. Bu israfçılıq deyil. İsrafçılıq süfrədə banan, şəkərbura-paxlava flan verməkdir”.

Təzəpir məscidinin nümayəndəsi deyir ki, israfçılıq əleyhinə mübarizəyə yas mərasimlərindən deyil, toy mərasimlərindən başlamaq lazımdır. Yasda kimin necə ehsan verməsini qadağa ilə tənzimləmək olmaz: “Biz hər gələn müştəriyə bu barədə tövsiyə veririk və dediyim kimi, 4 il öncə buna başlamışıq. Ancaq onları məcbur etməyə, yasaqlamağa haqqımız yoxdur. Çünki bu haqda qanun qəbul olunmayıb. Hüquqi əsasımız yoxdur”.

“Uzaqdan gələn qonaqlar”

Biz söhbət edən zaman iki müştəri mərasim zalını danışmaq üçün içəri daxil olur. Jurnalist olduğumuzdan xəbərsiz olan bu insanlar onlara təqdim olunan sadə menyudan imtina edib, yemək sifariş edirlər. Yeni qaydaların tərəfdarı olmayan bu insanlar uzaq yoldan gələn qonaqlarını çox olacağını əsas gətirərək yemək verməyə məcbur olduqlarını bildirirlər.

Məscidin nümayəndəsi deyir ki, elə şadlıq sarayları var ki, bu gün toy mərasimi edib içki içilən qabda səhəri gün yas məclisi keçirib ehsan verirlər: “Tədbir onlara qarşı görülməlidir. Burada artıq qalan yeməklər də israf olunmur. 10-a yaxın kasıb ailə var ki, hər gün axşam saatlarında yas məclisləri bitəndən sonra buraya gəlirlər və hazırlanan yeməklərdən qazanda artıq qalanlar onlar arasında bölünür. Mətbəxdə daha çox əl dəyilməmiş yeməklər, şiriniyyatlar qalırsa adətən uşaq evlərinə aparılır, ya da məclis sahibləri aparıb özləri istifadə edirlər”.

Təzəpirdə qiymətlər

Qeyd edək ki, Təzəpir məscidində mərasim zallarında stolların qiyməti sadə süfrələrdə 5 manatdan başlayır, ən bahalı süfrənin qiyməti isə 12-15 manatdır: “Burada heç vaxt 20 manatlıq süfrə açılmayıb. Çay, limon, qənd xurma və halvadan ibarət məclisin qiyməti 400 manatdır. Nə qədər qonaq gəlirsə gəlsin bu qiymət dəyişmir, 150 nəfərə qədər 400 manat, 200 nəfərdən çox olarsa 500 manatdır. Habuki, çadırların bir günlük kirayəsi 300-400 manatdır”.

Millət vəkili: “Geri çəkilməz olmaz”

Məsələ ilə bağlı “Yeni Müsavat”a münasibət bildirən Milli Məclisin Sosial Siyasət Komitəsinin üzvü Musa Quliyev isə bildirdi ki, yas mərasimlərində israfçılığın qarşısının alınması üçün çox ciddi şəkildə maarifləndirmə işi aparılmalıdır: “Din xadimləri, xüsusilə QMİ konkret olaraq mövqe ortaya qoymalıdır. Müvafiq icra hakimiyyəti orqanları isə maarifləndirmə işləri aparmaqla yanaşı onun müvafiq tənzimlənmə mexanizmini işləyib hazırlamalıdırlar. Birinci növbədə həmin ərazinin nüfuzlu şəxsləri özləri nümunə göstərməli və bu qaydalara əməl etməlidirlər. Hər bölgədə tanınan, ağsaqqal adamlar öz mövqelərini ortaya qoymalıdırlar. Bu çox zəruri bir addımdır. Bundan geri çəkilməyin mən tərəfdarı deyiləm. Çünki, nə milli adət-ənənəyə, nə də İslam ənənəsinə uyğun deyil yas mərasimlərini bu cür təmtəraqlı keçirmək. Azərbaycandan başqa dünyanın heç bir müsəlman ölkəsində bu cür təmtəraqlı yas mərasimləri keçirilmir. Yəni yas mərasimində ehsanların verilməsinə bir qədər dəyişikliklər etmək olar. Bunu məscidlərdə yoxsul insanlar üçün etmək olar və ya uşaq evlərində, qocalar evlərində vermək olar. Müəyyən yardımlar kimi vermək olar. Xeyriyyə fondlarına pul vəsaiti köçürmək olar”.

“Qonşu ölkələrə baxın”

Millət vəkili deyir ki, israfçılıq həm toy, həm də yas mərasimlərində çox eybəcər forma alıb: “Mən 10 il əvvəl bu haqda qanun qəbul olunması ilə bağlı Milli Məclisdə məsələ qaldırmışdım, mətbuatda çıxış etmişdim. Ancaq belə nəticəyə gəldik ki, adət-ənənələrin qanunla tənzimlənməsi düzgün deyil, xalq özü bunu tənzimləməlidir.

Ancaq düşünürəm ki, burada vətəndaşlarımız da anlayış göstərməlidir, hər şey razılıq əsasında olmalıdır. Bəzən bəhanə gətirirlər ki, uzaq yoldan gələn olur, onlara yemək vermək lazımdır. Oraya heç kim yeməyə gəlmir, yas sahibinin dərdini bölüşməyə gəlir. Tutaq ki, hansısa kəndlinin şəhərdə işi var, bu o deməkdir ki, həmin adam üçün orada süfrə açılmalıdır. Kim acdırsa, yasdan kənarda da çörəyini yeyə bilər.

Qonşu ölkələrə Türkiyəyə, İrana, ərəb ölkələrinə baxaq, heç birində bu cür ehsanlar verilmir”.

Yas mərasimlərini polis vasitəsilə müdaxiləyə gəlincə, millət vəkili deyir ki, bu cür kobud davranışların tərəfdarı deyil: “Əvvəlcə, profilaktik tədbirlər görülməlidir, maarifləndirmə işləri aparılmalıdır. Mahiyyəti izah olunmalıdır. Ancaq kiminsə evinə girib, qazanını müsadirə etmək nə sivil qaydalara, nə də əxlaqa uyğun deyil”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm