Cinayət və cəzanın fəlsəfəsi
Bizi izləyin

Qırmızı.az

Cinayət və cəzanın fəlsəfəsi

Professor İlham Rəhimovun eyniadlı kitabı barədə düşüncələr

“Bütün vasitələr, yalnız dünyanın ümumi nizamına müvafiq olan zaman fayda gətirir, əgər onlar həmin qaydaya zidd olarsa, təsiri də olmaz”. Bu fikir dahi filosof Əbülhəsən Bəhmənyara aiddir. Həmin rakursdan yanaşsaq, deyə bilərik ki, “Cinayət və cəzanın fəlsəfəsi” kitabı əsl zamanında yazılıb. Respublikanın əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor İlham Rəhimovun adı çəkilən monoqrafiyası tarix boyu mütəfəkkirlərin diqqət mərkəzində olan aktual bir məsələyə sistemli yanaşmadır. Əsərdə cinayətin səbəblərinin hüquqi, fəlsəfi, dini izahı, tarixdə cinayətin ənənəvi formaları və onu zəruri etmiş amillərlə yanaşı, cinayətkar davranışın psixologiyası, qorxu, risk kimi daxili hissləri, cinayətin genetika ilə bağlılığı, cinayətdə şəxsiyyətin rolu və s. də araşdırılır.

Giriş hissədə, “mən cəza probleminin mahiyyətinə dərindən nüfuz etdikcə, bu mürəkkəb fenomenin dərk edilməsində ancaq hüquqi yanaşmanın məhdud olduğu qənaətinə gəldim, bu isə, araşdırma prosesində cinayət hüququ və kriminoloji çərçivədən kənara çıxmağın zəruriliyini ortaya çıxardı”, – deyən professor, tarixdə, yaxud da müxtəlif dövrlərdə sosial-psixoloji vəziyyətin yaratdığı cinayətlər barədə misallar çəkməklə, cinayət və cəza ilə bağlı günümüzdə mövcud olan problemlərə toxunur, onların həlli yollarını mükəmməl hüquqi və fəlsəfi biliyinin, eləcə də hüquq sahəsindəki uzunmüddətli təcrübəsinin süzgəcindən keçirir. Bundan başqa, Səmavi kitablarda cinayətkarlığa münasibət və onlara qarşı nazil olan ayələrdən də kifayət qədər söhbət açır, əxlaqın formalaşması üçün onların yüksək dəyərindən bəhs etməklə yanaşı, mövzu ətrafında müqayisələr aparır.

İlham Rəhimov cinayəti və onun səbəblərini fəlsəfi cəhətdən dərk etmədən cəzanı və onun mahiyyətini anlamağın mümkünsüzlüyünü vurğulayaraq, adı çəkilən kitabında “cinayətin fəlsəfəsi” və “cinayətkarlığın fəlsəfəsi” anlayışları barədə geniş söhbət açır. Həmin kontekstdə “cinayətlər olmasa, cinayətkarlıq da olmaz” müddəası ilə çıxış edir. Bu mövzuyla bağlı müəllif bir sıra alimlərin fikirlərinə tənqidi mövqeyini sərgiləyir və bu iki anlayışı bir-birindən fərqləndirə bilməməkdə onları ittiham edir. Biz burada cinayətkarlığın ayrı-ayrı cinayətlərin toplusu olduğunu A.Lepsdən gətirilmiş sitatlarda da oxuyuruq. Müəllif fikirlərinə aydınlıq gətirmək məqsədilə A.İ.Aleksandrovun cinayət barədə dediyi tərifi də diqqətə çatdırır: “Cinayət insanların qanunları pozaraq öz problemlərini kütləvi surətdə həll etməsi prosesidir”. Bu məsələlərlə bağlı müxtəlif alimlər tərəfindən irəli sürülmüş fikirləri layiqincə təhlil edən İlham Rəhimovun qənaətləri də diqqət çəkəndir: “Cinayətin xüsusiyyəti ondan ibarətdir ki, hər bir ayrıca törədilmiş cinayət insanın düşünülmüş fəaliyyətinin nəticəsidir. O ki qaldı cinayət üzrə rəqəmlərə, onlar xaotik toplanır. Yəni cinayətlər üzrə aparılan statistika reallığa uyğun olmaya bilər. Əlbəttə, burada cinayətin sosial və tarixi yaranma prosesini nəzərə almadan, yalnız statistik təhlili ilə məhdudlaşmaq olmaz. Cinayət eyni zamanda kütləvi, tarixi baxımdan dəyişkən, sosial və hüquqi xarakterə malik hadisədir. Lakin cinayətin sosial xarakteri onun ictimai əsaslarının və səbəblərinin olması ilə deyil, onun sosial mahiyyəti ilə əlaqəlidir”.

“Cinayətin anlayışı və mahiyyəti” bölməsində, – ... cinayətin yalnız hüquqi kateqoriya kimi öyrənilib təsvir edilməsi kifayət deyildir. Buna görə cinayəti bir hadisə kimi fəlsəfi baxımdan izah etmək lazımdır, – deyən İlham Rəhimov, cinayətin hüquqi və sosioloji tərəflərini təhlil etməklə, bunun fiziki təbiətlə, geoloji və bioloji amillərlə də əlaqəsinə nəzər yetirir, eyni zamanda cəzalandırma haqqının köklərini dində, əxlaqda və ictimai maraqda axtarır. Müəllifə görə, antropoloqlar əvvəlcə cinayətin səbəblərini bizi əhatə edən fiziki təbiətdə – meteoroloji, iqlimlə bağlı, termometrik, geoloji və s. amillərdə – görürdülər. Lakin tezliklə onlar əsas diqqəti insana yönəltmişlər: cinayətin səbəblərini onun antropoloji, fizio-məntiqi və psixi təşkilində axtarmışlar. İddia edilirdi ki, cinayət törədildikdə, insan yalnız öz heyvani (fizioloji, bioloji) təbiətini deyil, həm də orqanizmin vəziyyətinin doğurduğu həyacanı əhatə edən psixikasını ortaya qoyur. Ç.Lambrozodan da sitatlar gətirməklə bütün bunlar barədə mülahizələrini sərgiləyən müəllif qeyd edir: “Məhz antropologiya o qənaətə gəlməyə imkan vermişdir ki, insanın cinayətkar davranışı ilə irsiyyətin birbaşa əlaqəsi mövcuddur. Məgər bizim dövrümüzdə kimsə inana bilərmi ki, cinayətkar davranış “olduğu kimi” irsiyyətlə keçə bilər? Lambrozonun özünün də buna inanmadığını düşünürəm. O, hər bir cinayətin ibtidai insan vərdişlərindən irəli gəldiyini, hər bir cinayətkarın mənəvi və maddi əlamətlərinə görə vəhşi insana bənzədiyini iddia edirdi”.

Müəllif E.Kreqmer və R.Funesə istinadən qeyd edir ki, həqiqətən, irsiyyətlə çoxlu psixoloji xüsusiyətlər ötürülür. Lakin bu, insanın fiziki quruluşu, psixoloji göstəricisi və cinayətkar davranışı arasında bağlantının olmasına dəlalət etmir. Hörmətli professor bu barədə Q.Kayzerə də haqq qazandırır: “Cinayətkarlığın irsiyyətin məhsulu kimi araşdırılması kifayət deyildir. Biz cinayətkar davranışı irsi amillərlə izah etmək cəhdinin uğursuz olduğunu etiraf etməliyik”.

İlham Rəhimov fikirlərini ümumiləşdirərək qeyd edir ki, bu məktəbin bütün nümayəndələri hesab edirlər ki, cinayət sosial ədalətsizliyə qarşı və cəmiyyətin yarıtmaz, qeyri-kafi təşkilatlanmasına cavab olaraq ortaya qoyulan davranışdır. Onların radikal islahatı cinayət göstəricilərini minimuma endirməli, bəlkə də onu tam ləğv edə bilərdi.

Şərhdən də aydın olduğu kimi, burada artıq cinayətə fəlsəfi müstəvidən yanaşan professor aşağıdakı nəticələrə gəlməyin mümkünlüyünü qeyd edir: Birincisi, sosial mühit hər şeydirsə, korlanmış və qüsurlu sosial mühit cinayətkar şəxslərin ortaya çıxmasına səbəb olursa, onda bu sosial mühitin islahat vasitələrinin yönəldilməsi lazımdır. “Cəmiyyət cinayətkarları özü yaradır” (Lacassagne). Belə çıxır ki, cinayətkarlığın sayının artması və azalması əsas olaraq sosial faktorlardan asılıdır. Yəni onlar digərlərindən daha asan dəyişə və düzəldilə bilərlər.

İkincisi, belə bir qənaətə gəlmək mümkündür ki, insan sosial iyerarxiyada nə qədər aşağıda yerləşirsə, o qədər onun cinayət törətmə ehtimalı artır.

Üçüncüsü, sosioloji məktəb cinayət amillərini fərdi və sosial qruplara ayıraraq, cinayətin səbəblərinin təyin olunmasında üstünlüyü cinayətin ilkin amillərinin kateqoriyası olan sosial amillərə verir. Buna görə bərabər şərait olsa belə, ilkin, daha doğrusu sosial faktorların olmaması fərdi səbəblərin (törəmə kimi) və ya psixofiziki xüsusiyətlərin yaranmasına gətirib çıxarmayacaqdır. Bu, o mənanı verir ki, cinayətin səbəbi insanın özündə və bizi əhatə edən ictimai mühitdə axtarılmalıdır. “Mikrob”, yəni cinayət elə bir elementdir ki, o, özünə uyğun mühit tapanda əhəmiyyət kəsb etməyə başlayır.

Dördüncüsü, cinayətkarlığın sosial amilləri dedikdə, ictimai mühitin təsirləri dərk edilir. Fərdi amillər isə insanın fərdi amillərinin təsirindən ortaya çıxır (List, Çarıxov).

İlham Rəhimovun bu mülahizələri hüquq tarixinin “cinayət və cəza” məsələsində hər zaman diqqət çəkəcəyinə və bu fikirlərə istinad ediləcəyinə şübhə yoxdur.

“Korrupsiya cəmiyyəti qaçılmaz olaraq tənəzzülə doğru aparır”

“... Cinayətlə cəzanın fəlsəfəsi o zaman formalaşmışdır ki, insan öz davranışı haqqında düşünməyə başlamışdır. O davranış haqqında ki, həmin davranışlar digər insanlara, cəmiyyətə müəyyən zərər verir və həm də o hadisələrin qarşısını almaq zəruridir”. Bu müddəanı da yürüdən müəllif F.Engels, Volter kimi alimlərdən misallar gətirməklə cinayətkarlığı yaradan başlıca səbəblərdən biri olaraq ağır iqtisadi vəziyyəti göstərir. Kitabda bu məsələ ilə bağlı İ.Bentamın dediklərini oxuyuruq: “Yaşayış vasitələrindən məhrum edilən, həyatdan əli üzülən insanı cəza ilə təhdid etmək mümkün deyildir. Çünki onu cinayətə vadar edən qarşısıalınmaz bir ehtiyac vardır. Qanun əvvəlcə onun ehtiyaclarını təmin etməlidir”.

Kitabı oxuduqca, bu mövzuda kifayət qədər bədii əsərlərin yazılmasına baxmayaraq, Viktor Hüqonun “Səfillər”ini xatırlamamaq mümkün deyil, yəni eyni insan düşdüyü və yaşadığı mühitdən asılı olaraq, səfil, cinayətkar da ola bilər, xeyirxah, xeyriyyəçi də. Onu da qeyd edim ki, İ.Rəhimov kitabında adıçəkilən əsərə və Dostoyevskinin fikirlərinə də istinad edib.

Bütün bunlara baxmayaraq, müəllif Aristotelin məsələyə fərqli yanaşmasını diqqətdən qaçırmır. O, qeyd edir ki, zənginlik və yoxsulluq özü-özünə cinayətə gətirən amillər deyildir. Lakin yoxsullar maddi ehtiyacları səbəbindən bəzən cinayətə yönəlirlər. Maddi varlığı olan insanlar isə əyləncə axtarır və bunsuz yaşaya bilmirlər. Yenə də bu əmələ onları sövq edən zənginlik və yoxsulluq deyil, onların öz nəfsləridir. Aristotelə görə cinayətin mənşəyi məhz insanın iradəsindən irəli gəlir. Lakin dahi filosof cinayətin itiriləcək bir şey qalmayanda və yoxsulluq halında törədildiyini də vurğulayır.

Müəllif cinayət məsələsində instinktiv ünsürləri və ya irrosional vasitələri də nəzərdən keçirir. Onu xüsusilə maraqlandıran, insanın bütün hallarda, o cümlədən zəngin və ya yoxsul olmasından asılı olmayaraq aqressivliyini yaradan səbəblərdir. Müəllif bu mövzuda Freyd, E.Fromm, Ç.Lambrozo, C.Dollard, E.Saterland və s. kimi tanınmış alimlərdən sitatlar gətirməklə, eyni zamanda Darvinizm nəzəriyəsi ilə müqayisələr aparır.

İlham Rəhimov kitabda bir çox statistik məlumatlarla da çıxış edir. Müxtəlif illərdə baş vermiş cinayət hadisələrinin sayını müqayisə edən müəllif son əlli ildə cinayətkarlığın ildən-ilə artmasını faktlarla izah edir və bunun səbəbini araşdırır. Bu məsələ ilə bağlı təhlillərində, “hamımız bilirik ki, korrupsiya Azərbaycanda cinayətkarlığın inkişaf etməsində çox təhlükəli bir hadisəyə çevrilmişdir”, – deyən hörmətli professor bu məsələdə cinayət hadisələrinin qarşısını almaqla məşğul olan qurumların fəaliyyətindən çox şeyin asılı olduğunu vurğulayır. Müəllif təəssüf hissi ilə qeyd edir ki, çox güclü praktik vasitələrimizin olmasına baxmayaraq, biz bu sahədə hansısa irəliləyişi müşahidə edə bilmirik. O, davam edir: “... o, (korrupsiya) cəmiyyəti qaçılmaz olaraq tənəzzülə doğru aparır. Bizim qanunvericiliyimizdə korrupsiya və rüşvətxorluğa görə çox ciddi cəza nəzərdə tutulub. Amma bu cəza yalnız Cinayət Məcəlləsində qalmaqdadır və reallıqda tam gücü ilə tətbiq edilmir və hətta istehza ilə qarşılanır. Bu isə ona gətirib çıxarır ki, insanların korrupsiya və çirkli pulların yuyulması, gəlirlərin gizlədilməsi, qanunsuz özəlləşdirilmə və s. bu kimi iqtisadi cinayətlərə olan münasibəti bu gün ictimai əxlaqın enməsinin göstəricisi kimi dəyərləndirilə bilər. Çünki bu kimi əməllərə qarşı əhalinin mənfi reaksiyası müşahidə olunmur. İctimai şüurda bu kimi cinayətlər təhlükəli, əxlaqsız, zərərli deyil, tam normal hadisə kimi qiymətləndirilir”. Müəllif bu məsələylə bağlı qeyd edir ki, 1992-ci ildən başlayaraq rüşvətxorluq hallarının sabit olaraq azalması meyli müşahidə olunur, praktiki olaraq Azərbaycanda korrupsiya halarına rast gəlinməmişdir. Bu, təbii ki, reallığa uyğun deyildir. Belə ki, 1997-ci ildə 68, 1998-ci ildə 66, 1999-cu ildə 68, 2001-ci ildə 54, 2004-cü ildə 5, 2007-ci ildə isə 8 rüşvətxorluq halları aşkar edilmişdir.

Prosesə bu enən şkala üzrə baxarkən, belə qənaətə gəlmək olur ki, günümüzdə “korrupsiya” adında cinayətkarlıq sıfır səviyyəsindədir. Onu da qeyd edim ki, müəllif bu əttökən statistikaya təəssüf hissi ilə yanaşmaqla, çox yumşaq tənqidi münasibət bildirmişdir. Bunun səbəbini isə monoqrafiyanın tənqidi xarakterli deyil, əsasən tələbələr, alimlər, hüquq-mühafizə orqanlarının əməkdaşları, eləcə də digər mütəxəssislərin bilik və məlumatlarının artırılması xarakteri daşıması ilə izah etmək olar.

Bu məsələni araşdıran professor yaxın 5 il ərzində respublikada cinayətkarlığın artımını saxlamağın mümkün olmayacağı barədə proqnoz verir. Bunun səbəbini isə belə izah edir: “... Əhalinin hələ də psixoloji cəhətdən dərk edə bilmədiyi mövcud sosial ədalətsizlik, varlılarla yoxsullar arasında olan uçurum, maddi sərvətlərin bərabər paylanmaması, həyatdakı bir çox problemlərin hüquqi vasitələrlə həll edilməsinin imkansızlığı insanların psixologiyasına çox güclü təsir edəcəkdir. Bu da bəzi hallarda zorakılıqla müşaiyət edilən cinayətlərin törədilməsinə gətirib çıxaracaqdır. Buna görə qətl, ağır bədən xəsarəti yetirmək, xuliqanlıq kimi cinayətlər ən yaxşı halda indiki səviyyədə qalacaqdır”. Bu izahatın davamı olaraq, daha bir faktı göz önünə gətirən müəllif qeyd edir: “Qarabağ münaqişəsinin həll edilməməsi də həmçinin cinayətkarlar kateqoriyasına öz mənfi təsirini göstərəcəkdir. Əhalinin müəyyən hissəsinin iqtisadi vəziyyəti oğurluq, quldurluq, dələduzluq, vergilərdən yayınma kimi cinayət növlərinin artmasına təkan verəcəkdir. Belə ki, indi oğurluq bütün cinayətlərin 16%-dən çoxunu təşkil edir”.

“Cəza insanları cinayət əməlindən çəkindirən xüsusi bir vasitədir”

Əsər boyu cinayət və cəza anlayışlarına müxtəlif prizmalardan yanaşılmaqla cinayətin tükədilməsi və ya son dərəcə azaldılması məsələləri qabardılmaqla yanaşı, ədalətli cəzanın təyin edilməsi və tətbiqi barədə müddəalar irəli sürülür. İlham Rəhimov cəzanın fəlsəfi tərifini bu cür verir: “Cəza insanları cinayət əməlindən çəkindirən xüsusi bir vasitədir. Onun mahiyyəti qisas, məzmunu cəzalandırmaq, xüsusiyyəti xəbərdarlıq və təhdiddir”. Ümumiyyətlə, müəllif oxucuya talion prinsiplərini xatırladaraq, cəzanın ədalətli olması, həddini aşmaması, törədilmiş xəsarətin miqdarı qədər cəzanın tətbiq edilməsi və əsasən cəzanın tərbiyə-təhsil xarakterli olması, ondan daha çox cəmiyyət üçün yararlı işlərdə istifadə olunmasına üstünlük verir. Müəllif burada fikirlərini oxucuya çatdırmaq üçün N.Kristiyə istinadən qeyd edir ki, təyin və icra edilən cəza düşünülmüş, məqsədyönlü ağrının verilməsidir ki, bu da insanın mənəvi yüksəlməsinin qarşısını alır, onu zülmkar edir. Kitabda bunun ardınca N.Kristidən başqa bir sitat gətirilir: “... cinayətkara mümkün qədər az ağrı yetirilsin. Alternativ cəzanı deyil, cəzaya alternativ axtarın”. Lakin bu məsələdə bir sıra incə məqamlara toxunan müəllif, cəzanın zor işlədərək icrası prosesində məhkumun şəxsiyyətinə müsbət təsir etməyin mümkün olmadığını diqqətə çatdırır və bunun təfsilatını haqlı olaraq belə izah edir: “Çünki qisasın (cəzanın), yəni hüquqi məhrumiyyətlərin tətbiq edilməsi, birsözlə, məhkumların şəxsi maraqlarına zərərin yetirilməsi tərbiyə vasitəsi hesab edilə bilməz”. Burada müəllifin çox maraqlı daha bir fikrini oxuyuruq: “İnsanı vətənpərvərliyə, başqalarının mülkiyyət hüququna və insanlara qarşı sevgi hissi bəsləməyə məcburiyyətin mümkün olmadığı kimi, cəza vasitəsi ilə insanın daxili aləmini yenidən qurmaq və ya təkmilləşdirmək imkansızdır. Səbəb də budur ki, cəza məcburi ola bilər, amma inandırma mümkün deyildir...”.

Bu təfsilatları şərh etmədə ola bilsin ki, məqalə məcrasından çıxır, amma elə qiymətli fikirlər var ki, sadəcə ondan yan keçmək mümkünsüzdür. Fikir verin: “Qisas tərbiyələndirmir, o, sındırır, qorxudur və ən yaxşı halda davranışda konformluğu (itaət etmə, boyuin əymə) yaradır”. Sərt cəzalandırmanın vətəndaş cəmiyyətinə, ictimai şüura da mənfi təsirini vurğulayan müəllif, insanlığı sərt cəzalardan azad etmə vaxtının çoxdan gəlib çatdığını söyləyir və cəmiyyəti “qorxu” altında saxlamağa son qoyulmasını vacib hesab edir.

Bu yazımla professor İlham Rəhimovun sözügedən monoqrafiyasının çox ciddi və oxunaqlı əsər olduğunu, eyni zamanda ictimai şüurun formalaşmasında öz töhvəsini verəcəyinə əminliyimi ifadə etmək istəyirəm. Onu da deyim ki, gənc alimlər bu kitabla bağlı müxtəlif dissertasiya mövzuları seçə bilərlər.

Məqaləni “Cinayət və cəzanın fəlsəfəsi”nin müəllifinə cansağlığı və yaradıcılıq uğurları arzusuyla bitirirəm.

Elbəyi CƏLALOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm