• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Arvadı ilə barışmaq istəyən gənc qaynını öldürdü

Arvadı ilə barışmaq istəyən gənc qaynını öldürdü

Yevlax şəhər sakini, 1981-ci il təvəllüdlü Vüsal Süleymanov qaynı Eşqin Quliyevi bıçaqlayaraq öldürüb. Teleqraf.com-un araşdırmasına görə, hadisə 27 mart 2013-cü il tarixdə baş verib.

Vüsal Süleymanov həmin gün saat 16.40-da həyat yoldaşı Lalə Süleymanova ilə ailə münasibətləri zəminində mübahisə edib. Bu zaman oraya gəlmiş Lalə Süleymanovanın qardaşı Eşqin Quliyev onların mübahisəsinə qarışıb. Eşqin bacısı Laləni narahat etməsi ilə bağlı Vüsal Süleymanova iradını bildirib və buna görə də onların arasında mübahisə yaranıb.

Eşqin Quliyev mübahisə zamanı Vüsal Süleymanovu vurub. Bu zaman Vüsal Süleymanov özündə olan bıçaqla Lalənin gözü qarşısında Eşqinə çoxsaylı zərbələr vurub. Eşqin aldığı bıçaq zərbələrindən hadisə yerində ölüb.

Vüsal Süleymanov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunub və cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

“Oğlum məni itələyərək niyə gəldiyimi soruşdu”

Hakim Elxan Süleymanovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən Vüsal Süleymanov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, deyib ki, martın 27-də uşaqlarını görmək və onları öz evinə aparmaq məqsədilə Lalənin yaşadığı Mingəçevir şəhərinə gəlib: “Həmin ünvana çatdıqda Laləni balaca oğlum ilə birlikdə binanın qarşısında gördüm. Daha sonra Lalə və oğlum ilə görüşdüm və birlikdə Mingəçevir şəhərində yerləşən “5+” super marketə getdik. Bazarlıq etdikdən sonra Lalənin yaşadığı mənzilə geri qayıtdıq. Laləyə mənzilin qapısını kirayəçi kimi yaşayan tələbə qızlar açdılar. Böyük oğlum Xəyal mənzildən çıxdı və məni itələyərək niyə gəldiyimi soruşdu. Xəyalı qucaqlayaraq öpdüm və Lalədən uşaqlarımı niyə mənə qarşı öyrətməsini soruşdum. Bu vaxt Lalə ilə aramızda mübahisə yarandı. Bu zaman qonşu Solmaz bloka çıxdı. Lalə həmin vaxt Solmazdan Eşqinə zəng etməyi xahiş etdi. Laləyə "qonşulardan ayıbdır" deyərək mənzilə keçməyi təklif etdim. Lakin Lalə razılaşmadı. Bundan təxminən 5-10 dəqiqə sonra Eşqinin binanın blokunda pilləkənlə yuxarı qalxdığını gördüm”.

“Eşqini öldürmək niyyətində olmamışam”

Təqsirləndirilən şəxsin sözlərinə görə, Eşqinə Lalə ilə barışmaq istədiyini deyib: “Bu zaman Eşqin üstümə gəlmək istəyəndə Lalə onu saxladı. Amma Eşqin Lalənin əlindən çıxaraq üstümə gəldi. Eşqin yaxamdan tutaraq məni yerə yıxdı və yumruqla vurmağa başladı. Bu zaman Eşqinə fiziki cəhətdən gücümün çatmayacağını başa düşdüm və özümdə olan bıçağı çıxararaq ona bir dəfə zərbə vurdum. Həmin vaxt Lalə bizə tərəf gəldi və bizi aralamağa çalışdı. Bundan sonra səs-küyə bloka çıxmış Faiq də bizi aralaşdırmağa çalışdı. Faiqə təcili tibbi yardıma zəng etməyi xahiş etdim və sonra hadisə yerindən getdim. Hadisə zamanı Eşqini öldürmək niyyətində olmamışam. Eşqinin bədənində ikinci bıçaq xəsarətinin necə yaranmasını xatırlamıram. Etdiyim əmələ görə peşmanam”.

“Böyük oğlum bloka çıxaraq Vüsalı təpiklə vurdu”

Cinayət işi üzrə şahid qismində dindirilən Lalə Süleymanovanın sözlərinə görə, martın 27-də Vüsalla boşanması üçün məhkəmə prosesində iştirak edib. O, deyib ki, məhkəmədən çıxandan sonra yaşadığı ünvana gəlib: “Həmin gün saat 12.30-da böyük oğlum Xəyalı məktəbə apardım. Saat təxminən 15.00-da evə bazarlıq etməkdən ötrü marketə getmək üçün balaca oğlum Mahirlə birlikdə evdən çıxdım. Yaşadığım binanın yaxınlığında yerləşən mağazanın qarşısında Vüsalla qarşılaşdım. Vüsal məndən hara getdiyimi soruşdu. Ona marketə getdiyimi bildirdim. Sonra birlikdə marketə getdim. Evə ərzaq məhsulları aldıqdan sonra marketdən çıxdım və həmin vaxt qardaşım Eşqinə zəng etmək istədim. Lakin Vüsal zəng etməyə qoymadı. Bundan sonra birlikdə piyada yaşadığım ünvana gəldik. Vüsal da mənimlə birlikdə yaşadığım mənzilə girmək istədi, amma buna icazə vermədim. Həmin vaxt böyük oğlum bloka çıxaraq Vüsalı təpiklə vurdu və ona qulaqcıq almamasının səbəbini soruşdu. Bundan sonra Vüsal mənə uşaqları özünə qarşı öyrətdiyini bildirdi və aramızda mübahisə yarandı. Bu zaman qonşumuz Sona bloka çıxdı. Sonaya polisə zəng etməsini işarə etdim. Sona isə yenidən yaşadığı mənzilə girdi. Az sonra Eşqinin gəldiyini gördüm. Eşqinin Vüsalla dalaşacağından qorxdum. Buna görə də Eşqini qucaqlayaraq Vüsalla dalaşmadığımı, onun barışmaq üçün gəldiyini bildirdim. Lakin Eşqin əlimdən çıxaraq Vüsalın üstünə getdi və ondan nə üçün gəlməsini soruşdu. Vüsal ailəsinin yanına gəldiyini bildirdi. Bu zaman Eşqinlə Vüsal dalaşmağa başladılar. Bu vaxt Vüsal Eşqini vurdu və buna görə də Eşqin Vüsaldan aralandı. Mən Eşqini tutan zaman əlim qana bulaşdı. Əlim qana bulaşdığı üçün Vüsalın Eşqini bıçaqladığını başa düşdüm”.

Məhkəmənin hökmü ilə Vüsal Süleymanov 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR