Şabran qalasının yanmış qalıqları aşkarlanıb - FOTO
Bizi izləyin

Qırmızı.az

Şabran qalasının yanmış qalıqları aşkarlanıb - FOTO

Şabran şəhəri ərazisinin arxeoloji qazıntıların gedişində aşkar olunmuş qəsr ərazisində araşdırma nəticəsində 100 kv.m-lik sahə 4 m dərinlikdə qazılaraq tədqiq olunub. Qazıntılar zamanı qəsrin bürcü cənub-şərqdən cənub-qərb istiqaməti boyunca 8,5 m uzunluğunda açılıb.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Qoşqar Qoşqarlının Publika.az-a verdiyi məlumata görə, bürcün aşağı hissəsi təqribən 11 cərgədə mişar daşından (20x40 sm), üst hissəsi isə çay daşı və bişmiş kərpicdən hörülüb. Qazıntı zamanı müxtəlif səviyyələrdən dörd yanıq təbəqəsi aşkar edilib. Bunlar təqribən 60-80 sm, 1,5 m, 2 m və 3 m dərinliklərdən üzə çıxarılıb.

Bu da şəhərin dəfələrlə hücuma məruz qalaraq yandırılmasını sübut edir. Qəsrin tikinti üslubunun müxtəlifliyi məhz bununla əlaqədardır.

Yer səviyyəsindən 3 m dərinlikdən başlayaraq qazıntı sahəsinin dibinədək 1 m hündürlüyü olan yanıq torpaq təbəqəsi üzə çıxdı. Bu təbəqə burada vaxtı ilə güclü yanğın olduğunu göstərir. Yanıq təbəqəsində XIII-XIV əsrlərə aid aşkar edilmiş maddi-mədəniyyət nümunələrinin olması yanğının monqol hücumları zamanı baş verdiyini ehtimal etməyə əsas verir. Gələcək tədqiqatlar bu barədə daha dəqiq fikir yürütməyə imkan verəcək.

Qeyd edək ki, qazıntıların gedişində tikili qalıqları ilə yanaşı külli miqdarda arxeoloji materiallar da aşkar edilir. Tapıntılar müxtəlif formalı və təyinatlı bütöv və fraqment halında olan şirli, şirsiz gil qab nümunələrindən, daş, gil və metaldan hazırlanmış əmək və məişət alətlərindən, bəzək əşyalarından, şüşə məmulatlarından və çoxsaylı mis pullardan ibarətdir.

Bu ilki qazıntının dərinliyinin 4 m olmasına baxmayaraq, mədəni təbəqə davam edir və gələcəkdə qazıntıların materikə qədər çatdırılması nəzərdə tutulur. Qazıntılar bir daha göstərir ki, şəhərin bir sıra mühüm tarixi problemlərinin araşdırılması üçün qəsr və onun ətrafının tam açılıb tədqiq olunması çox vacibdir. Yaxın illərdə bu məsələ “Şabran arxeoloji ekspedisiyası”nın əsas tədqiqat istiqaməti olacaqdır.

Qeyd edək ki, keçən əsrin 80-ci illərində orta əsr Şabran şəhəri ərazisinin müxtəlif sahələrində arxeoloji qazıntı işləri aparılıb. Qazıntı işləri zamanı əldə olunmuş ən böyük nailiyyət orta əsr qəsrinin aşkar edilərək üzə çıxarılıb. Uzun müddətdən sonra 2012-ci ildən başlayaraq orta əsr Şabran şəhərində yenidən arxeoloji tədqiqatlar bərpa edilib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm