Xiyar, Cinayət, Sərxoş – bizi adımızla tanıyırlar
Bizi izləyin

Qırmızı.az

Xiyar, Cinayət, Sərxoş – bizi adımızla tanıyırlar

2014-cü ildə Azərbaycanda 2412 qıza Zəhra, 1747-ə Nuray, 1651-nə Fatimə, 3501 oğlana Yusif, 2439-na Əli, 2300-nə Hüseyn, 1643-nə Məhəmməd adı qoyulub. Uşaqlara qoyulan adlar sırasında ilk yeddi addan 6-sı ərəb mənşəlidir.

Ərəb mənşəli adların hələ də dominantlıq təşkil etməsi dildə yeni adların yaranmaması ilə əlaqələndirilir. Yeni adlar, əsasən, Türkiyə türkçəsindən keçir. Bu, ad yaradıcılığı kimi dəyərləndirilmir. Dilin daxili imkanları hesabına yeni adların yaranmasına nadir hallarda rast gəlinir.

Bəs yeni adlar nə üçün yaranmır? Onları kim yaratmalıdır?

AMEA Dilçilik İnstitutunun Terminologiya şöbəsinin müdiri Sayalı Sadıqova Publika.az-a açıqlamasında dini adların ilk sıralarda yer almasının onların dilə oturuşması ilə əlaqədar olduğunu bildirib.

“Ərəb dilindən keçən sözlər illər ərzində özününküləşdirilib. Artıq bu adlar dini ad kimi yox, tarixiləşmiş, köklə bağlı olaraq qəbul edilir və qoyulur. Ona görə də artıq bunları dini yox, tarixən formalaşmış adlar kimi qeyd etmək lazımdır.

Apardığımız araşdırmaya görə, ötən il hər min nəfərin 400-nə Yusif adı qoyulub. Qızlara isə ən çox Zəhra adı qoyulub. Son vaxtlar araşdırmalarımızda məlum olub ki, Elmdar adı qoyulur ki, bu da müsbət haldır”.

S.Sadıqova yeni adların yaradılması probleminə də aydınlıq gətirib. Onun sözlərinə görə, həm qız, həm də oğlanlar üçün yeni adlar yaranır. Lakin hər kəsdən yeni ad yaratmağı gözləmək olmaz. Yeni adların nə qədər qalıcı olacağını zaman göstərəcək.

“Yeni adlar əsasən xalq və yazıçılar tərəfindən yaradılır. Təəssüf ki, son dövrlər yazarlarımız yeni adların yaradılması prosesində fəal iştirak etmir. Hazırda yeni adyaratma prosesində xalq daha fəal iştirak edir. Indi qoyulan adlar daha çox insanların dünyaya inteqrasiyası əsasında formalaşır.

Bundan başqa, Dalğa, Dəniz, Ayla adları qoyulur. Təxminən hər 10 qızdan ikisinin adı Ayladır. Uşaqlarına Topraq, Qaya adlarının qoyulması ilə bağlı müraciət edilir”.

S.Sadıqova son illərdə uşaqlara qoyulan yeni adlarda xoşagəlməz halların müşahidə edildiyini bildirib.

“Bəzi ailələr uşaqlarına Xiyar, Cinayət, Sərxoş adı qoyur ki, bunlar da gülüş yaradır. Bundan başqa, oğlan adlarının qıza və əksinə qoyulması müşahidə edilir. Bu adların qoyulmasının qarşısını almaq lazımdır. Elə ad seçilməlidir ki, uşaqlar gələcəkdə ondan utanmasın. Lakin ötən əsrin 50-60-cı illərinə nisbətən ad qoyuluşunda xeyli irəliləyiş var. Valideynlər artıq bu məsuliyyəti hiss edir. Hazırda Olya, Yekaterina kimi adların qoyulması da xoş qarşılanmır. Çünki adlar milli xüsusiyyəti əks etdirməlidir.

Kolxoz, Sovxoz, İlan kimi adlara qarşı mübarizə aparırıq. Bəziləri bu adların fərqindədir, bəzi insanların onlara nə üçün bu cür ad qoyulması ilə bağlı məlumatları yoxdur”.

Onun sözlərinə görə, artıq xoşagəlməz, gülüş doğuran adların qoyulmasının qarşısını almaq üçün konkret addım da atılıb:

“Qeydiyyat İdarələrinə bu cür adlar qoyulmuş şəxslər tərəfindən yüzlərlə müraciət olub. Onlar artıq bu adları dəyişdiriblər. Bu adlar qoyulmuş şəxslərdən müraciətlər əsasında artıq 3 minə qədər adı adlar siyahısından çıxartdıq. Artıq həmin adların qoyulması qadağan edilib. Hansı adların qoyulmasına icazə verilməsi ilə bağlı siyahı Ədliyyə Nazirliyinin saytında yerləşdirilib”.

Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin rəisi Reyhanə Kərimova mətbuata açıqlamasında "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları" qüvvəyə mindiyini deyib. Həmin qaydalarda adların qoyulması ilə bağlı bəzi məhdudiyyətlər müəyyənləşdirilib. Belə ki, uşaqlara onların mənafeyinə xələl gətirən, habelə cinsinə uyğun olmayan və gülünc adların qoyulmasına yol verilmir.

Onun sözlərinə görə, bəzi vətəndaşların savadsızlığı və adların qoyulması ilə bağlı qanunvericilikdə heç bir məhdudiyyətin olmaması əvvəllər uşaqlara gülünc adların verilməsinə şərait yaradırdı. Bu adları daşıyan uşaqlar həmyaşıdlarının, eləcə də digərlərinin gülüş hədəfinə çevrilib, həyatda adları ilə əlaqədar əziyyət çəkiblər. Buna görə də yeni qaydaların tətbiqi artıq bu mənfi təcrübəyə son qoyulmasına şərait yaradıb.

Adlarını bəyənməyənlərə qanunvericilik adını dəyişmək, yeni ad seçmək hüququ da verib.

Bakı Hüquq Mərkəzi (BHM) hüquq şirkətinin hüquq məsləhətçisi Vasif Həsənovun sözlərinə görə, uşağın ailədə hüquqlarından biri də onun ad, ata adı və soyad daşımaq hüququdur. Vəkil deyir ki, uşağa ad valideynlərin razılığı ilə verilir. Müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. 10 yaşına çatmış uşağın adı və soyadı yalnız onun razılığı ilə dəyişdirilə bilər.

Araşdırmalar sübut edir ki, uşağa qoyulan ad onun gələcək taleyini müəyyən edir. Adı Sərxoş, Cinayət olan uşaqdan gələcəkdə müsbət nəsə gözləmək olarmı?

Yəni ad qoymağa adi hal kimi yanaşmaq olmaz. İnsanın adının taleyinə sirayət etməsi inancı Qədim Misir və hind mədəniyyətindən qaynaqlanır. Hindistanda hələ də bu ənənəyə sadiq qalırlar. Hazırda bu ölkədə doğulan hər yeni körpə üçün astroloq-kahin-münəccim çağırılır, o, müqəddəs kitabların köməyi ilə uşağa ən uğurlu adı seçir.

Qədim Romada “ad taledir” kimi deyim olub. Azərbaycanlılarda da adın insanın taleyi, xarakteri ilə bağlı olması ilə bağlı düşüncələr hər zaman olub. “Kitabi-Dədə Qorqud” dastanından bilirik, oğuzlar uşağa adı doğulanda deyil, böyüyüb eldə-obada yerini tutanda verirdilər.

Bir sözlə, ad hər bir kəsin xarakter və taleyinin bələdçisidir. Uşağınıza düzgün bələdçi seçin.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm