Bakının kanalizasiya problemi - ARAŞDIRMA
Bizi izləyin

Qırmızı.az

Bakının kanalizasiya problemi - ARAŞDIRMA

Nazirlər Kabineti "Texniki nəzarətin həyata keçirilməsinin tələb olunmadığı tikinti obyektlərinin siyahısı”nı təsdiq edib.

İnsanların yaşaması və toplanması, habelə istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmayan birmərtəbəli, aşırımının uzunluğu ən çoxu 6 metr olan tikinti obyektləri, sanitar-mühafizə zonalarının ayrılmasını tələb etməyən və ya mövcud sanitar-mühafizə zonalarından istifadə olunması şərtilə tikilməsi nəzərdə tutulan istehsalat təyinatlı, sahəsi ən çox 1000 kvadratmetr, hündürlüyü və aşırımının uzunluğu ən çoxu 6 metr olan birmərtəbəli tikinti obyektləri qeyd olunan siyahıya aiddir.

Bakı Xəzər dənizinin altında qala bilər?

Sanitar-mühafizə zonalarının istifadə olunması şərti heç də bütün hallarda təmin edilmir. Bunun nəticəsidir ki, Bakının bəzi ərazilərində kanalizasiya problemi qalmaqdadır. Bakının bir çox rayonlarının bəzi ərazilərində kanalizasiya sisteminin olmaması üzündən onsuz da 3 tərəfi su ilə əhatə edilən Abşeron yarımadasında qrunt sularının artmasına gətirib çıxarır. Paytaxtda əhalinin miqrasiya artımı, nizamsız tikililər "Bakı Xəzər dənizinin altında qala bilər"təhlükəsini aktual edir.

"Savalan”da tullantı suları evlərə dolur

Maştağa qəsəbəsində, Savalan yaşayış massivində gündən-günə sayı artan yaşayış yerlərinə rəğmən, kanalizasiya sisteminin olmaması, əhalinin kanalizasiya quyularından istifadə etməsi ərazidə ciddi problemlər yaradıb. Axarı olmayan tullantı suları sonucda yenə evlərə dolur, antisanitariya və yaşayış üçün təhlükə yaradır. Yasamal rayonu Alatava yaşayış məskəni 50 ildən artıqdır ki, salınıb, amma hələ də burada normal kanalizasiya sistemi yoxdur. Ötən ilin əvvəllərində Bayılda Bəyoğlu restoranı yerləşən ərazinin sürüşməsini mütəxəssislər tullantı sularının axarının olmaması ilə əlaqələndirdilər. Məhz kanalizasiya sistemi üzündən Bakıda sürüşməyə məruz qalan ərazilərin siyahısını uzatmaq da olar.

Problemin həlli varmı?

"Davamlı İnkişaf"Araşdırmalar Mərkəzinin direktoru Nəriman Ağayevin sözlərinə görə, su tələbatı yaranırsa, kanalizasiya sisteminə nəzarət edən qurum olaraq "Azərsu"ilə ikitərəfli müqavilə bağlanması vacibdir: "Su satışı varsa, suyun istehlakı zamanı tullantı suları məsələsi də gündəmə gəlir. Çünki bu, bir-birilə əlaqəli olan məsələdir. Ona görə vətəndaş suyu hansı mənbədən istehlak edəcəyi və maye tullantılarını hara axıdacağını ”Azərsu" ilə razılaşdırmalıdır. Əks halda, xaosun qarşısını almaq mümkün olmayacaq. Çünki tonlarla su istehlak olunur, amma bu tullantı suların hara atıldığı məlum deyil və nəticədə qrunt sularının, lay sularının və gölməçələrin əmələ gəlməsi artır. Hələ bunun sonrakı fəsadlarını demirik".

Qeyd edək ki, Nazirlər Kabineti, həmçinin "Tikintiyə icazədə nəzərdə tutulan əlavə şərtlərin siyahısı və onların tətbiqi halları”nı da təsdiq edib. Qərara əsasən, bundan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müəyyən edilən ekoloji cəhətdən çirklənmiş zonalarda tikintinin aparılması nəzərdə tutulduğu hallarda həmin tikinti ərazisinin rekultivasiyası və bərpası üzrə müvafiq tədbirlər həyata keçirilməlidir.

"Sovetski" sakinləri kanalizasiyada yüklənməni artıracaq

N.Ağayev dedi ki, Bakıda gedən yenidənqurma və əhalinin şəhərdaxili miqrasiyasının artması özlüyündə bir yerdə funksional olaraq işlək olan sistemin pozulub, təzəsinin yaranmasına səbəb olur: "Hazırda ”Sovetski" sökülür və ilkin hesabatlara görə, 20 mindən çox əhali bu ərazidən köçməkdədir. Həmin insanların su və kanalizasiya sistemləri işlək vəziyyətdə idi. Bu əhali hara köçəcəksə, suya olan tələbat, təbii ki, artacaq və kanalizasiya sistemində yüklənmə yaradacaq. Bu, ilk baxışdan sadə görünsə də, əhalinin yerdəyişməsi nəticəsində yeni yaşayış yerlərində problemlərin üzə çıxmasına səbəb olacaq".

Kanalizasiya probleminə 42 milyard manat

Ekspert bildirdi ki, "Böyük Bakının su və kanalizasiya sisteminin yenidən qurulması"layihəsi üzrə problemin mərhələli şəkildə həll olunacağı gözlənilir: "Abşeron kəndlərinin bir çoxunun kanalizasiya sistemi, tullantı sularının axar çıxışı yoxdur. Hazırda ”Azərsu" tərəfindən Qaradağ rayonu ərazisində cənub istiqamətində yeni əlavə təmizləyici qurğuların quraşdırılması, Hövsan Aerasiya Stansiyasının genişləndirilməsi istiqamətində işlər görülür. Bu işlər mərhələli şəkildə həyata keçiriləcək. "Böyük Bakının su və kanalizasiya sisteminin yenidən qurulması"layihəsinin ilkin texniki iqtisadi əsaslandırılmasında problemin köklü həlli üçün 42 milyard manat vəsait tələb olunurdu. Hərçənd layihə müzakirə səviyyəsində olarkən bu qədər vəsait göstərilmişdi. Layihənin icrası üçün, həqiqətən də, böyük məbləğə, çoxmərhələli və uzunmüddətli zamana ehtiyac var".

Əhalinin sağlamlığına təhlükə

Onun sözlərinə görə, hesabatlar göstərir ki, Abşeron yarımadasına gələn su ilə tullantıların atılması arasında fərq, qrunt sularının artmasına və ekoloji vəziyyətin gərginləşməsinə səbəb olur: "Biz Oğuz-Qəbələdən gətirilən su ilə bağlı qürurla danışırıq. Bu qədər su birləşmiş qablar qanunına görə lay və qrunt sularının səviyyəsinin artmasına səbəb ola bilər. Lay suları ilə bağlı hazırda Suraxanı rayonunda daim çökəklik olur. Sabunçu rayonunda da bu baxımdan problem var. Bu problem isə əhalinin sağlamlığını birbaşa təhlükə altında qoyur. Texniki nöqteyi-nəzərdən suyu təmizləyib birbaşa dənizə axıtmaq çətin deyil. Ancaq əhalinin sağlamlığının qorunması istiqamətində profilaktik tədbirlərin görülməsi, tullantı sularının düzgün idarə olunmasına ciddi ehtiyac yaranıb. Ən pis vəziyyətdə gölməçələrin sayı artacaq, üfunətli, təmizlənməyən ərazilərin sayı çoxalacaq. Odur ki, bu problem öz həllini gözləyir”.

Qeyd edək ki, "İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması"qaydaları, "Su təchizatı və tullantı suları haqqında"qanunla tənzimlənir. Qanuna uyğun olaraq istehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması qaydalarını, onlara dair tələblər müəyyən edir. Texniki şərtlər isə obyektlərin su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması məqsədi ilə layihənin hazırlanmasına əsas verən, su təchizatının və kanalizasiya xidmətlərinin təmin edilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəddir.

teleqraf.com

Oxumağa davam et
Reklam
Reklam

Gündəm