MTN-nin “İŞİD əməliyyatı”nın sensasion - Təfərrüatı
Bizi izləyin

Qırmızı.az

MTN-nin “İŞİD əməliyyatı”nın sensasion - Təfərrüatı

Milli Təhlükəsizlik Nazirliyinin “İŞİD əməliyyatı”nın pərdəarxası məqamları məlum olub.

Axar.az-a özəl qaynaqlardan verilən xəbərdə iddia olunur ki, silahlı ekstremist qruplaşmalarda iştirak etmiş 26 azərbaycanlının həbsinə hazırlıq aylar əvvəl planlaşdırlıb.

MTN-nin əməliyyat qrupu Suriyada başlanan savaşın ardınca döyüşlərə qatılan azərbaycanlı xəvariclərin günbəgün artmasını müşahidə edərək hərəkətə keçib. Mənbənin qeydlərinə görə, İçərişəhərdəki “Aşurbəy” məscidində toplaşan vəhhabilərin saxlanması ilə əməliyyatın təməli qoyulub. Paralel olaraq Müşfiqabad qəsəbəsində yerləşən məsciddə də lokal əməliyyat keçirilməsinin ardınca MTN böyük bir şəbəkənin izinə düşüb.

Belə ki, hər iki məsciddə saxlanan vəhhabilərin ifadəsi və məlumatları əsasında əməliyyat tədbirləri genişləndirilib. Ardınca Zaqatala-Balakən, Quba-Qusar, həmçinin Axar.az-ın ilk olaraq təfərrüatını aydınlaşdırdığı İsmayıllıdan iki vəhhabi ailənin Suriyaya getməsi hüquq-mühafizə orqanlarını hərəkətləndirib.

Qaynağımız qeyd edir ki, xüsusilə adıçəkilən ibadət evlərində keçirilən əməliyyat 26 İŞİD tərəfdarının ifşa olunması ilə nəticələnib. Onların həbsi isə daha irimiqyaslı əməliyyatların olacağına əsas verir. Mənbə bildirir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının az əvvəl müsahibəsində Azərbaycanda İŞİD tərəfdarları olduğunu təsdiqləməsi də əməliyyat üçün ciddi istinad nöqtəsi yaradıb.

Xüsusi-xidmət orqanları vəhhabiərin toplaşdığı məkanları ciddi şəkildə nəzarətə götürüblər. Özəlliklə də Qaraçuxur qəsəbəsində yerləşən vəhhabi məscidi kontrol altındadır.

Qeyd edək ki, siyasi ekspertlər də MTN-nin keçirdiyi əməliyyatları təqdir edir. Hətta keçmiş xəfiyyə İlham İsmayıl bildirmişdi ki, radikal dini təriqətlər artıq Azərbaycanı təhdid etməyə başlayıblar. İ.İsmayıl MTN-nin bu cür əməliyyatları davam etdirməsini vacib saymışdı.

Xatırladaq ki, rəsmi məlumata görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə, habelə, tərbiyə etmək vəzifəsini daşıyan şəxs kimi yetkinlik yaşına çatmayan şəxsi ağır cinayətin törədilməsinə cəlb etmə və başqa hüquqazidd əməllərinin törədilməsinə görə ümumilikdə 26 nəfər Azərbaycan Respublikasının vətəndaşı - Yusifov Firdovsi Soltan oğlu, Soltanov Taleh Əzizağa oğlu, Həsənli Vilayət Ələsdan oğlu, Musayev Malik Elçin oğlu, Hacıyev Vasif Orduxan oğlu, Babazadə İlkin Aydın oğlu, Balakişiyev Mehman Pirbala oğlu, Mustafayev Ruslan Azər oğlu, Məmmədov Namiq Firdovsi oğlu, Muradov Fərid Arif oğlu, Həsənov Tural Namiq oğlu, Əliyev Elvin Vilayət oğlu, Mustafayev Tariyel Tapdıq oğlu, Qəmbərov Azər Asim oğlu, Bayramov Vüsal Qabil oğlu, Həşimov Samir Samid oğlu, Abbasov Nicat Faiq oğlu, Məmmədov Hüseyn Xəqani oğlu, Cəfərov Ruslan İlham oğlu, Baxışov Sənan İlqar oğlu, Quliyev Eldost Firudin oğlu, Məmmədəliyev Məmmədşah Ağaşah oğlu, Həsənov Əhməd Elxan oğlu, Mərdanov Maarif İrşad oğlu, Dursunəliyev Vüqar Əhəd oğlu və Qurbanlı Elşən Əbülfət oğlu şübhəli şəxs qismində saxlanılıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm