• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Qumar oyunu qanla bitdi - Toy yasa döndü

Qumar oyunu qanla bitdi - Toy yasa döndü

Şirvan Apelyasiya Məhkəməsində qəsdən adam öldürməkdə təqsirli bilinən Saatlı rayon sakini, 1962-ci il təvəllüdlü Elxan Əliyevin cinayət işi üzrə məhkəmə başa çatıb.

İttihama görə, Elxan Əliyev 25 sentyabr 2013-cü il tarixdə Saatlı şəhəri, Mehdi Hüseyn küçəsi 15 ünvanında toy mərasimindən əvvəl ağır cinayət törədib. O, həmin gün, saat 22:00-da həmyerlisi Elşad Abbasovun həyətinə gəlib. Onlarda keçiriləcək toy mərasimindən bir gün əvvəl tanışları Rəsul və Elşən Poluyev qardaşları, Qulanəli İbrahimovla qumar oynayıblar. Elxan Əliyevlə Rəsul Poluyev arasında qumar oyunu qaydalarının pozulması ilə bağlı mübahisə yaranıb. Mübahisəyə Rəsulun bibisi oğlu Sahib Hüseynov müdaxilə edib. Mübahisə daha da böyüyüb. Sahib Hüseynov Elxanı gödəkcəsinin boyun nahiyəsindən dartaraq yerə yıxıb. Onların əlbəyaxa olmalarına orada olan digər şəxslər mane olub.

Cinayət niyə törədilib?

Bundan sonra Elxan Əliyev Sahib Hüseynovdan qisas almaq qərarına gələrək, onu öldürmək istəyib. Bu məqsədlə o, özünün də yaşadığı qardaşı Nadir Əliyevə məxsus evə gedib və oradan bıçaq götürərək Sahib Hüseynovu tapmaq niyyəti ilə həyətə çıxıb. Həyətlərinin yaxınlığındakı ərazidə həmkəndlisi Qulaməli İbrahimov və qardaşı Nadir Əliyevlə rastlaşıb. Onlar Elxan Əliyevi sakitləşdirməyə çalışıblar.
Münasibətlərini ayırd etmək üçün Sahib Hüseynov da buraya gəlib. O zaman Elşən Poluyev də burada olub. Elxan Əliyevin əlindəki bıçaqları görən Elşən ona iradını bildirib. Sərxoş olan Elxan Əliyev Elşənin sözlərini təhqir kimi qəbul edib və onu da öldürmək qərarına gəlib. O, Elşən Poluyevin qarın nahiyəsindən zərbələr vurub.

Bundan sonra cinayətkar hərəkətlərini davam etdirən Elxan Əliyev Sahib Hüseynovu öldürmək məqsədilə çoxsaylı zərbələr vurub. Hadisə zamanı Sahib Hüseynov ölüb. Elşən Poluyevə vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

Üç maddəli cinayət işi

Elxan Əliyev Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə), 29.120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 29.120.2.7 (iki və ya daha çox şəxsi öldürməyə cəhd) və 128-ci (sağlamlığa yüngül xəsarət yetirmə) maddələri ilə ittiham edilib. Və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Elxan Əliyev apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib. Baş Prokurorluq da Elxan Əliyevin cəzasının ağırlaşdırılması ilə bağlı apelyasiya protesti verib. Hər iki şikayət araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.

15 il cəza verilməlidir

Hakim İsmayıl Əhmədovun sədrliyi ilə keçirilən prosesdə çıxış edən prokuror Ədalət Əzimov deyib ki, birinci məhkəmə instansiyasında prokuror Elxan Əliyevin 15 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. Onun sözlərinə görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü qanunsuz və əsassızdır. O deyib ki, Elxan Əliyevin barəsində olan hökm dəyişdirilməli və ona daha ağır cəza verilməlidir: “Elxan Əliyevin təkrar cinayət törətməsi onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalı və cinayət qanununun norması düzgün tətbiq edilməlidir. Cinayətin iki dəfə və ya daha çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, yalnız həmin məcəllənin xüsusi hissəsində birbaşa göstərilən hallarda cinayətin təkrar törədilməsi hesab edilir”.

Prokuror: “Elxan Əliyev 20 ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib”
Prokuror əlavə edib ki, Elxan Əliyev müxtəlif cinayətlər törətdiyinə görə əvvəllər ümumilikdə 4 dəfə məhkum olunub. Onun sözlərinə görə, Elxan Əliyev ilk dəfə Saatlı rayon xalq məhkəməsinin 10 noyabr 1985-ci il tarixli hökmü ilə 9 il azadlıqdan məhrum etmə cəzasına, ikinci dəfə Ukrayna Respublikası Kiyev şəhəri, Zalizniç rayon məhkəməsinin 20 iyul 2000-ci il tarixli hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib: “O, 3-cü dəfə Kiyev şəhəri, Podolsk rayon məhkəməsinin 25 fevral 2002-ci il tarixli hökmü ilə 8 il 6 ay, 4-cü dəfə isə Saatlı rayon məhkəməsinin 7 oktyabr 2009-cu il tarixli hökmü ilə 4 il azadlıqdan məhrum edilib. Ukrayna Respublikasının hökmləri Azərbaycanda tanınmayıb. Elxan Əliyevin sonuncu məhkumluğu ödənilmədiyindən onun əməlində cəzasını ağırlaşdıran hal olan cinayətlərin residivi yaranıb. Şəxsin məhkumluğu ödənilmədən yenidən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmaması ilə əlaqələndirilir. Elxan Əliyev əvvəllər 4 dəfə məhkum olunaraq ümumilikdə 20 ildən artıq müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Həmin cəzaları çəkməsinə baxmayaraq islah olunmayaraq yenidən hazırki cinayət əməlini törədib”.

Vəkil cəzanın yüngülləşdirilməsini istədi

Prokuror onu da deyib ki, Elxan Əliyev cinayəti törədəndən sonra könüllü istintaqa təslim olmayıb. Onun sözlərinə görə, Elxan Əliyev cinayəti törədəndən sonra hadisə yerindən qaçıb və onu hüquq-mühafizə orqanlarının əməkdaşları Sabirabadın Əsgərbəyli kəndində yaxalayıblar: “Elxan Əliyevin cinayəti qəsdən deyil, ona hücum edən şəxslərdən müdafiə edərkən törətməsi ilə bağlı ifadəsi səmimi deyil. Onun həmin ifadəsi özünü müdafiə kimi qiymətləndirilib. Buna baxmayaraq, məhkəmə Elxan Əliyevə cəza təyin edərkən cinayətin zərərçəkmiş şəxslərin qanunsuz hərəkətləri nəticəsində baş verməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alıb. Həmin qanunsuz hərəkətlərin nədən ibarət olmasını hökmdə, ümumiyyətlə, göstərilməyib”.

Elxan Əliyevin vəkili Ulduzə Əhmədova bildirib ki, müdafiə etdiyi şəxsin əməli Cinayət Məcəlləsinin 123-cü (zəruri müdafiə həddini və ya cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla adam öldürmə) maddəsinə tövsif edilməlidir. Vəkilin sözlərinə görə, həmin maddəyə uyğun olaraq Elxan Əliyevin barəsində hökm çıxarılmalıdır.

Elxan Əliyev deyib ki, heç kimi öldürmək niyyətində olmayıb. Onun sözlərinə görə, hadisə zamanı Sahib, Elşən, Rəsul onun üzərinə hücum ediblər: “Onlara içkilisiniz, gedin, səhər danışarıq demişəm. Amma onlar evə getmək istəmədilər. Özümü müdafiə etmək üçün bıçağı hərəkət etdirərkən kimi vurmuş olduğumu hiss etməmişəm”.

Hakimlər tərəfləri dinlədikdən sonra qərar elan ediblər. Qərara görə, Elxan Əliyevin ittiham olunduğu Cinayət Məcəlləsinin 29.120.2.2, 29.120.2.7-ci maddələri həmin məcəllənin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsinə tövsif edilib. Məhkəmədə Elxan Əliyevin barəsində 12 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılıb. Prokurorluğun şikayəti təmin edilməyib.

Hacı Zeynalov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR