• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Siqaretə danışan adamın inanılmaz taleyi

Siqaretə danışan adamın inanılmaz taleyi

- Səni tanıyıram, siqaretindən görüm bir...

Səsə tərəf dönüb, hündürboy, şıq geyimli, eynəkli kişiyə diqqətlə baxdım. Tanımadım. Siqaretə isə qonaq etdim.

İllərin acgözü kimi siqaretin tüstüsünü ciyərlərinə çəkdi. Ovurdları bir-birinə yapışacaq qədər içəri dartıldı. Burnundan aramla çıxan tüstü eynəyin altından gözlərinə tərəf “süründü”. Bozumtul tüstü onun qaşlarının cütləşdiyi yerdən alnına dağılmış saçlarının arasına doldu.

Kənara çəkildim. Özüm də bir siqaret yandırıb, Xətai rayonu, Gəncə prospektindəki avtoyuma məntəqələrindən birində maşınımın yuyulmasını gözləməyə başladım. Üzlü adama oxşayırdı. O isə yenə də mənə yaxınlaşdı. Köhnənin tanışı kimi:

Beynəlmiləl döyüşçü

- Səni çox yaxşı tanıyıram, Əfqanıstanda bir yerdə vuruşmuşuq. Sizin rotanı mühasirədən biz çıxartdıq, – deyib, üzümə baxdı. Eləcə gülümsədim. “Kiminləsə səhv salıb yəqin”, - fikrimdən keçirtdim:

- Səhv edirsiz, sizin əsgər yoldaşınız mən deyiləm. Həm də siz məndən ən azı 5 yaş böyük olarsız.

- Ola bilər sən olmayasan. Amma mən harada yaxşı adam görürəm, elə bilirəm ki, o mənim döyüş yoldaşımdır...

Onunla tanışlığım və indicə oxuduğunuz müsahibə beləcə alındı. “İnsan talyi” layihəsinin budəfəki qəhrəmanının adı Hüseyndir. Əvvəllər yük qatarında bələdçi işləyib. Danışdıqlarından məlum olacaq ki, çox ağır günlər yaşayıb.

- Yəqin işin çox maraqlı olub. Gəzibsən bütün “soyuz”u? – elə-belə, söz demək xatirinə dedim.

- Hə, gəzmədiyim yer, oturmadığım kol dibi qalmayıb. Yaxşı da qazanırdım. Sonra qayınlarım dedi ki, gəl, fərli-başlı bir işin qulpundan yapış. İşimi atdım, gəldim onların məsləhəti ilə düşdüm oyuna. İndi də özüm qulpam onlara, yapışmışam, əl çəkməyəcəm...

Maşını yuyan oğlan qaş-gözü ilə mənə işarə etdi ki, ona baş qoşmayım. Sonra da fürsət tapıb:

- Siqaretin qurtarana qədər danışacaq. Bunu heç qohumları adam yerinə qoymur.

Pıçıltı ilə dedi və əli ilə də maşının güzgüsünü göstərdi. Belə görüntü yaratdı ki, mənimlə maşın haqda danışır.

Kişinin malı göz önündə

Hüseyni “Avtoyuma”nın yanındakı çayxanaya dəvət etdim:

- Bəlkə bir çay içək?

- Gedək, – dedi. Özünü məndən qabaq stola yetirdi. Çayçı oğlana ərklə:

- Mən deyən çaydan dəmlə, - dedi.

Çay ya doğurdan da tamlı idi, ya da susuzluğun gətirdiyi yanğıdan idi ki, ləzzətlə içirdim.

Hüseyn hələ də danışırdı:

- Məni burda hamı tanıyır. Bu “moyka” kiçik qaynımındır. İçərilərində kişi adam elə o çıxdı. Siqaretini ortaya qoy. Çay içə-içə siqaret çəkməyin ayrı ləzzəti var.

Siqareti stolun üstünə qoymağa imkan vermir. Əlimdən alıb bir gilə götürür. Sonra da düz mənim qarşıma qoyur:

- Kişinin malı göz önündə, qoy burda dursun, - deyir.

Hüseynlə söhbətimin maraqlı alınacağı əminliyi var məndə:

- Sən əsgərlikdə harada olubsan?

- Çexislovakiyada, – çayı boğazından aşağı ötürüb, udqunaraq deyir.

- Bəs bayaq dedin Əfqanıstanda xidmət edibsən?

Eynəyini çıxarıb solfetlə silir. Başını aşağı dikir. Guya utanır:

- Nə bilim, sözdür də dedim...

Üz vurmuram. Stəkanıma süzdüyü çaya görə təşəkkürümü bildirirəm.

- Dəyməz, - deyir.

Sonra yenə də qayınlarının namərd olmasından bəhs edir:

- Məni quru yerdə saxladılar. Vaqonda işləyirdim. Xabarovska çaxır aparırdıq. Gələndə bir kisə pulla gəlirdim. Sən öləsən, yalan deyirəmsə, hər stansiyada çaxırı satıb yerinə su tökürdük. Pul xəzəl kimi idi. Stansiyaların “uçastkovu”suna bir banka çaxır verirdik, başımıza dönürdülər.

Kopolunun sovet hökuməti

Hüseyn danışır ki, qazandığı pulun sayını bilmirdi.

- Heç “zbilkassada da” (“Sbereqatelni kassa” – bankı (əmanət bankı) nəzərdə tutur. - F.B) o qədər pul olmazdı. Pul deyirəm e...

Sonra yenə də siqaret yandırır, aramla danışır:

- Kopolunun sovet hökuməti. Aya, bas dağıt da, bir köpək oğlu sənə bir söz deyirdi, gör? – ötən günlərin şirinliyini yaşayır.

Stəkandakı yarımçıq çayımı ayaqlarının altına töküb, yeniləyir. Üzünü çayçı oğlana tutur:

- Bu çaynikin birini də gətir, - sonra mənə tərəf dönür, – getdi o günlər, daha geri dönməz. Putin ha çabalayır, alınmayacaq onda...

Onu siyasətin cəngindən qoparıram:

- Hüseyn, danış görüm o pulları neynədin?

- Heç nə, qayınlarım dedi ki, vəziyyət qarışıb, hökumət dağılır, bu pulla gərək bir iş quraq. Verdim onlara. Onlar da bir iş yox, çox iş qurdular. İndi qalmışam pis vəziyyətdə. Pulumu istədim. Dedilər, inflyasiya olub, nə bilim, neçə dəfə pul dəyişib, sənin verdiyin pul indi cəmi 7-8 min manat edir. Götürmədim. Dedim, təpənizə dəysin. Balaca qaynımın maykasıdır bu. Deyir, gəl nəzarət elə. Edirəm. Sağ olsun, içərilərində yenə də kişi adam o çıxdı.

Bacılarını öyrətdilər

Vaxt vardı hələ. Hüseynlə dərdləşmək olardı. Elə Hüseynə də sərf edirdi söhbətimizin bu müstəvidə getməsi. Ondan bələdçi işlədiyi zaman səfər zamanı başına gələn maraqlı hadisələri danışmağı xahiş etdim:

- Sən uzun müddət səfərlərdə olubsan, güman ki, maraqlı hadisələrlə qarşılaşıbsan. Danış qulaq asım.

- Yox, heç nə yadımda qalmayıb. Gedirdik, gəlirdik. Kef edirdik. Pul çox idi. Daha nə lazım idi ki? Ancaq yadımda o şeylər qalıb və heç vaxt da unutmayacağım odur ki, qayınlarım məni aldatdı. Bacılarını öyrətdilər, o da onların dediyini dedi. Pulumu-paramı alıb vəzifəyə getdilər. Məni də lağa qoydular.

Hiss edirəm ki, danışdıqlarında həqiqət olmayanlar da var. Siqareti acgözlüklə çəkməsi, çayçıya olan ərki və danışıqları onun o qədər də ciddi adam olmamasından xəbər verirdi.

- Sən niyə məni tanıdığını yalandan dedin? Elə deyəydin siqaret ver çəkim də. Verməzdim ki?

- İndi bilirəm ki, verərdin. Bir də siqaret nə olan şeydir ki, mən ona görə yalan danışım. Səninlə söhbət etmək istədim, ona görə belə dedim.

- Hüseyn, axı qayınların niyə sənə pislik etsin, sən ki onlara yaxşılıq edibsən.

- Mənim qayınlarım uşaqlarımı da məndən döndərib. Çəkiblər qanadlarının altına. İş veriblər onlara. Uşaqların üzünü də görmürəm. Mənim də işim burdadır. Qaynım deyir ki, otur burda, yuyulan maşınların nömrəsini yaz. Qeyd elə, saat neçədə gəlir yuyulmağa, neçədə qurtarır. Mənim işim budur.

- Bəs zəhməthaqqı nə verirlər?

Halal pul

- Hər maşına 50 qəpik mənimdir. 1 manat isə maşın yuyanların.

- “Levi” olmur?

- Qoyurlar ki ola? Deyirəm, bu uşaqlara ki, gəlin, bəzi maşınları yazmayaq, pulunu bölüşdürək. Razı olmurlar. Haramdır, deyirlər.

- Düz demirlər?

- Yox, düz demirlər. Bəs onlar mənim pulumu basıb yeyəndə haram olmurdu? Bilirsən nə qədər “qrimitləyirlər”?

Deyir və qəzəblə sifətimə baxır. Qutudan bir gilə də siqaret götürüb dodağına qoyur. Sonra da siqaret qutusuna baxır:

- Papirosun qurtarır ki...

- Hə, qurtarır. Narahat olma. Söhbətini elə. Deyirsən, yoldaşın da onlara qoşulub səni müflis edib?

- Hə, köpəyin qızı qocalıb, əri, uşaqları qalıb bir yanda, yenə də gözü qardaşlarındadır.

- Hüseyn, niyə sən tanımadığın adama bütün bunları danışırsan? Bax, mən çox vaxt maşınımı burda yuduzdururam, amma heç səni görməmişəm.

Sözümü ağzımda tutur:

- Deyirəm axı, səni haradan tanıyıram. Hə, mən burda olmuşam, çayxanada. Amma fikir vermişəm, deyirəm axı səni haradan tanıyıram.

Axır ki mənim onun əsgər yoldaşı olmamağım onun özünə də aydın olur.

- Bilirsən, düzdür, mən səni tanımıram, danışıram, amma bütün bunları da kimə isə danışmalıyam axı. Mən o pulları asanlıqla qazanmamışdım. Qorxa-qorxa, kiminsə qarşısında boynumu bükə-bükə... Amma onlar mənim pulumla adam oldular, mən isə burda maşın nömrəsi yazıram. Arvadım da deyir ki, səni qardaşlarım adam elədi. Yoxsa türmədə çürüyəcəkdin. Guya burda adam kimi yaşayıram. İnan ora burdan, içərini deyirəm e, yaxşıdır.

- Yox, yaxşı deyil. Amma sən hər kəsə qohumun haqda danışma. Mənə də, birdə gördün yazdım.

- Qaynıma yazardın? Qorxuram ki? İstəyirsən nömrəsini verim, zəng elə, yanımda de. Bilmirsən, qayınlarımdan pulumu istədim, məni saldılar evlərinin zirzəmisinə, üç gün saxladılar. Əl çəkmədim. Məni tutdurdular. 3 il içəridə qaldım.

Hə, deyəsən məsələ maşın yuyan oğlanın dediyi kimi deyil, daha ciddidir. Bu adama dolanışığından artırıb siqaret almaq üçün də pul verilmir. Həbsdə yatması heç də yaxşı hal olmadı.

Bir qutu nəşə

- Necə yəni tutdurdular?

- Bax, elə belə. “Uçastkovı” gəldi. Məni şöbəyə çağırdı. Üzümə 3-4 nəfər adam durğuzdular. Köynəyimin cibindən bir “karobka” nəşə çıxdı. Və nəşə çəkən adam kimi getdim içəri.

- Bəlkə heç onlar günahkar deyilmiş?

- Mən də əvvəlcə elə bildim. Amma sonra mənə aydın oldu ki, bunların qurğusuymuş.

- Heç yanına gəlmədilər?

- Niyə ki... Gəlirdilər. Məhkəməmdə iştirak etdilər, vəkil tutdular, hətta yanıma da gəlirdilər. “Peredaça” ötürürdülər. Onları o qədər çox istədim ki... Amma türmədən çıxandan sonra onlar gəlib mənimlə hesabat apardılar. Məhkəməyə filan qədər, vəkilə bu qədər, yanına gələndə yemək-içməyə, cibinı bu qədər və sair. Məlum oldu ki, onların mənə borcu qalmayıb. Əsəbiləşdim. Dedim, adam kişi olar, sizə o qədər pul vermişəm. Böyük qaynım dedi ki, deyəsən 3 il sənə azlıq elədi. Təzədən göndərərəm ora, gedərsən, ağlın başına gələr. Bax, onda bildim ki, qurğu bunlardan keçib.

Hüseyn çayını içib, qutudakı sonuncu siqareti də yandırdı.

- Qardaşım, sənin siqaretin qurtardı, hala elə, çoxunu da mən çəkdim.

Maşın yuyan oğlanın səsi Hüseynə “halal xoşun olsun” deməyə imkan vermədi:

- Dayı, hazırdır, gəl, maşını buradan götür...

Faiq Balabəyli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR