İcra başçısı: “Ali Baş Komandanımızın əmrini gözləyirik” (FOTOLAR)
Bizi izləyin

Qırmızı.az

İcra başçısı: “Ali Baş Komandanımızın əmrini gözləyirik” (FOTOLAR)

Bu gün Horadiz şəhərindəki Heydər Əliyev parkında gənclərin ordu sıralarına yola salınması mərasimi keçirilib.

Publika.az-ın məlumatına görə, əvvəlcə tədbir iştirakçıları Parkda Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, ehtiramlarını bildiriblər.

Mərasim təntənəli marşın sədaları altında dövlət bayrağının meydana gətirilməsi və dövlət himninin səsləndirilməsi ilə başlanılıb.

Tədbiri açan şöbənin rəisi, polkovnik-leytenant Şaiq Məmmədov gənclərin hərbi xidmətə yola salınması mərasiminin rayonda uğurla həyata keçirildiyini bildirib.

O qeyd edib ki, gənclərin ordu sıralarında şərəflə xidmət keçməsi, Vətənin keşiyində ayıq-sayıq dayanması, ilk növbədə, hərbi-vətənpərvərlik tərbiyəsinin düzgün qurulmasından asılıdır. Məhz buna görə də son illər Füzuli rayonunda bu məsələyə diqqət daha da artırılıb.

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Vətən qarşısında borcunu yerinə yetirməyə yola düşən çağırışçıların valideynlərini təbrik edib.

Alı Alıyev ölkə başçısı İlham Əliyevin yeniyetmə və gənclərimizin sağlam böyüməsi, gənc nəslin Vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması istiqamətində gördüyü işlərdən, yeniyetmələrə olan diqqət və qayğıdan, bu istiqamətdə Füzuli rayonunda görülən işlər və həyata keçirilən tədbirlərdən danışıb.

Bildirib ki, bu gün Azərbaycanın güclü və qüdrətli ordusu vardır və bu ordu istənilən anda işğal altında olan torpaqlarımızı azad etməyə qadirdir.

Alı Alıyev qeyd edib ki, son illər ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü və qüdrətli ordusuna çevrilib:

“İndi bu ordu torpaqlarımızı düşmən tapdağından azad etməyə tam hazırdır və bununla bağlı Ali Baş Komandanımızın əmrini gözləyir. Hər bir dövlətdə güclü оrdunun yaradılması tariхi zərurətdir. Orduya isə döyüş qabiliyyəti yüksək olan vətənpərvər əsgərlər lazımdır. “Azərbaycan Respublikası vətəndaşlarının 2014-cü il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Füzuli rayonunda da uğurla icra olunur, bu vacib kampaniya böyük ruh yüksəkliyi ilə yerinə yetirilir”.

Digər çıxış edənlər ordu quruculuğu sahəsində qazanılan uğurlardan danışıb, gənclərə Vətənin keşiyində ayıq-sayıq dayanmağı, ölkəmizin ərazi bütövlüyünü möhkəm qorumağı, hərb işinin sirlərinə mükəmməl yiyələnməyi, Vətəni göz bəbəyi kimi qorumağı tövsiyə ediblər.

Gənclər Azərbaycan bayrağını öpüb və müqəddəs Quranın altından keçdikdən sonra hərbi xidmətə yola salınıb.

Tədbir rayonun mədəniyyət ustalarının ifasında konsert proqramı ilə davam edib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm