Tələbələr "bir güllə ilə iki ixtisas" vuracaqlar
Bizi izləyin

Qırmızı.az

Tələbələr "bir güllə ilə iki ixtisas" vuracaqlar

Ötən illərdən fərqli olaraq, bu il Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olan tələbələr yeni tədris standartları üzrə təhsil alacaqlar. Bu standartlar tələbəyə dörd il ərzində iki ixtisasa yiyələnmək imkanı verir.

Publika.az-ın məlumatına görə, bu fikirləri ADİU-nun rektoru Ədalət Muradov yeni tədris ilində ali təhsil ocağına qəbul olunan birinci kurs tələbələrlə görüşündə səsləndirilib.

Onun sözlərinə görə, ikinci kursu bitirən tələbə ADİU-nun başqa fakültəsinə də qəbul olub, ikinci ali təhsil ala bilər. Bu, tələbəyə əmək bazarında manevr etmək imkanı yaradacaq. Bununla bağlı universitetdə işçi qrup yaradılıb.

SABAH qruplarına yaradılan şərait haqda tələbələrə məlumat verən rektor bu tədris modelinin gələcəkdə bütün universitetə şamil olunacağını bildirib. Rektor universitetin ikinci tədris korpusunda aparılan texniki təchizat işləri haqda danışaraq bildirib ki, yeni quraşdırılan videokonfrans zalı vasitəsi ilə artıq tələbələrin dünyanın istənilən nüfuzlu universitetləri ilə əlaqə saxlamaq, müəllim və tələbə heyəti ilə fikir mübadiləsi aparmaq imkanı var.

Universitet kitabxanasının təkmilləşdirilməsi haqda məlumat verən rektor qeyd edib ki, oktyabr ayının sonuna qədər elektron kitabxana layihəsi tam hazırlanaraq tələbələrin ixtiyarına veriləcək. Universitetdə yaxın vaxtlarda elektron sənəd dövriyyəsinə keçiriləcək. Tələbələr arayışlarını dəhlizlərdə quraşdırılan xüsusi lövhələrdən sifariş edə biləcəklər. Bu, tələbələrin vaxta qənaət etməsinə kömək edəcək.

Rektor birinci kurs və SABAH tələbələrinin yazılı imtahan prosesi haqda ətraflı məlumat verib. Bildirib ki, tədris edilən mövzular üzrə 25 sual I-V tədris həftələri ərzində tələbələrə təqdim olunacaq. Suallar artıq universitetin saytında yerləşdirilib. İmtahan vərəqələri şifrələnəcək və qiymətləndirmə zamanı tələbənin adı və soyadı görünməyəcək. İmtahanın obyektivliyini təmin etmək məqsədilə nəticələrin ekspertlər tərəfindən selektiv qaydada yoxlanılması nəzərdə tutulub. Bütün imtahan prosesi rektorun şəxsi nəzarətində olacaq.

Görüşdə ADİU-da yeni qüvvəyə minən “Tələbələrin universitetdaxili intizam qaydaları”na da toxunan rektor vurğulayıb ki, universitetdə qaydalara nəzarət komissiyası yaradılacaq və qaydaları pozanlara qarşı müvafiq ölçü götürüləcək. Bu ildən ADİU-da idman dərslərinin ləğv olunduğunu bildirən rektor əlavə edib ki, universitetin bütün tədris korpusundakı idman zalları dərsdən sonra, bayram və istirahət günlərində tələbələrin ixtiyarındadır. Onlar asudə vaxtlarını bu zallarda keçirə bilərlər.

“Biz istəyirik ki, tələbələrimiz savadlı və bacarıqlı olsun” deyən rektor, təhsilin keyfiyyətinin tələbələrin tələbləri əsasında formalaşdığını vurğulayıb. Bildirib ki, onlar öz təklif və iradları ilə bağlı universitetdə fəaliyyət göstərən “Qaynar xətt”ə müraciət edə bilərlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm