• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Şahid çıxılmaz vəziyyətdə qaldı, İlham Mirzəyev səs küy saldı

Şahid çıxılmaz vəziyyətdə qaldı, İlham Mirzəyev səs küy saldı

Bu gün Yasamal rayon Məhkəməsində teleaparıcı İlham Mirzəyevin şikayəti əsasında həbs olunan Asif Əliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam edib.

Publika.Az xəbər verir ki, hakim Ayaz Məmmədovun sədrliyi ilə keçirilən prosesdə İlham Mirzəyevin vəkillərinin Asif Əliyevin əmlakının üzərinə həbs qoyulması ilə bağlı vəsatət müzakirə edilib. Hakim deyib ki, İlham Mirzəyevin vəkillərinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verdikləri sorğuya cavab gəlib. Onun sözlərinə görə, sorğuda Asif Əliyevin adına bir mağaza olduğu qeyd olunub

Asif Əliyevin vəkili Abuzər Mütəllimov da vəsatətlə çıxış edib. Vəkil bildirib ki, Asif Əliyevin adına olan mağazanın üzərinə həbs qoyulması qanunla mümkün deyil. Onun sözlərinə görə, Asif Əliyevin adına avtomobil və ev var: “Belə olan halda Cinayət-Prosessual Məcəlləsinin 250 və 251-ci maddələrinə əsasən əmlakın üzərinə həbs qoyulması ardıcıllığı müzakirə edilməlidir. Tələbə görə, əvvəlcə şəxsin avtomobili, evi və daha sonra başqa daşınmaz əmlakının üzərinə həbs qoyula bilər. Mülki iddianın təmini prosesində əmlakın üzərinə həbs qoyulması mülki iddianın 50 min manat miqdarında müəyyən edilir. Asif Əliyevin adına avtomobil olub. Həmin avtomobilin sənədləri cinayət işinin materialları arasında var. Ekspertlər həmin maşının 65 min manat dəyərində qiymətləndirib. Bundan başqa, Asif Əliyevin adına Əliyar Əliyev küçəsində 89 saylı mənzil var. Həmin mənzilin müəyyən edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri üzrə ərazi idarəsinə sorğu göndərilməsini xahiş edirik”.

İlham Mirzəyevin vəkilləri vəsatətin təmin edilməməsini istəyiblər. Prokuror Rizvan Soltanov Asif Əliyevin əmlaklarının üzərinə həbs qoyulmasını istəyib. Hakim Asif Əliyevin avtomobilinə baxış keçirilməsi ilə bağlı qərar qəbul edib. Hakim həmçinin Əliyar Əliyev küçəsində 89 saylı evin kimin adına olmasının müəyyən edilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri üzrə ərazi idarəsinə sorğu göndərilcəyini deyib.

Şahid qismində ifadə verən “Sara-Safura” jurnalının təsisçisi və baş redaktoru Saray Hüseynova deyib ki, İlham Mirzəyevi həmkar kimi tanıyır. Onun sözlərinə görə, jurnalist kimi dəfələrlə İlham Mirzəyevin aparıcı olduğu verilişlərdə iştirak edib: “İlham Mirzəyevin verilişi sosial sahəni əhatə etdiyi üçün dəfələrlə verilişdə qonaq olmuşam. Sonradan İlham Mirzəyevlə başqa bir verilişin açılması üçün layihə barədə söhbətimiz oldu. Onunla bu barədə dəfələrlə telefonda söhbətimiz olub. İyulun 12-də, axşam saat 22-dən sonra İlham Mirzəyevlə layihəni müzakirə etmək üçün Space” kanalının yanına getdim. Həmin vaxt İlham Mirzəyevi orada gözlədim. Çünki onun canlı yayımda verilişi gedirdi və biz onunla görüşə bilmirdik. Həmin vaxt orada Rəbiyyə adlı bir jurnalistlə görüşdüm. O da İlham Mirzəyevi gözləyirdi. Söhbət zamanı onun Həsən Bəy Zərdabinin nəvəsi olduğunu bildim. Onun fikirləri maraqlı olduğu üçün söhbətimiz uzandı. İlham Mirzəyevi təxminən 1 saatdan çox gözlədik. Rəbiyyə dedi ki, deyəsən İlham gəlmədi. O, getməyimizi məsləhət bildi. Bu vaxt qapı açıldı, İlham gəldi. Bizimlə görüşdü və söhbət etdi”.

Saray Hüseynova həmin vaxt İlham Mirzəyevə hücum edilməsini şahidi olduğunu deyib. O, daha sonra əlavə edib ki, hadisədən sonra müstəntiqə hadisə yerini göstərilməsi ilə bağlı ifadə verib. Onun sözlərinə görə, həmin vaxt orada Rəbiyyə Zərdabi də olub: “Kənarda iki nəfərdə var idi. Mən onları tanımadım. Müstəntiqlə telefon vasitəsilə danışaraq hadisənin baş verdiyi yerə gəlmişdim. Müstəntiq mənə dedi ki, əlimdə qəzet olacaq, ora çatanda mənə yaxınlaşarsan. Məndə ora çatanda əlində qəzet olan şəxsə yaxınlaşdım. Hadisə yerinin müstəntiqə göstərilməsi ilə bağlı ifadəmiz alınarkən İlham Mirzəyev orada olmayıb”.

Asif Əliyevin vəkili Cavanşir Süleymanov deyib ki, hadisə baş verən gün və ondan əvvəlki günlər Saray Hüseynova İlham Mirzəyevə zəng etməyib və SMS-də göndərməyib. Vəkil fikrini belə izah edib ki, Azercell mobil operator şirkətindən aldıqları sorğu bunu sübut edir. Saray Hüseynova isə israrla izah edib ki, həmin gün İlham Mirzəyevlə telefonda SMS vasitəsi ilə söhbətləri olub. Şahidin çıxılmaz vəziyyətdə qaldığını görən İlham Mirzəyev səs-küy salmağa başlayıb. O, Asif Əliyevi cinayətkar adlandırıb. O, vəkilləri qatili, cinayətkarı müdafiə etməkdə, şahidi isə sıxışdırmaqda ittiham edib. Asif Əliyev isə təqsirsizlik prezumpsiyasının İlham Mirzəyev tərəfindən pozulduğunu deyib. O, katibdən İlham Mirzəyevin hərəkətləri barədə protokola qeyd edilməsini tələb edib. Asif Əliyevin vəkilləri hakimin İlham Mirzəyevin hərəkətləri barədə ciddi tədbir görülməsini istəyiblər. Hakim isə İlham Mirzəyevə xəbərdarlıq edib. Hakim deyib ki, icazəsiz danışdığı və müdaxilə etdiyi halda İlham Mirzəyev zaldan çıxarılacaq.

İlham Mirzyvein bərbəri Əlövsət Bağırov ifadə verib. O, deyib ki, İlham Mirzəyev verilişə çıxmamışdan əvvəl qrim edib. Onun sözlərinə görə, hadisə baş verən günü səhər saatlarında İlham Mirzəyevi qrim edib: “Həmin vaxt İlham Mirzəyevin boynunda xəsarət olmayıb. Bundan iki gün sonra ATV-də İlham Mirzəyevin başına gələnlər barədə eşitdim və ona zəng etsəm də, zəngimə cavab vermədi. İyulun 19-də İlham Mirzəyev qrim olunmaq üçün yanıma gəldi. Həmin vaxt onun boynunda xəsarət var idi. Xəsarət iynənin ucu qədər idi”.

Psixoloq Dəyanət Rzayev ifadə verəndən sonra məhkəmə iclasının davamı fevralın 10-na təyin olunub.

Hacı Zeynalov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR