• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Albaniyanın sabiq Prezidenti ADU-da

Albaniyanın sabiq Prezidenti ADU-da

Oktyabrın 30-da Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Azərbaycanda səfərdə olan Albaniyanın sabiq prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Recep Meydani ilə görüşdü.

Qonağı salamlayan rektor Səməd Seyidov onu ADU-da görməkdən məmnun olduğunu bildirdi. O, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətini təqdir edərək, Albaniyanın sabiq prezidentinə Dillər Universitetinə gəldiyinə görə təşəkkür etdi. Rektor Səməd Seyidov universitetin fəaliyyətindən danışaraq qonağa universitet haqqında ətraflı məlumat verdi. O, Ümummilli lider Heydər Əliyevin məxsusi rolundan söz açaraq bu ali təhsil ocağının məhz onun imzaladığı sərəncamla ADU-ya universitet statusu verildiyini sözlərinə əlavə etdi. ADU-nun beynəlxalq əlaqələrindən danışan rektor universitetin bir sıra ölkələrlərin ali təhsil ocaqları ilə əməkdaşlığından söz açdı. O, universitetdə Qərbi Avropa dilləri ilə yanaşı, Norveç, Çin, Yapon, Koreya, Malay və İndoneziya dillərinin də tədris olunduğunu bildirdi. Rektor, professor Səməd Seyidov universitetdə bu dillərin tədrisi ilə yanaşı, həm də ölkələrin dil və mədəniyyət mərkəzlərin fəaliyyət göstərdiyini də vurğuladı. Bundan başqa ADU-da Şərq dillərinin və mədəniyyətinin öyrənildiyini bildirdi.

Azərbaycan ilə Albaniya arasındakı əməkdaşlıqdan danışan rektor Nizami Gəncəvi Beynəxalq Mərkəzinin təşəbbüsünü yüksək qiymətləndirdi və Nizaminin dünya mədəni irsinə daxil olduğunu vurğuladı.

Səmimi qəbula görə təşəkkür edən Albaniyanın sabiq Prezidenti Recep Meydani Azərbaycanda və ADU-da olmaqdan məmnun olduqlarını bildirdi. O, Azərbaycan və Albaniya arasında əlaqələrin bütün sahələrdə, o cümlədən iqtisadi, mədəniyyət və təhsil sahəsində davam etdiyini dedi.

Görüşdən sonra Albaniyanın sabiq Prezidenti Recep Meydani Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin tələbələrinə “İnsan təhlükəsizliyi” mövzusunda mühazirə oxudu. O, mühazirəsində insan mühafizəsinin izahi, iqtisadi, ətraf mühit, sağlamlıq mühafizələri, insan mühafiəsi və insan hüquqları, daxili və xarici mühafizə arasında fərqlər, təhlükəsizliyin elementləri, dövlət mühafizəsi, insan mühafizəsində paradiqmalar mövzularına toxundu. Mühazirə tələbələr tərəfindən maraqla qarşılandı. Sonda tələbələrin suallarını cavablandırdı.

Qeyd edək ki, Recep Meydani 1944-cü il avqustun 17-də Albaniyanın Tirana şəhərində anadan olub. O, təhsilin bakalavr pilləsini Tirana Universitetində fizika ixtisası üzrə oxuyub (1966). Fransanın Kaen Universitetində Bərk Cisimlər Fizikası ixtisasında təhsilini davam etdirən (1974) R. Meydani Paris XI Universitetində Bərk Cisimlər Fizikası ixtisası (1976), Tirana Universitetində isə Qatılaşdırılmış Təkamül Fizikası (1984) üzrə fəlsəfə doktorluğunu alıb. O, Tirana Universitetinin Fizika kafedrasında professor köməkçisi, Kvant mexanikası, Bərk cisimlər fizikası, Nəzəri və statistik fizika sahəsi üzrə professor və məruzəçi kimi çalışmaqla (1976-1996) pedaqoji təcrübə qazanıb. 1977-1980-ci illərdə R. Meydani Kosovanın Pristina Universitetində dərs deyib, İngiltərə, Almaniya və İtaliya universitetlərində alim kimi məruzələrlə çıxış edib. O, 1992-ci ildə Boston Universiteti və Dallas Universitetində məruzə söyləmək üçün dəvət olunub. R. Meydani siyasi karyerasına 1990-cı ildən başlayıb və 1991-ci ildə ilk çoxpartiyalı seçkilərdə Mərkəzi Seçki Komissiyasının sədri olub. Həmin il o, həmçinin Prezident Şurasının üzvü olub. 1994-cü ildən 1996-cı ilədək İnsan Hüquqları üzrə Alban Mərkəzinin İdarə Heyətinin sədri kimi fəaliyyət göstərən R. Meydani 1996-cı ildə Sosialist Partiyasına qoşulub və 1997-ci ilədək orada baş katib vəzifəsini icra edib. 1997-ci ildə Prezident seçilib və 2002-ci ilədək bu fəaliyyətini davam etdirib. Prezidentliyi dövründə o, ölkəsinin yaranmaqda olan demokratik təsisatlarının qorunması və iqtisadi dirçəlişin asanlaşdırılması istiqamətində mühüm addımlar atıb. Cənub-Şərqi Avropa üçün Sabitlik Paktının qəbulu və həyata keçirilməsində əsas rol oynayan R. Meydani Balkanlarda iqtisadi, demokratik, sülhyönümlü inkişaf planlarını təşviq etmək üçün nəzərdə tutulmuş tədbirlər həyata keçirib.

Recep Meydan Madrid Klubu və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvüdür. O, çoxlu sayda kitab və monoqrafiyaların, o cümlədən Albaniya və beynəlxalq elmi jurnallarda dərc olunan məqalələrin müəllifidir.

Xatırladaq ki, Albaniyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Recep Meydanini Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkilatçılığı ilə 2015-ci ilin aprelində keçiriləcək III Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıq işlərinin müzakirəsi məqsədilə Azərbaycana səfər edib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR