• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Halal süd əmmiş uşaqla “malış” yeyənin fərqi - ARAŞDIRMA

Halal süd əmmiş uşaqla “malış”  yeyənin fərqi - ARAŞDIRMA

"Oğlum 5 aylıq olanda işə başlamalı oldum. Uşağa isə qayınanam baxdı. Uşağa ana südü verə bilmədiyimə görə pediatrın məsləhət gördüyü uşaq qidasını verirdik. Amma ana südünü kəsəndən sonra uşaq tez-tez xəstələnir, xəstəliyi uzunmüddətli olur. Müraciət etdiyimiz həkimlər bildirdilər ki, oğlumun immuniteti zəifdir və bunun əsas səbəbi ana südü ilə qidalanmamasıdır. Söz vermişəm, ikinci uşaqda mütləq 1 yaşa qədər ana südü verəcəm".

Müsahibim Ülviyyə Cəfərova kimi ana südünü süni qidalarla əvəz edən analar az deyil. Əlbəttə, bədən formasını itirməmək üçün və uşağı ana südü ilə qidalandırmağın vaxt itkisi olduğunu hesab edərək əlavə qidalar seçən analar da var. Pediatrlar da çox vaxt anaların bu istəklərinə qarşı çıxmır, əksinə, uşaq qidalarını təbliğ edirlər. Bir tərəfdən isə tez-tez müxtəlif uşaq qidalarında zərərli maddələrin aşkarlanması barədə xəbərlər eşidirik.

Bu sözlərdən sonra uşağına süni qida vermək istəyən ananın beynində iki fikir yaranır. Süni qida yaxşı deyilsə, nə üçün pediatr məsləhət görür? Bəs yaxşıdırsa, onu yeyən uşaqda niyə immunitet zəif olur?

Bu suallar analar qədər bizi də narahat etdiyindən məsələni Publika.az-ın “Qırmızı xətt” layihəsində araşdırmaq qərarına gəldik.

Qadağan edilən qidalar

Bu qidaları həm aptek, həm də marketlərdən almaq mümkündür. Qablarının həcminə görə qiyməti də dəyişən bu qidalara maraq heç də az deyil. Bunu satıcılar da təsdiqləyir.

Mediada süni qidaların keyfiyyəti barədə tez-tez məlumatlar yayılır. Sonuncu dəfə bu il yayda “Aptamil” uşaq qidalarının tərkibində bəzi maddələrin normadan çox olması ilə bağlı informasiyalar narahatlığı bir az da artırdı.

Türkiyənin Qida Əkinçilik və Heyvandarlıq Nazirliyinin keçirdiyi monitorinq zamanı Bakıda da satışda olan “Milupa Aptamil Südlü Taxıl Qarışığı” adlı məhsulda GMO (genetik modifikasiya olunmuş) elementləri aşkarlanmışdı. Düzdür, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin apardığı araşdırmada yerli bazarda belə məhsulların aşkarlanmadığını məlum oldu. Lakin bu məlumat istifadəçilərin ürəyinə nə qədər rahatlıq gətirdi, deyə bilmərik. Çünki bu, ilk fakt deyildi. 2014-cü ilin fevral ayında da bu uşaq qidası ilə bağlı oxşar situasiya yaranmışdı. Həmin vaxt “Aptamil PDF”i buraxan şirkət öz məhsullarını bazardan təcili toplamışdı. Dünya Səhiyyə Təşkilatı (DST) bütün dünya ölkələrinə xəbərdarlıq məktubu göndərərək Numil Qida Məhsulları ASC-nin istehsal etdiyi “Aptamil PDF” adlı uşaq yeməklərinin satışını təcili dayandırmasını tələb etmişdi.

Məhsulun tərkibində GMO ilə yanaşı, yod və duzun miqdarının normadan çox olduğu bildirilmişdi.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı uşaq qidaları ilə bağlı ölkədə beynəlxalq standart tətbiq edildiyini, qidaların əsasən Türkiyə, Rusiya və Avropa ölkələrindən gətirildiyini bildirib:

“Qanunvericiliyə əsasən, uşaq qidaları istehsalçı ölkədən birbaşa gətirilməlidir ki, buna da əməl edilir. Bu qidalarla bağlı tez-tez nəzarət tədbirləri həyata keçiririk. Uşaq qidaları ilə bağlı aparılan yoxlamalar zamanı satış nöqtələrində qidaların saxlama şəraitinə əməl edilməməsi ilə bağlı nöqsanlar aşkarlanıb. Bu il keçirilən monitorinqlə zamanı keyfiyyət və təhlükəsizliklə bağlı heç bir nöqsan aşkar edilməyib”.

Pediatrların marağı

Tərkibi GMO ilə zəngin olan süni qidaların qiyməti heç də ucuz deyil. Orta həcmli uşaq qidasının qiyməti az qala bir kilo ətin dəyərinə bərabərdir. Ekspertlərin fikrincə, süni qidaların qiymətinin yüksək olması pediatrların distribüterlərlə olan münasibətinə müsbət təsir edir. Düzdür, pediatrlar anaları süni qida almağa məcbur etmədiklərini bəyan edir. Araşdırmalara görə, yeni uşaq dünyaya gətirmiş anaya süni qida barədə danışanda onun südü çəkilir. Bu baxımdan, hətta pediatrlar məcbur etməsələr belə, süni qida barədə söhbətlərlə ananı süuraltı süni qida verməyə istiqamətləndirmiş olurlar.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, MDB ölkələrində ana südü ilə qidalandırma üzrə ən aşağı göstərici Azərbaycandadır.

Onun sözlərinə görə, bu sahədə əsas problem pediatrlarla bağıdır:

“Bazarda uşaq qidalarının payı artır və doğum evlərində analara süni qida təklif edilir. Uşaq doğulan kimi onu anadan ayırıb, bir müddət süni qidalar verirlər. Bununla həm də Ümumdünya Səhiyyə Təşkilatının tələblərini pozurlar. Analar xəstəxanadan ayrılarkən də pediatrlar onlara süni qidalar məsləhət görür ki, bununla da onlar “Erkən yaşlı körpələrin qidalanması ilə bağlı” qanunu pozurlar. Bu həm də pediatrların süni qida distribüterləri ilə əlbir işlədiyini göstərir. Uşaq qidalarının tərkibində GMO-lu məhsullar, soya yağı var. Bu da uşaqların sağlamlığı üçün ciddi təhlükədir və genefondumuzu məhv edir”.

E.Hüseynovun sözlərinə görə, bu qidaların marketinqində də qaydalar pozulur, saxlanma şəraitinə əməl edilmir.

“Harda süni qida satılırsa, orada iri hərflərlə “ana südü əvəz edilməzdir”, "körpələrinizi ana südü ilə qidalandırın” sözləri yazılmalıdır. Lakin heç bir yerdə buna əməl edilmir. Bu sahədə apardığımız monitorinqlər zamanı qidaların normal temperaturda saxlanmadığı müəyyən edilib. Bu da qidanın keyfiyyətinə birbaşa təsir edir”.

Ekpert bu halların qarşısının necə alınmasına da toxundu. Onun sözlərinə görə, rəhbərlik etdiyi təşkilat nəzdində ana südüilə əmizdirmə üzrə ayrıca komissiya yaradılıb. Bu komissiyanın əsas işi pediatrlarla distribüterlərin əlaqəsini kəsməkdir.

“Bir neçə doğum evinin rəhbər şəxsləri bu məsələyə görə işdən azad edilsələr, problem daha rahat həll olar. Əminəm ki, bu barədə faktları nazirliyə təqdim etsək, həmin həkimlərlə bağlı tədbir görüləcək”.

Bu uşaqlar daha tez ölür

K. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, baş pediatr Nəsib Quliyev anaların süni qidalara meyil etməsinin təəssüf doğurduğunu bildirib.

“Hər bir canlının öz balası üçün hasil etdiyi qida maksimum spesipik və adekvatdır və həmin qidanın alternativi yoxdur. Lakin analar bu qaydanı pozur. Təəssüf ki, insandan başqa heç bir canlı bu qanunu pozmur. Ən yırtıcı heyvan belə balasını öz südü ilə bəsləyir. Insanlar isə bu yoldan uzaqlaşır, övladlarına süni qida verirlər. Hər bir ana uşağını ən azı iki yaşa qədər ana südü ilə bəsləməlidir. Lakin analar bədən formasını itirməmək üçün, yaxud da işlədiklərini bəhanə edərək uşaqlarına süd verməkdən imtina edir”.

N.Quliyev pediatrlar tərəfindən uşaq qidasının məsləhət görülməsinə də münasibət bildirib. Onun sözlərinə görə, süni qidalar yalnız ana südü olmadığı halda məsləhət görülməlidir. Ana südü olduğu halda, süni qida məsləhət görmək ən azı xətadır.

Baş pediatr süni qidanın gələcəkdə uşaqların həyatı və sağlamlığı üçün yaratdığı təhlükələrdən də söhbət açdı. Bildirdi ki, həmin uşaqların fiziki inkişafında, sağlamlığında problemlər müşahidə edilir.

“Süni qidalar qəbul edən uşaqlar arasında ölüm riski ana südü qəbul edənlərdən daha çoxdur. Bu, tibbdə təsdiq edilmiş faktdır. İki yaşa qədər uşağın immunitetini ana südü formalaşdırır. Analar bilməlidir ki, süni qida ilə bəslənən uşaqların immuniteti zəif olur, yoluxucu xəstəliklərə tez yoluxurlar. Süni qida qəbul edən uşaqların fiziki inkişaf göstəriciləri pozulur, intellektual inkişaf səviyyəsinə görə bu uşaqlar ana südü ilə qidalanan uşaqlardan geri qalır. Çünki ana südünün tərkibində elə inqridientlər var ki, onlar başqa heç bir qidanın tərkibində olmur. Bu maddələr baş beynin inkişafına təsir göstərir”.

Faiz aşağıdır

N.Quliyev hazırda ölkədə uşaqların ana südü ilə qidalandırılma faizindən danışdı və nəticədən razı qalmadıqlarını bildirdi:

“1992-93-cü illərlə müqayisədə övladını ana südü ilə qidalandıran anaların sayı artıb. Bu rəqəm 25-30%-dən 50%-ə çatıb, lakin hədəfə çatmağımıza hələ çox var. Rayonlarda vəziyyət Bakıdan daha yaxşıdır. Bu rəqəm yalnız bir yaşa qədər olan uşaqlarla bağlıdır. İki yaşa qədər olanlarda isə bu göstərici daha aşağıdır.

Əsas məqsədimiz göstəricini 95-98%-ə çatdırmaqdır. Bu işə yalnız Səhiyyə Nazirliyi deyil, siyasi, ictimai xadimlər də dəstək verməlidir. Bəzi ölkələrdə din xadimləri də bu istiqamətdə təbliğat aparır”.

“2 yaşa qədər məsləhətdir, ondan sonra zərərlidir"

Qidalar yalnız uşaqların fiziki inkişafına deyil, həm də psixologiyasına təsir edir. Psixoloq Narınc Rüstəmovanın sözlərinə görə, araşdırma aparsaq, bu gün arzuolunmaz vərdişləri olan bir çox insanın ana südü ilə az qidalandığı məlum olar.

“İlk bir il və 18 aya qədər ana südü qəbulu həm ana, həm də uşağın sağlamlığı üçün vacibdir. Uşaq ana bətnində olanda əmmə refleksi formalaşır. Dünyaya gələndən sonra da ən böyük təlabatı da ana südü ilə qidalanma ilə formalaşır. Əmmə təlabatının ödənilməsi gələcəkdə uşağın özünə güvəninin yüksək olmasına səbəb olur. Bu vərdiş formalaşmayan uşaqlarda arzuolunmaz vərdişlərə meyil yüksək olur. Uşaq vaxtı bu tələbat ödənilmirsə, böyüyəndə süuraltı başqa vərdişlə əvəz edilir. Bu vərdişlər sırasında dırnaq yemək, qələmin başını dişləmək, barmaqlarını sümürmək, siqaret çəkmək və s. müxtəlif mənfi xüsusiyyətləri saya bilərik. Həmçinin ana südündən məhrum uşaqlar daha çox danışmağa meylli olurlar. Uşaqların süni qidaları yedikləri əmziklər isə bu tələbatı ödəmir, uşağın ağız quruluşu məhz ananın süd vəzindən qidalanmaq üçün formalaşır”.

Psixoloq deyir ki, ana südü qəbul etməyən uşaqlarda bu cür vərdişləri aradan qaldırmaq çətindir. Ana südü qəbul edən uşaqların bu vərdişlərini daha erkən yaşda aradan qaldırmaq olur.

Psixoloq onu da vurğuladı ki, uşaqlar ana südünü 2 yaşa qədər yeməlidirlər, ondan sonra isə artıq cinsi fərq yaranmağa başlayır. Bu, hətta uşaqlarda sosial travma da yaradır.

Psixoloq hesab edir ki, bədən quruluşunun pozulmaması üçün süd verməkdən imtina etmək qadınların özünə güvənlərinin zəif olmasından irəli gəlir. Bunu aradan qaldırmaq üçün psixoloq məsləhəti almaq vacibdir.

“Təcrübə göstərir ki, çox zaman evdar yox, məhz işləyən, təhsilli qadınlar, hətta həkim analar süd verməkdən imtina edir”.

Gülxar Şərif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR