• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Saxta molla: “Mən onlara siğə kəsdim-kəsmədim, onsuz da...”

Saxta molla: “Mən onlara siğə kəsdim-kəsmədim, onsuz da...”

Onunla şəhər qəbiristanlıqlarından birində tanış oldum. Daha doğrusu, görüşümüzü o özü istəmişdi. Dostlardan biri hansı yazımı isə ona oxuyubmuş. O, dostuma:

- Deyin, gəlsin, məndən yazsın, biz onun yazdığı adamdan da acınacaqlı yaşayırıq, - deyib.

Elə buna görə də mənə nişan verilən qəbiristanlığa getdim. Demişdilər ki, adı Həmzədir. Kimdən soruşsam, göstərəcəklər. Soruşmağa ehtiyac olmadı. Onu görən kimi baxışdan tanıdım. Kürəyini küknar ağacının gövdəsinə söykəyib, təsbeh oynada-oynada siqaret çəkirdi.

Ölülərin hesabına başımı girələyirəm

Tanışlıq verdim. Dediyi sözü ona xatırlatdım. Xeyli güldü, “hə, olub elə söhbət, sözgəlişi demişəm”, - dedi.

O, nə vaxtsa sürücülük edib. İndi isə çox hörmətli bir molladır. Sözarası:

- Lisenziyam yoxdur. Yasin oxumağı bilirəm, bu, bəs edir. Fatihə verirəm, kəlmeyi-şəhadətimi də bilirəm. Ölüsünü ziyarət edənlər 3-4 manat verir, mən də onların qəbrinin üstündə yasin oxuyub, dua edirəm.

Bunları Həmzə mənim “hal-əhli” olduğumu bildikdən sonra dedi. Əlavə də etdi ki:

- Qurban olun Allaha, hərənin ruzisini bir cürə yetirir. Məni də ac qalmağa qoymadı. Ölülərin hesabına başımı girləyirəm.

Həmzə kişinin 70-dən çox yaşı var.

- Maşallah, gümrahsan, yaşından xeyli cavan görünürsən. Tay-tuşların yəqin çoxdan “o tərəfdədir”.

Dediyimi əlbəəl tutur. Çiyinləri atlana-atlana gülür:

- Yox, hələ bəri üzdə olanları da var. Allahın yazısıdır, pozu olmaz ki...

- Ay Həmzə kişi, birdən qulaq verdilər, gördülər ki, yasini düz oxumursan, onda necə?

- Bala, heç kəs qulaq-zad vermir. Ölənlərinin adlarını deyirlər, mən də kamali-ədəblə yasin oxuyuram.

Hava qaralmaq üzrəydi. Həmzəyə təklif etdim ki, gedək bir yerdə oturaq çay içək, indi ölüsünü yada salıb bura gələn olmaz. Razılaşdı. Oturduğu kətili qəbirlərdən birinin başdaşısının arxasındakı gül kolunun altında gizlətdi. Döşəkcəni də kətilin üstünə qoyub, klyonka ilə örtdü.

- Yağış yağanda islatmasın,- dedi. - Günəşlidə yaxşı çayxana var, gedək orda oturaq.

Sən demə, evi o tərəflərdə imiş.

Cəddüvə qurban

Getdik. Yolda başına qoyduğu buxara papağını da çıxartdı. Saçını tumarladı, köynəyinin yuxarı düyməsini açdı. Pencəyinin yaxalığına əl gəzdirdi. Bayaqkı molladan əsər-əlamət belə yox idi.

Çayxanada onu mehribanlıqla qarşıladılar.

- Seyid, gəl, cəddinə qurban.

Həmzə aydınlıq gətirdi:

- Xətt saxladığıma, bəzən Allah kəlamı söylədiyimə görə mənə “seyid” deyirlər. Mən də könüllərini qırmıram...

İnsanların könlünü xoş etməklə məşğulam

Otururuq. Həmzə kişi ona verilən sədəqələri qəbul edir və ardınca da “Allah qəbul etsin, niyyətiniz dərəceyi-qəbula çatsın”, - deyir.

Həmzə ilə söhbətimdə onu da xatırlatmışdım ki, bəlkə haqqında yazdım, inciməsin. Etiraz etməmişdi.

İndi çayxananın rahat bir küncündə ona suallar ünvanlayıram:

- Necə oldu mollalıq etməyə başladın?

- Mən, bacı oğlu, deyim, sən də bil. Molla deyiləm. Bayaq da dedim, mən insanların könlünü xoş etməklə məşğulam. Mollalar ölü düşməsini arzu edir, mən isə yox. Bu vaxta qədər nə qədər ölən varsa, bəsimdi. Yasindən-zaddan oxuyuram, fsyo.

Kefin istəyən keflər görmüşəm

- Həmzə kişi, bəs əvvəllər necə idi dolanışıq, həyat?

- Həyat həmişə mənim üçün maraqlı olub. Sürücü işləyirdim, dolanmırdım? Kefin istəyən keflər görmüşəm. Yaxşı xalturam olurdu. İndi pensiyadayam.

- Bəs axı demədin necə oldu mollalıq etmək fikrinə düşdün.

- Yaxşı səsim vardı. Bəzən dostlarla yeyib-içib toylarda oxuyardım da. Sonradan yaş ki 60-a çatdı, nəvə-nəticə ətrafı bürüdü, peşəmi dəyişdim. Rayonda dolanışıqda çətin oldu, şəhərə köçdüm, Günəşlidə ev aldım. Rayonda yaşamaq mümkün deyildi.

Guya ki mollayam

- Və oldun molla?

- Mollalığa təsadüfən getdim. Qəbiristanlıqların birindən balkonu düzəltmək üçün dəmir barmaqlıqlar söküb aparmaq istəyirdim. Gördüm, iki nəfər yaxınlaşır. Tez cibimdən bir bloknot çıxarıb başladım “yasin” oxumağa. Guya ki mollayam. Bu iki nəfər yaxınlaşdı. Fikrim onlarda olsa da, oxumağa davam etdim. Sonra da bloknotu 3 dəfə öpdüm, gözümün üstünə sürtüb cibimə qoydum. Hə, bu iki nəfər çox hörmətlə mənə yaxınlaşdı. Cümə axşamı olduğu üçün ölənlərinə yasin oxutdurmaq istədiklərini dedilər və cibimə pul basdılar. “Allah qəbul etsin”, - deyib mərhumların adını soruşdum. “Gedin, hələ növbədə iki ölü də var, - dedim, - arxayın olun, oxuyacam”. Qəbirləri göstərib, getdilər. Bax, o vaxtdan insanların xidmətindəyəm.

Telefonla siğə edirəm

- Elə həmin qəbirsitanlıqda?

- Yox, gəldim bayaq gördüyün qəbiristanlığa. Əvvəllər isə həyat daha maraqlı idi. İndi də pis deyil. Siğəni də bilirəm. Amma bunun üçün gərək dəftər-kitabın ola. Telefonla siğə edirəm.

- Axı düzgün deyil...

- Ay rəhmətliyin nəvəsi, zato, hər iki tərəfin ürəyi şad olur. Zənən elə bilir zina etmir, kişi də elə onun kimi. Mən deyirəm ki, mənim siğələrimin gücü bir həftəlikdir. İstəsəniz, lap 2-3 saatlıq siğə edim.

Həmzə deyir və bic-bic barmaqlarını bir-birinə sürtür.

- Təki pul olsun, nəvələrə bir şey ala bilim. Onsuz da bu adamların gözü qızıbsa, istədiyini harada və necə olsa edəcək. İndi 10 manat mənə versələr, qan düşməyəcək ki...

Həmzə kişinin söhbət zamanı özünə aludə olması nəzərimdən yayınmır. Hiss edirəm ki, basıb-bağladığı məqamlar da var. Çayını nəlbəkiyə töküb üfləyir. Sonra qəndi nəlbəkidəki çayın içinə atıb stəkanın arxası ilə əzir. İri dodaqları az qala nəlbəkinin tən yarısını “mühasirəyə” alır. Bir qurtuma nəlbəki boşalır. Şəkərin tozcuqları nəlbəkinin dibində çöküntü halında qalıb. Bir az çay əlavə edib cürü barmağı ilə şəkər tozunu qarışdırıb yenidən içir:

- Qərət olmasın, gərək, - sonra özünə yenidən çay süzür.

Əgər bunlar siğə etdirirsə...

- Həmzə kişi, deyirlər, siğənin savabından çox günahı var axı. Günah qazanmırsan?

- Özün də deyirsən oxumuş adamsan. Bunun nə günahı ola bilər ki? Əgər bunlar siğə etdirirsə, demək, hər iki tərəfin razılığı var. Mən də rəsmiləşdirirəm. Yəni bunların zinasına haqq donu geyindirirəm. Yəqin ki, özlərini məhrəm hiss edirlər. Rahat olurlar...

- Axı bayaq dedin ki, sən Yasin surəsindən başqa heç nə bilmirsən.

- Hə, düzdü, bilmirəm. Bax, bir molla var. Leriklidir. Qızıldaş tərəfdə yaşayır. O mənə yazıb verib, köçürdürəm, verirəm siğə etdiklərimə.

- Bəs adlarını necə yazırsan, ərəb qrafikasını bilmirsən axı.

- Ad yerləri boş qalıb, oranı rus hərfləri ilə yazıram. Deyirəm ki, bunu ona görə bu hərflərlə yazıram ki, inanasız siğə sizin üçün oxunub.

- Həmzə kişi, axı sənin günahların var...

- Mənim günahlarım mənimdir. Amma inanmıram ki, siğədən razı qalıb mənim ölənlərimə rəhmət oxuyanların alqışını Allah-təala görməsin. Könlü xoş olanların duası məni qoruyar.

Həmzə kişi özündən xeyli razı görünür. Bu yaxınlarda rayonda yas məclisində olduğundan bəhs edir:

- Vəziyyət pisdir. Camaat torpaqla əlləşir. Ruzisini güclə çıxarır. İcra, bələdiyyə basıb torpaqları əkir. Əhalinin əkinəcəyinə su da vermirlər. Gərək pul yığıb verələr. İnsanlar bir qarın çörək üçün əsir-yesir olub. İnan yas məclisində hamı öz dərdini çözürdü.

Ölü yiyəsi bilsə, məni qapısından qovardı

- Həmzə kişi, yəni sən o hüzrdə mollalıq edirdin?

- Yox, a bala, mənim o məclisləri aparmaq bacarığım yoxdur. Həm də ölü yiyəsi bilsə ki, mən bu niyyətə düşmüşəm, məni qapısından qovardı. Məndən gözü dağınıq, kolxoz malına əyri baxan, yeyib–içib dava salan ikincisi olmayıb. İndi deyirsən, bu qoca vaxtımda özümü abırdan salaydım?

- Yas məclisini idarə etmək abırdan düşmək deməkdir?

- Mənim kimilərə olmaz. İnan, elə vedrə bağlayarlar, səsi on nəsil qabağa gedib çatar. Bura baxma, bura şəhərdir. Hərə bir tərəfdən gəlib. Kimdir məni tanıyan.

Ata-anama geydirmə Yasin oxunsun?

- Heç rəhmətlik ata-ananın qəbrinin üstündə yasin oxumusan?

- Day səninki olmadı. Mən ata-anamı belə ucuz tuturam ki, geydirmə Yasin oxunsun onlar üçün?

Bundan sonra söhbətimiz maraqsız oldu. Həmzə kişi məndən incidi.

- Sən yaxşı söhbət eləmədin. Ona görə də sənə maraqlı heç nə danışmayacam.

Getmək üçün ayağa qalxdım. Sağollaşdım. Çayın pulunu vermək istədim. Çayçı:

- Seyidin stoluna gedən çaya pul almırıq, - dedi...

Faiq Balabəyli

axar.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR