“Sevil” massivinin zərərçəkmişlərinin aqibəti necə olacaq? - ARAŞDIRMA
Bizi izləyin

Qırmızı.az

“Sevil” massivinin zərərçəkmişlərinin aqibəti necə olacaq? - ARAŞDIRMA

“Sevil” MTK-nın aldadılan payçıları onlara dəymiş ziyanın ödənməsi üçün çıxış yolu axtarırlar. Zərərçəkənlərin noyabrın 14-də Abşeron Rayon İcra Hakimiyyəti qarşısında piket keçirəcəyi də gözlənilirdi. Qeyd edək ki, Abşeron Rayon İcra Hakimiyyətində pulların notarial qaydada qaytarılması üçün komissiya yaradılıb. Aldadılan payçılar isə komissiyanın işindən narazı qaldıqlarını, süründürməçiliklə üzləşdiklərini bildirirlər.

“Qızınmadıq istisinə, kor olduq tüstüsünə: banklara borc ödəyirik”

Zərərçəkənlər facebook sosial şəbəkəsində qrup yaradıblar. Qrup üzvləri yazır ki, massivdə ev tikmək, yurd yeri salmaq istəyənlərin əksəriyyəti kasıb təbəqədir və çox qism bu günədək banklara kredit ödəməklə borc qaytarır. Qrup üzvlərindən biri Ramin Hüseyn yazır ki, 3 aya yaxındır komissiya üzvləri tərəfindən eyni ümidverici cavab eşidir: “Pul yoxdur, gedin, filan vaxtı gəlin. Hər dəfə nəticəsi olmayan cavablar alırıq. Qızınmadıq istisinə, kor olduq tüstüsünə. Heç nəyin sahibi deyilik, amma banklara hər ay borc ödəyirik, çox acınacaqlı durumdayıq”.

“Əsir-yesir qalmaqdan, işimizi də itiririk"

Fərid Hüseynov yazır: “Oyuncaq olmuşuq, nə evimizi verirlər, nə pulumuzu. Bu qədər insan əsir-yesir qalıb. Ora-bira qaçmağa görə işini itirənlər var. İllərlə yığdığımız pulu 4 ildir o massivdəki tikintiyə sərf etdik. Tikintini başa çatdırıb, səbirsizliklə köçəcəyimiz məqamda, bu problemi üzə çıxardılar. Bunu öncədən bilmirdilər, niyə tədbir görmədilər? Gərək hamı olub-qalanını satıb, quru yurdda qalaydı? Bəs bizim illərlə o yolda çəkdiyimiz əziyyətlər hara getsin? Xirdalanın icra nümayəndəliyinə hər gün nə qədər sakin gedir, suyu süzülə-süzülə geri qayıdır. Ayın axırı deyirlər “get ayın əvvəli gəl”, ayın əvvəli də əksinə, deyirlər, “get ayın axırı gəl” Heç olmasa, pulumuzu qaytarsınlar”.

3 min vətəndaşın ödənişi necə batmasın?

Zərərçəkənlər arasında hələ də ümidlilər, özünə təsəlli verənlər də var. Məsələn, zərərçəkən Xədicə Əliyevan müsavat.com-a deyib ki, “Sevil” yeni yaşayış massivi dağılmayacaq: “Bu sözü bizə bir məmur dedi. Dedi ki, o massivin hər şəraiti var - kanalizasiya, su, işıq xətti və nəqliyyat yolu çəkilib. Odur ki, ora dağılmayacaq. Pullar vətəndaşlara qaytarılacaq və yenidən ”Sevil" yaşayış massivi satışa çıxarılacaq". Qeyd edək ki, iqtisadçı Vüqar Bayramov təklif edib ki, vətəndaşlara dəymiş ziyanı geri qaytarmaq üçün “Sevil” MTK-nın səlahiyyətləri başqa bir quruma – şirkət və ya MMC-yə transfer edilsin: “3 mindən çox vətəndaşın hüquqları pozulub. Onların ödənişlərinin yumşaq desək batmaq riski var. Bütün hallarda öhdəliklərin digər bir quruma transfer edilməyi vacibdir. Burada əsas məqsəd vətəndaşlara dəymiş ziyanın ödənilməsi və onlar qarşısındakı öhdəliyin həyata keçirilməsi olmalıdır”.

İstintaq bu ayın sonu yekunlaşır

Zərərçəkənlərin ödənişlərinin notarial qaydada qaytarılması üçün yaradılan komissiyanın üzvü icra hakimiyyətinin Xırdalan şəhəri üzrə nümayəndəsi Fikrət Orucovla məsələ ilə bağlı söhbət etdik. Dedi ki, “Sevil massivi” ilə bağlı gün ərzində onlara 10-12 nəfər birgə müraciət edib və onlara da bildirilib ki, hazırda komissiyanın işi gedir və onlara dəymiş ziyan hissə-hissə ödəniləcək: “Heç bir piket-filan olmayıb. 10-12 nəfər gəlmişdi. Onları başa salındı ki, Hökməli bələdiyyəsinə müraciət etsinlər. Məhkəmə olanadək zərərçəkmişlərin vəsaiti icra hakimiyyəti və bələdiyyə hesabına ödənməsinə qərar verilib. Heç bir süründürməçiliyə də yol verilmir. İstintaqın nəticəsi isə bu ayın sonunda yekunlaşacaq”.

“Sevil” vulkan sahəsində yerləşir, orda yaşamaq təhlükəlidir

F.Orucov dedi ki, “Sevil” yaşayış massivindən kreditlə torpaq sahəsi və tikinti materialları götürənlər üçün də tədbir görülüb: “Bank hesabları dondurulub. Mən bilmirəm onlar hansı banka ödəniş verir?”. Sakinlərin “Sevil” yeni yaşayış massivinin bərpa olunması arzularına gəlincə, komissiya üzvü dedi ki, ərazi vulkan sahəsi olduğu üçün orada yaşamaq təhlükəlidir: “Ümumiyyətlə, o ərazi yaşayış sahəsi kimi əlverişli yer deyil. Yaşayış məntəqələri torpaqları kateqoriyasına daxil olmadığı üçün orada yaşamaq gələcəkdə böyük fəsadlar törədə bilər” .

Dələduz bir Həsir, bir Məmmədnəsir qalıbsa, nə ödəyəcək?

Hüquqşünas Müzəffər Baxışov un sözlərinə görə, vətəndaşların pozulmuş hüquqlarının bərpası üçün “Sevil” MMC-nin başqa şirkətə transfer edilməsi hüquqi prinsiplərə uyğun deyil: “Hansı şirkət razılaşar ki, heç bir maliyyəsi olmayan qurumun məsuliyyətini daşısın? Yalnız o şirkət bunu icra edə bilər ki, dövlət ona maliyyə dəstəyi versin. O massivin təsisiçiləri hansı hüquqi əsaslarla fəaliyyət göstəriblər, mən bunu bilmirəm. Amma onu bilirəm ki, bu məsələ ilə bağlı həbs olunan dələduzların ibtidai istintaq zamanı hər hansı bir əmlakı müsadirə edilibsə, həmin əmlaklar satılaraq, zərərçəkmiş şəxslərə dəymiş ziyan ödənməlidir. Amma bu vəsait varmı? Əgər təqsirləndirilən şəxs “bir həsir, bir Məmmədnəsir” qalıbsa, nə ödənəcək? Məlumdur ki, həmin dələduz vətəndaşlardan əldə etdiyi vəsaiti rüşvət şəklində bəzi rüşvətxor məmurlara ödəyib, çətinə düşəndə isə həmin rüşvətxorlar onun arxasından qaçıb”.

“Torpaq sahəsinə olan ehtiyacın ödənməsi üçün qanun qəbul edilməlidir”

Hüquqşünasın fikrincə, problemin həlli yolu yalnız dövlət dəstəyindən keçir: “Azərbaycan Konstitusiyasının 13-cü maddəsinə görə, Azərbaycan vətəndaşlarının mülkiyyətinin toxunulmazlığına təminat verir. Əvvəllər 9 noyabr 1991-ci il “Mülkiyyət haqqında” qanunun 24-cü maddəsinə görə, cinayət nəticəsində vətəndaşa dəymiş ziyan ibtidai istintaq tərəfindən müəyyən olunurdusa və təqsirləndirilən şəxsin o ziyanı ödəmək imkanı olmurdusa, dövlət həmin ziyanı ödəyridi, sonra isə həmin ziyanı təqsirləndirilən şəxsdən tuturdu. Bu qanun sonradan qüvvədən düşdü. Bu prosedur qaydadan istifadə etməklə dövlət vətəndaşlara dəymiş ziyanı ödəyə bilər. Buna dövlətin maliyyə imkanları da yol verir. Ümumiyyətlə, qanunvericiliyin bütün imkanları var ki, zərərçəkənlərin hüquqları müdafiə olunsun, amma icra təminatı yoxdur. Vətəndaşların savadsızlılğından, insanların ehtiyacından istifadə edib onları aldadırlar. Əslində vətəndaşların həyətyanı torpaq sahəsinə olan ehtiyacının ödənməsi üçün qanun qəbul edilməlidir. Qanunun tətbiqində yaranan problemlər vətəndaşların hüquq və azadlıqlarının pozulmasına gətirib çıxarır” -

Oxumağa davam et
Reklam
Reklam

Gündəm