• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Azərbaycanlı rejissorun evinə basqın edildi: “Məni və ailəmi öldürməklə hədələdilər”

Azərbaycanlı rejissorun evinə basqın edildi: “Məni və ailəmi öldürməklə hədələdilər”

Bakı Ağır Cinayətlər Məhkəməsində klipmeker Nail Naiboğluya qarşı quldurluq etməkdə və ondan hədə- qorxu yolu ilə pul tələb etməkdə ittiham olunan Ümid Cəfərov, onun qardaşı Mirağa Cəfərov və Amid Qasımovun cinayət işi üzrə proses başlayıb.

İttihama görə, təqsirləndirilən şəxslər 4 sentyabr 2014-cü ildə Nail Naib oğlu Rzayevin yaşadığı Xətai rayonu Gəncə prospektində olan evinə basqın ediblər. Maskalı dəstə üzvləri klipmekerin əl-qolunu bağlayaraq ona silah çəkiblər.

Onlar silah qismində istifadə etdikləri əşya ilə klipmekerə hədə-qorxu gələrək pulları və qızılları tələb ediblər. Onu ailəsini məhv etməklə hədələyiblər və ondan 10 min manat pul tələb ediblər. Nail onlara 1000 manat verə biləcəyini deyib. Həmin gün Nail “Əhmədli” metrostansiyasının yaxınlığında dəstə üzvlərinə 1000 manat verib. Bundan sonra təqsirləndirilənlər Nail Naiboğludan yenə də pul tələb ediblər.

Dəstə üzvləri Nailin evində axtarış aparan zaman iki ədəd telefonunu, brilyant qaşlı qızıl üzüyünü götürüblər. Onlar klipmekerin başından vuraraq onu huşsuz vəziyyətə salıb, sonra evi tərk ediblər.

8 maddəli cinayət işi

Nail Nəbioğlu dəstə üzvləri ilə bağlı Xətai Rayon Polis İdarəsinin 35-ci polis bölməsinə şikayət edib. Şikayət əsasında polis əməliyyata başlayıb və həmin gün saat 16 radələrində Nail Naiboğlu dəstə üzvlərinə qalan pulu vermək istəyərkən onlar saxlanılıblar.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4, 181.2.5-ci (quldurluq), 182.2.1, 182.2.2, 182.2.3, 182.2.4-cü (hədə-qorxu yolu ilə tələb etmə) maddələri ilə ittiham ediliblər. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim İradə Həsənzadənin sədrlik etdiyi kollegiyada araşdırılır.

“Nail istənilən vaxt məşhur müğənniləri toylara çağıra biləcəyini dedi”

Cinayət işi üzrə ifadə verən Ümid Cəfərov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, iki il əvvəl 8-ci kilometrdə yerləşən parkda olarkən klipmeker Nail Naiboğlunu görüb. Onun sözlərinə görə, Nail Naiboğluya yaxınlaşaraq işbirliyi qurmağı təklif edib:

“Nailə dedim ki, məşhur müğənnilərlə əlaqə var, sənin vasitənlə həmin müğənniləri toylara aparaq. Nail problem olmadığını, istənilən vaxt məşhur müğənniləri toylara çağıra biləcəyini dedi. Həmin vaxt ona özümü “Emin” kimi təqdim etdim”.

“Klipmeker evdə olduğunu, görüşə bilməyəcəyini dedi”

Təqsirləndirilən şəxsin sözlərinə görə, bu tanışlıqdan sonra Nail Naiboğlunu bir neçə dəfə bulvarda, metroda görüb. O qeyd edib ki, görüş zamanı Naildən mobil nomrəsini alıb. Ümid Cəfərov Nailə iş qurmağı da təklif edib: “İş qurmaq üçün klipmekerdən pul istədim. O, mənimlə razılaşmadı. Bu səbəbdən Naili aldadaraq pulunu əlindən almaq niyyətinə düşdüm. Sentyabrın 4-də, gecə saat 01.00-da Naili Heydər Əliyev adına Parkın qarşısında gördüm. Həmin vaxt ona yaxınlaşaraq hal-əhvalını soruşdum. Bir az söhbət edəndən sonra sağollaşdıq. Qardaşım Mirağa və dostum Amid ilə birlikdə Naili güdməyə başladıq. İzləyərək onun evinə qədər gəldik. Naili evinə girənə qədər gözlədim. Bir qədər sonra ona zəng etdim, işim olduğunu, bu səbəbdən görüşmək lazım olduğunu dedim. Klipmeker evdə olduğunu, görüşə bilməyəcəyini dedi”.

“Arvad corablarını başımıza keçirdik və evə girdik”

Təqsirləndirilən şəxsin sözlərinə görə, bundan sonra Nail Naiboğlunun evinə basqın etməyi planlaşdırıblar. O qeyd edib ki, yaxınlıqda olan mağazadan arvad corabı alıblar və həmin corabları başlarına keçirərək Nail Naiboğlunun evinə daxil olublar. O, alışqan tapanca ilə Nail Naiboğlunu hədələdiklərini deyib:

“Qardaşım ilə birlikdə evi axtarmağa başladıq. Paltar dolabının içərisindən brilyant qaşlı kişi üzüyünü götürdük. Sonra Nailin mobil telefonlarını götürüb, səhərə kimi 10 min manat düzəltməsini tələb etdik. Onu pulları gətirmək üçün səhəri gün saat 16.00-da “Əhmədli” metrosunun yaxınlığında görüş təyin etdik. Pulu gətirməyəcəyi, polisə şikayət edəcəyi halda ailə üzvlərini öldürəcəyimizlə hədələdik və evi tərk etdik”.

“Klipmekerdən 1000 manat almaq istəyərkən həbs edildik”

Ümid Cəfərov bildirib ki, saat 16.00-da “Əhmədli” metrosunun yaxınlığına gediblər və orada Naillə görüşüblər: “Həmin vaxt klipmekerdən 1000 manat almaq istəyərkən polis əməkdaşları tərəfindən həbs edildik. Törətdiyim əməldən peşmanam”.

Digər təqsirləndirilən şəxslər Amid Qasımov və Mirağa Cəfərov da elan olunmuş ittiham üzrə özlərini təqsirli biliblər. Onlar törətdiyi əməldən peşman olduqlarını deyiblər.

“Əl və ayağımı skoçla bağladılar”

Zərərçəkmiş Nail Naiboğlu ifadəsində göstərib ki, özünü Emin kimi təqdim edən Ümid Cəfərovla parkda olarkən tanış olublar. Ümid Cəfərovla tanışlıq və sonrakı görüşlərindən danışan klipmeker dəstə üzvlərinin evinə basqın etməsini belə nağıl edib: “Dəstə üzvləri başlarına maska taxaraq evimə soxuldular və məni yumruqla vurdular. Daha sonra əl və ayağımı skoçla bağladılar. Silah qismində istifadə etdikləri əşyanı başıma dirədirlər və daha sonra pulların, qızlların yerini göstərməyimi tələb etdilər. Onlara pulum olmadığını dedim. Onlar evi axtarmağa başladılar”.

“Məni və ailə üzvlərimi öldürməklə hədələdi”

Nail Naiboğlunun sözlərinə görə, brilyantqaşlı üzüyünü və mobil telefonlarını götürəndən sonra Emin adlı şəxs 10 min manat pul düzəltməsini tələb etdi: “Mənə Emin adlı şəxs pulu “Əhmədli” metrosunun yaxınlığında götürəcəyini bildirdi. Emin adlı şəxs polisə xəbər verəcəyim zaman məni və ailə üzvlərimi öldürməklə hədələdi. Bu səbəbdən də onunla razılaşdım. Bundan sonra onlar evi tərk etdilər”.

Nail Naiboğlu ifadəsində quldurluq etdiyi şəxslərin əməlindən polisə xəbər verdiyini, dəstə üzvlərinə pul verərkən keçirilən əməliyyatdan danışıb. O, ümumilikdə 1169 manat ziyan çəkdiyini qeyd edib.

Proses dekabrın 1-də davam edəcək.

Hacı Zeynalov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR