• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Balaxanı zibillərinin ikinci baharı FOTOREPORTAJ

Balaxanı zibillərinin ikinci baharı FOTOREPORTAJ

Bir neçə il öncə paytaxt sakini ikinci əl velosiped almaq üçün işlənmiş avtomobil hissələri və köhnə velosipedlərin satışı ilə məşğul olan Balaxanı sakini Kərim ustanın evinə gəlir. Oğlu gələnləri qarşılayıb atasının bir neçə saat öncə "Dubay"a getdiyini və tezliklə qayıdacağını deyir. Gələnlər işin bu gün baş tutmayacağını düşünüb qayıtmaq istəyəndə oğlan onları geri qaytarır: “Gözləyin, atam bir saata qayıdacaq”. Alıcıların bu gün ustanı görməyə gümanları olmasa da, onları bir neçə saata "Dubay"a gedib-gəlməyin marağı üzür və gözləyirlər. Doğrudan da, bir saat keçməmiş Kərim usta bir araba avtomobil hissələrilə qayıdır. Məlum olur ki, onun getdiyi "Dubay" bizim tanıdığımız Dubay deyil, bura Balaxanı zibilliyinin yeni adıdır. İkinci əl avtomobil hissələrinin satışı ilə məşğul olanlar ora gedib eşələnərək nələrsə tapır, onu bərpa edərək alıcılara satırdılar. Buna görə də həmin zibillik el arasında Balaxanı “Dubay”ı adlanırdı. Amma bu gün həmin "Dubay" yoxdur. Yerində ikinci baharını yaşayan “Təmiz Şəhər” ASC-nin Balaxanı Sənaye Parkı yaradılır.

Əslində Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodundan reportaj hazırlamağı mənə tapşıranda bir az qanım qaralmışdı . Uzun yol, “Koroğlu” stansiyasında eşidəcəyimiz hərəsi birqəpiklik söyüşlər, hələ zavodda bizi hansı sürprizlərin gözlədiyini isə heç təsəvvür belə etmədən, hər şey gözümə durmuşdu... Mətbuatdan oxuduğum qəpiklərlə bağlı məsələ mənə az da olsa maraqlı bir şeyin olacağı təsəllisini verirdi. Söhbət bir qədər sonra danışacağım zavoda gətirilən tullantılar arasından tapılan 65 kiloqram qəpikdən gedir…

Fotoqrafla bizi metronun çıxışında zavoda gedən avtobus qarşıladı. Balaxanının kələ-kötür yollarını, palçıq gölməçələrini keçib zavoda çatdıq. Xüsusi mühafizə sistemi ilə təmin olunan zavoda quş quşluğu ilə uçub girə bilməzdi. Bəlkə də, üzünüzdə təbəssüm yarana bilər ki, məgər zibilləri oğurlayacaqlar? Əlbəttə, zibillər heç kimə lazım deyil. Lakin 2012-ci ildən istismara verilən zavodda zibillərin çeşidlənməsi üçün dəyəri 10 min manatlarla ölçülən texnologiyalardan istifadə olunur.

Bizi zavodla tanış edən “Təmiz Şəhər” ASC-nin mətbuat katibi Vüqar Baba oldu. Öyrəndik ki, zavodda iş 9:00-dan başlayır. Tullantılarla dolu maşın zavod ərazisinə daxil olarkən, birinci növbədə tərəziyə buraxılır. Tərəzidə çəkildikdən sonra zibillər qəbul məntəqəsinə boşaldılır. Tullantıların emalı prosesi Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda başlayır. Alman texnologiyalarının tətbiqi ilə fəaliyyət göstərən müəssisənin gücü il ərzində 200 min ton bərk məişət tullantılarının emal edilməsinə imkan verir, bu tullantılardan 40%-dən ikinci əl xammal: metal, şüşə, karton, plastik və digər materiallar əldə edilir.

İşçilər zibilləri əlləriylə çeşidləyirlər

Bərk məişət tullantılarının utilizasiyasi şöbəsinin müdir müavini Arif Kərimovun bildirdiyinə görə, maşın boşaldıldıqdan sonra tullantılar xüsusi yerdə yığılır, qreyferlərlə çeşidlənmə konveyerlərinə çatdırılır. Daxil olan tullantılar müxtəlif kateqoriyalar: kağız, metal, plastik və s. üzrə çeşidlənir. İri tullantılar xüsusi avadanlığın yardımı ilə çeşidlənir. Bir hissə isə ümumi metal kütləsinin içərisindən xüsusi maqnitlə çıxarılır.

A.Kərimovdan onu da öyrəndik ki, Avropada bu işlər avtomatlaşdırılsa da, bizdə yarımavtomat şəkildədir. Belə layihə sifariş etməkdə məqsəd isə əlavə işçi yerlərinin açılmasıdır. Bundan əlavə, əksər zibil torbaları bağlı olduğundan onları açmaq lazım gəlir, bu da əl əməyindən istifadəni zəruri edir.

130-a yaxın işçisi olan zavodda avtomatik işi təmin etmək üçün nəzarətçilər qoyulub. Birinci kabinədə çeşidləməyə yarasız mallar ayrılır. Ondan sonra məhsullar xüsusi ələyə daxil olur. Ələnmiş məhsullar isə aşağı tökülür. Tullantı çeşidlənməyə daxil olduqda burada iri qabaritli məhsullar çıxarılır.

Zavodda hər çeşidləyicinin öz funksiyası var. Bəziləri selofan torbaları ayırır, bir qismi kağız, karton, digər qismi şüşə məhsulları yığır. Yaxınlıqda qoyulan qablara isə daha keyfiyyətli məhsulları atırlar.

“Qeyri-adi tapıntılar içərisində minadan tutmuş diploma kimi hər şey var”

Çeşidləmə zavodunda 2012-ci ildən bəri silah-sursatdan tutumuş, qeyri-adi zinət əşyalarına qədər müxtəlif şeylər tapılıb. Vüqar Baba bizimlə söhbətində ən çox sürücülük vəsiqəsi, pasport, şəxsiyyət vəsiqəsi, maaş və kredit kartları, alış-veriş kartları, suvenirlərin tapıldığını dedi.

Hətta bunlarla bağlı zavodda xüsusi guşə də yaradılıb: “Bəzən zibillərin arasından zinət əşyaları, silah-sursat, diplom, hətta mina da tapılıb. Biz minanı zərəsizləşdirmək üçün ANAMA-ya müraciət etdik və onlar gəlib təhlükəsizlik qaydalarına əməl etməklə minanı zərərsizləşdirdilər. Əgər bu zibilləri əvvəlki qaydada yandırsaydılar bu çox təhlükəli ola bilərdi. Biz sənədlər tapıldıqda onları toplayıb Bakı şəhər BPİ-nin tapıntılar bölməsinə göndəririk. Silah və ya partlayıcı, avtomat varsa, aktlaşdırıb polis bölməsinə veririk”.

İndiyə qədər zavoddan 65 kq qəpik toplanıb. Bunları banka təhvil verməyi planlaşdıran ASC rəhbərliyi müqabilində həmin pulun çəkisi qədərində kağız pul almaq niyyətindədir. Alınan pul isə xeyriyyə məqsədləri üçün, yəni uşaq evlərinə kömək məqsədilə istifadə ediləcək.

Radiasiyalı maddələr də tapılır

Proses çərçivəsində bəzən təhlükəli maddələrə də rast gəlinir. Lakin A. Kərimov radiasiyalı maddələrin zibillikdə qalarsa, daha təhlükəli ola biləcəyini deyir. Həm də gələcəkdə tamamlanması nəzərdə tutulan Balaxanı Sənaye Parkında təkrar emalı mümkün olan tullantıların təkrar emalını təşkil etmək və bu istiqamətdə müxtəlif emal sahələri açmaq nəzərdə tutulub: “Bura işlənmiş təkərlərin təkrar emalı, işlənmiş akkumulyator və batereyaların təkrar emalı, elektron məhsulların təkrar emalı daxildir. Hal-hazırda tullantılar qarışıqdır. Xırda batereyaların elə bir təhlükəsi yoxdur. Onlar torpaqda qalsa və ya su hövzələrinə atılsa, daha təhlükəli ola bilər”.

Zavodda problemlərə gəlincə, əsas çətinlik zibillərin mənbələrdə çeşidlənməməsilə bağlıdır. Qabaqcıl ölkələrdə çeşidləmə zavodlarında rahatçılıq ondan ibarətdir ki, tullantılar mənbələrdə çeşidlənir. Məsələn, hansısa xarici ölkəyə gedəndə, elə hava limanında zibillərin toplanması üçün bir neçə qutu qoyulduğunu görə bilərik. Hesablamalara görə, orta hesabla hər Bakı sakini ildə 350 kq məişət tullantısı atır.

“Təmiz Binəqədi” layihəsi çərçivəsində bəzi ərazilərdə bu qutular qoyulsa da, qida qalıqları, batereyalar, şüşə məhsulları, hər şey bir yerə atılır. A. Kərimovun sözlərinə görə, əslində hər kəs özü bu işdə təşəbbüs göstərməlidir ki, zibillər mümkün qədər yerində çeşidlənsin:

“Ən azından qida qalıqlarını ayırmaq olar. Doğrudur, konteynerlər ayrılmayıbsa, vahid konteyner qoyulubsa, bunları ayırmağın da mənası yoxdur. Əslində bu proses paralel getməlidir. Tullantı kateqoriyalarına görə ayrıca konteyner olmalıdır. Kağız, karton ayrı, plasmas, şüşə ayrı, qidalar ayrı olur. Yayda meyvə tərəvəz, qarpız-yemiş sulu olduğuna görə, bu bir qədər işimizə çətinlik yaradır. Çeşidlənməyə gedən malların keyfiyyətini bir qədər öldürür. Biz həm də ona görə əziyyət çəkirik ki, əksər konteynerlərin ağzı açıq olduğundan, yağış yağanda tullantılar korlanır. Biz tullantıları axşamdan qəbul edirik, onlar bir neçə saat qalıb quruduqdan sonra emala göndərilir. Hədəfimiz tullantıları ən qabaqcıl standartlara uyğun çeşidləməkdir”.

Yandırılan zibillərin enerjisi ilə Sumqayıtı elektrik enerjisi ilə təmin etmək olar

Çeşidlənmədən sonra isə çeşidlənməyə yaramayan məhsullar Məişət Tullantılarının Yandırılıması Zavoduna göndərilir. Yandırılan zibillərdən elektrik enerjisi alınır. Alınan elektrik enerjisi ilə 100 000 nəfər əhalisi olan istənilən bir rayonu il ərzində elektriklə təmin etmək gücünə malikdir. Bu Sumqayıt, Quba, Xaçmaz, Lənkəran kimi bir rayon ola bilər. Həmin zavod fasiləsiz işləyir. İldə 500 000 ton tullantı yandırılsa, il ərzində 231,5 milyon kilovat saat elektrik enerjisi ayrılar. Bu həm də tullantının yüksək kalorisindən asılıdır. Sutka ərzində 670 min kilovat saat elektrik enerjisi ayrılır. Çeşidlənməyə və yandırılmaya yaramayan maddələr isə Balaxanı Poliqonunda yerə basdırılır.

Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodu Cənubi Qafqaz regionunda bu qəbildən olan yeganə zavoddur. MDB və Şərqi Avropa ölkələri içərisində ən müasir və ən böyük olan bu zavoddan Rusiyanın bir neçə şəhərində də tikilib. Bərk Məişət Tullantılarının Yandırılması zavodu isə Qafqazda ilk belə zavoddur. MDB-də isə ancaq Rusiyadadır.

Onu da öyrəndik ki, zavodda çalışanların əksəriyyəti əvvəllər həmin zibilliyə - yəni “Dubay”a gəlib-gedənlərdir. İndi işlə təmin olunan bu şəxslərə 300-350 manat məvacib verilir.

Doğrudur, zibil çeşidləmək o qədər yaxşı iş kimi görünməyə bilər. Amma bu insanlar halal çörək qazanırlar. Belə desək, çörəkləri zibillikdən çıxır.

Gülnar Əliyeva

FOTO: Elçin Murad

Xəbər lenti

DAHA ÇOX XƏBƏR