Küçədə qalan ailə yalnız Bakıda ev istəyir - İddia
Bizi izləyin

Qırmızı.az

Küçədə qalan ailə yalnız Bakıda ev istəyir - İddia

Bu ilin avqust ayından üç azyaşlı övladı və həyat yoldaşı ilə küçələrdə yaşayan Tanrıverdi Sayadov hələ də sığınacaq tapmayıb.

Həyat yoldaşı Leyla Sayadova mətbuata açıqlamasında bildirib ki, onların bir vaqon-evə ehtiyacları var, əlaqədar təşkilatlar bunu almağa kömək etsələr, özlərinə məxsus torpaq sahəsində yaşaya bilərlər.

Qeyd edək ki, ailə bir neçə ay əvvəl də mənzillə təmin olunmaları ilə bağlı müraciət etmişdi. T.Sayadovun qeydiyyatda olduğu Qobustan rayon İcra Hakimiyyətindən ailəyə müvəqqəti yaşamaq üçün yer təklif edilmiş, lakin onlar razı olmamışdı.

Növbəti dəfə İcra hakimiyyəti ilə əlaqə saxlayıb, ailəyə necə köməklik göstərə bilmələri ilə maraqlandıq.

Qobustan rayon İcra Hakimiyyəti başçının müavini, Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Məharət Əkbərov Publika.az-a açıqlamasında ailəyə yenidən kömək etməyə hazır olduqlarını dedi:

“Onlara rayon ərazisində boş evlərdən birinə yerləşmələri təklif edildi. Həm də ünvanlı sosial yardım almaları üçün köməklik göstərəcəyimizi dedik. Lakin ailə torpaq sahələrinin olduğunu və məhz həmin ərazidə onlara ev tikilməsini istədilər.

Bu gün də ailə icra hakimiyətinə gəlsə, yenə də onlara yardım edə bilərik. Ancaq ailə təklifimizdən imtina edir. Tanrıverdinin həyat yoldaşı rayonda yox, məhz Bakıda yaşamaq istədiyini deyib. Biz onları Bakıdan tapıb gətirmişdik, xəstəxanaya aparmışdıq”.

İcra hakimiyyəti rəsmisinin sözlərinə görə, T.Sayadovun həyat yoldaşı nədənsə, təklif olunan evdə qalmaqdansa, küçədə qalmağı üstün tutur. Onlar bu yolla özlərinə ev tikdirmək istəyirlər.

“Qadın uşaqlarını küçədə gəzdirməklə onlara qarşı cinayət edir. Uşaqlarından istifadə edərək ev tikdirmək istəyir. Evi də Qobustanda yox, Bakıda tikdirmək istəyir. T.Sayadov da yoldaşının sözündən çıxmır”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva Publika.az-a bildirdi ki, ailə ilə bağlı ilk dəfə məlumat yayılanda bu məsələ ilə maraqlanıblar. Sədr müavini deyir ki, ailənin yaşayış yeri ilə təmin olunması ilə bağlı dövlət qurumlarının təkliflərindən imtina etdiklərindən məlumatlıdırlar. Lakin ailənin sonrakı vəziyyətindən xəbərsizdirlər:

“Komitə əməkdaşları dəfələrlə ailə ilə danışmağa cəhd edib, lakin onları deyilən ünvanlarda tapa bilmədik. Əgər indi yenidən ailəni tapa bilsək, onlarla yenidən danışıqlar aparmağa çalışacağıq. Ailənin razılaşması üçün müəyyən variantlar təklif ediləcək. Onların qəsdən, nəsə əldə etmək üçün uşaqlardan istifadə etmələri təsdiqlənsə, o zaman uşaqların hüquqlarının qorunması məqsədilə övladlarının onlardan alınması barədə valideynlərə xəbərdarlıq ediləcək. Bu hal davam edərsə, uşaqlar valideynlərdən alına bilər. Uşağı valideyndən almaq psixoloji baxımdan ağır prosesdir. Buna tez qərar vermək olmaz. Ona görə də əvvəlcə danışıqlar aparmalıyıq”.

Qeyd edək ki, L.Sayadova mətbuata açıqlamasında Xocalı rayonundan olduğunu və faciə zamanı 1 il 7 ay əsir düşdüyünü deyib. O, gözdən əlil olduğunu, sağ gözü görmədiyini, başının da yarısının silikon olduğunu bildirib.

Gülxar

P.S. Dünən gün ərzində ailə ilə görüşmək istəsək də, Tanrıverdi Sayadov və həyat yoldaşı fərqli ünvanlar dediklərindən onlarla görüşmək cəhdlərimiz baş tutmadı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm