“Koroğlu” körpüsünün bağlanması çıxış yoludurmu?
Bizi izləyin

Qırmızı.az

“Koroğlu” körpüsünün bağlanması çıxış yoludurmu?

Dünən axşam saatlarında 45 yaşlı Nizami Musayev işdən çıxarıldığı üçün “Koroğlu” metrostansiyasının yaxınlığındakı körpüyə çıxıb intihar etmək istədiyini deyirdi.

Publika.az xəbər verir ki, FHN əməkdaşlarının danışıqları nəticəsinə Nizami Musayev fikrindən daşındı. Bu müddət ərzində hava limanı istiqamətində avtomobillərin hərəkətində sıxlıq yarandı.

Son vaxtlar dəfələrlə təkrarlanmış belə hallar bir daha onu göstərir ki, problemlərlə üzləşmiş bəzi insanlar intihara cəhd üçün məhz buranı ünvan seçirlər. Nəticədə isə nəqliyyatın sıx olduğu “Koroğlu” metrostansiyasının yaxınlığındakı ərazidə böyük tıxaclar yaranır. Milli Məclisin deputatı Etibar Hüseynov təkliflə çıxış edərək bildirib ki, gediş-gəlişin çox olduğu bu əraziyə giriş məhdudlaşdırılmalıdır. Onun sözlərinə görə, vəziyyətdən də çox sadə çıxış yolu var. Bu da körpünün hər iki tərəfdən tutacaqları təxminən 1 metr məsafədə tikanlı məftillərlə sarımaqdır.

Milli Məclisin digər deputatı Fazil Mustafanın fikrincə isə, “Koroğlu” metrostansiyasının yaxınlığındakı körpünün intihar etmək istəyən şəxslər üçün məhdudlaşdırılması, ərazinin onların üzünə bağlanması vəziyyətdən çıxış yolu deyil: “Məncə, bu məsələnin səbəblərinin aydınlaşdırılması üzərində çalışmaq lazımdır. “Koroğlu” körpüsünə girişin məhdudlaşdırılması çıxış yolu deyil. Çünki belə olduqda intihar etmək istəyən şəxslər öz məqsədlərini çoxmərtəbəli binaların damına çıxaraq reallaşdıracaqlar. Yəni, belə insanlar çıxış yolunu özlərinə qəsd etməkdə görürlər. Elə etmək lazımdır ki, insanlar müəyyən məsələlərdə ədalətin bərpa olunmasına inamlarını itirməsinlər. Başqa məsələlərdə də eyni qayda üzrə addımlar atılmalıdır. Bu, sosial problemdir. Onun həlli yollarını araşdırmaq lazımdır. Əks təqdirdə, iradəsi zəif, dini inancları yetərincə olmayan insanlar belə addımları atmaqda davam edəcəklər”.

Milli Məclisin deputatının sözlərinə görə, dini inancları zəif olan insanları belə yollarla öz niyyətlərindən daşındırmaq mümkün ola bilər: “Təəssüf ki, intihara meyilli insanlar var. Amma körpünü bağlamaqla problem həll etmək mümkün deyil. Sadəcə, “Koroğlu” metrostansiyasının yaxınlığındakı körpü hərəkətin sıx olduğu yerdir deyə intihar etmək istəyən bəziləri ora üz tutur. Həmin körpünü bağlasalar, onlar başqa ünvanlara üz tutacaqlar. Onda yeni binaların, yaşadıqları binaların eyvanlarından özlərini atmaq istəyən insanlar tapılacaq. Bu məsələni körpünü bağlamaqla çözmək olmaz”.

Psixoloq Dəyanət Rzayev də “Koroğlu” metrostansiyasının yaxınlığındakı körpünün qapanmasını vəziyyətdən çıxış yolu hesab etmir: “Nyu-Yorkda “Bruklin” körpüsü var. Hər gün ordan da bəzi insanlar özlərini atıb intihar edirlər. Bu, əslində hansısa problemin mövcudluğundan xəbər verir. Əslində isə, hər hansı cinayət baş verməzdən əvvəl onun qarşısını almaq, profilaktik tədbirlər görməklə məsələni həll etmək lazımdır. Profilaktika olmadığı təqdirdə, təbii ki, belə olmalıdır. Hesab edirəm ki, həmin insanları dinləyib onların problemləri ilə maraqlanmaq lazımdır. İntiharlar artmağa doğru gedir. Tutaq ki, “Koroğlu” metrostansiyasının yaxınlığındakı körpünü bu insanların üzünə bağladılar, bəs, ailələrin dağılması, insanların özlərinə qəsd etmələri, habelə digər problemli məsələləri kim həll edəcək? Problem niyə var? Səbəb nədir? Bunu aydınlaşdırmaq və önləyici tədbirləri həyata keçirmək lazımdır. İndi intihar etmək istəyən kişilər daha çoxdur. Əvvəlki dövrlə müqayisədə, təəssüf ki, uşaq intiharları da artıb”.

Onun sözlərinə görə, bu baxımdan “Koroğlu” metrostansiyasının yaxınlığındakı körpünü bağlamaq problemin həlli yolu deyil: “Nyu-Yorkdakı “Bruklin” körpüsündə bunun xüsusi xilasedicilər ayrılmışdı ki, insanlar özlərini aşağı atanda onları sudan çıxarıb həyatlarını xilas etsinlər. Başqa sözlə desəm, “Koroğlu” metrostansiyasının yanındakı körpünü bağlasaq, bəziləri gedib özlərini avtomobillərin altına atacaqlar”.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm