İnternat məktəbindən 3703 nəfər məzun olub
Bizi izləyin

Qırmızı.az

İnternat məktəbindən 3703 nəfər məzun olub

Təhsil Nazirliyinin təşəbbüsü ilə ictimaiyyət nümayəndələrinin, mədəniyyət xadimlərinin, qeyri-hökumət təşkilatları təmsilçilərinin və jurnalistlərin 8 nömrəli sanatoriya tipli, həmçinin 11 saylı inteqrasiya təlimli internat məktəblərinə səfəri təşkil olunub.

Publika.az-ın məlumatına görə, qonaqlar əvvəlcə Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir olunmuş 8 nömrəli sanatoriya tipli internatda şagirdlər üçün yaradılmış şəraitlə tanış olublar.

Sonra 11 saylı inteqrasiya təlimli internat məktəbdə yeni yaradılmış yaradıcılıq sinfinin açılışı olub. Açılışda bəstəkar Faiq Sücəddinov və müğənni İlqar Muradov da iştirak ediblər. Şagirdlərin hazırladıqları bədii proqrama tamaşa edən qonaqlar onların əl işlərindən ibarət sərgiyə də baxıblar. Şagirdlər dulusçuluq, təkalduz, xalçaçılıq, rəngkarlıq işlərindən ibarət əsərləri barədə məlumat veriblər.

Sonra qonaqlar tədris ocağının şagirdləri ilə birgə nahar ediblər.

Məlumat verilib ki, Təhsil Nazirliyinin tabeliyində olan internat məktəblərində ilk dəfə olaraq ötən tədris ilindən beynəlxalq və yerli standartların, sanitar-gigiyenik və sanitar-epidemioloji tələblərin yerinə yetirilməsi məqsədilə qidalanmanın vahid mərkəzdən idarə edilməsinə başlanılıb.

Qeyd edək ki, internat məktəblərin avadanlıq, geyim və digər resurslarla təchizatı tələbata uyğun olaraq tam yerinə yetirilir. Məktəblər üçün müasir avtobuslar alınıb. Həmin nəqliyyat vasitələri ilə şagirdlərin Bakı şəhərində, habelə bölgələrdə yerləşən tarixi abidə və muzeylərə, ekskursiyalara və əyləncə məkanlarına aparılması təşkil olunur.

Təlimin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə I-IV siniflər üzrə yeni tədris proqramları hazırlanıb, kiçik yaş qrupunda sağlamlıq imkanları məhdud olan uşaqlar üçün yeni dərslik və “Loqopedik albom” çap olunub, pedaqoji heyət üçün kurikulum təlimləri keçirilib.

Son beş ildə uşaq evləri və internat məktəblərindən 3703 nəfər məzun olub. Onlardan 214 nəfər ali təhsil, 152 nəfər orta təhsil, 482 nəfər ilk peşə- ixtisas təhsili müəssisələrinə qəbul olunub. Ali təhsil müəssisələrinə qəbul olan məzunlardan 2 nəfər 600-dən çox, 12 nəfər 500-600 arası və 18 nəfər isə 400-500 arası bal toplayıblar.

2012-2013-cü tədris ilində rəsm, inşa müsabiqəsində və müxtəlif idman yarışlarında internat məktəblərinin 53 şagirdi I, 32 şagirdi II və 46 şagirdi III yeri tutub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm